Özün dəyiş ki, dünya dəyişsin

 

Özün dəyiş ki, dünya dəyişsin

Səma Məmmədsalahova

 

Bəzən baxırsan, cəmiyyətə düşünürsən ki, cəmiyyəti kompüter və telefonları yenidən başlatdığımız kimi başlatmaq lazımdır. Ya da hər şeyi sil, mahnıda deyildiyi kimi “sil başdan...” Sonra papağı qoyub qabağına fikirləşirsən, sən də bu cəmiyyətin bir hissəsi deyilsənmi? Hə, indi yavaş-yavaş namütəhani düşüncələrin içərisində itib-batırsan.

Cəmiyyət nədir? Bizim vəzifəmiz nədir? Nəyi dəyişməliyik? Suallar çoxdur...

Başlayırsan, özün üçün xırda-xırda aydınlaşdırmağa. Hə, mənim başı dolu, cibi boş və ya başı boş, cibi dolu, ağlı olub düşünməyən və ya düşünüb bir yerə çıxa bilməyən yoldaşlarım, bir az qəliz məsələ oldu, deyəsən.

Cəmiyyətin nə olduğunu aydınlaşdırmaq üçün tez gugla yazıram ki, “cəmiyyət nədir?” Təbii ki, çıxan məqalədə yazılan tərifdən heç nə qanmıram, bir də oxuyana kimi “insanların birliyi”, yavaş-yavaş düşüncəmdə nəsə hasil olur. Yenə bu sözə baxmayan ağlıma gəlir ki, hansı insanların birliyi? Fikirləşirəm ki, ətrafımdakılar insandır, mən də insanam. Aaa, deməli, elə cəmiyyət özümüzük. Deməli, cəmiyyət mənəm, sənsən, odur, yəni bizik. Bəs bu şikayət, giley kimdəndir? Yeni bir sual da sual boxçama daxil olur. Anlayıram ki, elə özümüz özümüzdən şikayət edirik. Güzgüyə baxmağa utandığımızdan yanımızdakılara baxırmışıq. Onları günahlandırırmışıq... Nə yazıq...

Bəs bizim vəzifəmiz nədir? Necə olur ki,  çoxumuz şikayətçiyik, çoxumuz narazıyıq. Başa düşürəm ki, səhv istiqamətdəyəm, məsələyə tam yanaşa bilmirəm. Axı bir insan sadəcə öz davranışları üçün məsuliyyət daşıyır. Uzağı lap yaxınları üçün. Deməli, bizim ilkin vəzifəmiz problemi düşünmək, sonra isə həll yolunu fikirləşməkdir. Nə qədər fikirləşək? Fikirləşməkdən, problemləri düşünməkdən yorulmuşuq. Deməli, artıq həll yolunu fikirləşməliyik. Bəs həll yolu nədir? Eee, bu da ayrı bir mövzu. Heç olmasa, nəyi dəyişməli olduğumuzu bilsəydik...

Yenə düşüncələrin içərisində qovruluram. Nəyi dəyişməliyik? Nəyi? Bəlkə, kimi? Bir anda cavab beynimdə zahir olur. Özümüzü...

Bu qədər bəsitdirmi? Xeyr, kim dedi ki, bəsitdir? Belə asan olsa, elə bunu edərdik, ətrafı, insanları dəyişməkdən çox özümüzü dəyişərdik. Nə çoxdur, dildə söz deyib, amma əməli ilə bunun üçün çalışmayanlar. Amma bir yol tapmışıq, deyəsən. İşıq gələn yöndəyik. Sadəcə qorxuruq div bizi yeyə... Amma cırtdan həmişə divdən ağıllı olub... Ona görə özümüzü dəyişməyə davam. Özünü dəyiş ki, dünyan dəyişsin, sonra isə dünya dəyişsin...

 

 

Ardı var...

  

Comments

Popular posts from this blog

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?