8. BİRGƏ RAZILAŞMA və FEMİNİZM (QADIN HÜQUQ VƏ AZADLIQLARI)

8. BİRGƏ RAZILAŞMA və FEMİNİZM (QADIN HÜQUQ VƏ AZADLIQLARI)


Əvvəlcə, FEMİNİZM haqqında qısa məlumat verim. FEMİNİZM qadınların hüquq və azadlıqları uğrunda aparılan hərəkatın əsasında dayanan cinslərin bərabərliyi nəzəriyyəsi kimi başa düşülür. Cinslərin hüquq bərabərliyini simvolizə edən FEMİNİZM tarixi şərait baxımından patriarxal cəmiyyətdə qadınların ictimai dəyərləndirilməsi zamanı ədalətsiz yanaşmanın olmasından meydana çıxmışdır. Əsas məqsədi cinslərin hüquq bərabərliyinə nail olmaqdır.
Cəmiyyətimizdə (o cümlədən də Şərqdə) qadına olan münasibət kontekstində QADIN hüquq və azadlıqlarını bizim BİRGƏ RAZILAŞMAnın ümdə tezisləri müstəvisində təhlil etməyə çalışaq.
Qeyd etməliyəm ki, QADIN hüquq və azadlıqlarına yanaşmada 3 fərqli baxışı ayırd edə bilirirk.
1. KİŞİLƏRin QADINLARdan üstünlüyünü iddia edən ənənəvi baxış;
2. QADINLARın  üstünlüyünü iddia edən bir qisim ifrat feministlərin baxışı;
3. KİŞİ və QADINLARın bərabər hüquq və azadlıqlarına əsaslanan baxış.
1. KİŞİlərin QADINLARdan üstünlüyünü nəzərdə tutan daşlaşmış ənənəvi baxışlar bu günün özündə çox güclüdür, möhkəmdir. Təəssüflər olsun ki, bu tipli yanaşmalar hal-hazırda bizim patriarxal cəmiyyətimizdə hakimdir. QADINa münasibətdə gündəlik yaşam tərzini müşahidə etsək, o cümlədən, bəzi deyimlərimiz və atalar sözlərimiz üzərində təhlillər aparsaq bunu əyani şəkildə görə bilərik.
Leksikonumuzda (danışığımızda) istifadə edilən deyimlərdə insanla bağlı mənfi, neqativ keyfiyyətlərin əksər hissəsi QADINLARla  (qadınlıqla) bu və ya digər şəkildə əlaqələndilirilir, əksinə KİŞİLƏR isə müsbət cizgilərlə xarakterizə olunur. Bəzi deyimlərə diqqət yetirək: Məs.: “Arvad kimi qışqırmaq”, “Arvad (qız) kimi ağlamaq”, “Arvad kimi qorxaq olmaq”, “Arvad kimi gülmək”, “Arvad kimi adamı satmaq”, “Arvad kimi qeybət etmək”, “Arvad kimi arxadan vurmaq” və s.
Göründüyü kimi, bu deyimlərdə neqativ məzmunlu ifadələr qadınlarla bağlanılır. Guya ki, adam KİŞİ olanda qorxaq olmayır, satqınlıq etməyir, səsini başına atıb qışqırmayır, qeybət etməyir və s. Halbuki, bu cür neqativ, mənfi keyfiyyətlərin insanın cinsiyyəti ilə heç bir əlaqəsi yoxdur. Elmi-praktik araşdırmalar göstəriri ki, mənfi xarakteristikanı insanın cinsiyyətilə bağlamaq əsassızdır. Məsələn, son zamanlar kişi, yoxsa qadınların daha çox qeybət etmələrini müəyən etmək üçün aparılan belə araşdırmalardan birinin nəticəsi təqiqatçıları təəcübləndirmiş, məlum olmuşdur ki, əksər kişilər qadınlardan daha çox qeybətə meyillidir və qeybətlə məşğul olurlar.
Bir sıra atalar sözlərimiz (deyimlərimiz) isə cəmiyyətimizdə QADIN hüquq və azadlıqlarının pozulduğunu nəzəri, eyni zamanda praktik olaraq təsbitləyir və çox zaman kişilərin dilində şüar kimi səsləndirilir. Bu da həmin atalar sözlərinin patriarxal, yəni kişilərin hegomonluq etdiyi bir cəmiyyətin QADINa münasibətdə ifadə tərzinin göstəricisidir.
Bəzilərinə nəzər salaq: “Qız nədir, oxumaq nədir” deyimi QADINın (Qızın) təhsil hüququnu pozur. Əvvəlki dönəmlərdə vəziyyət daha dözülməz idi. Çünki cəmiyyət oğlan uşaqlarının belə təhsil almalarına ciddi maneəçilik yaradırdı. Yaxın keçmişimizdə M.Ə. Sabirin dövründə ümumiyyətlə, müsəlmanlar üçün oxumaq problem idi. Öz doğma valdeynləri uşaqlarının təhsil almasına imkan vermirdilər. Sabirin məşhur “Oxutmuram əl çəkin” satirasını xatırlayaq. Sonralar artıq oğlanların oxmasına razı olan və döyməyi əla tərbiyə üsulu kimi görən (“Qızını döyməyən dizini döyər”) cəmiyyət indi də qızın oxumasını istəməyir. Sonra da iddia edir ki, “Qız ağlı, qaz ağlı”dır. Eyni zamanda QADININ fikirləri, düşüncələri nəzərə alınmır (“Arvadın dediyini eşit, tərsinə elə”).
Cinsi ayrı-seçkiliyin başqa bir təzahürü də QADINA qarşı eyni hörmət və ehtiramın göstərilməməsi ilə bağlıdır (“Arvad nədir, urvat nədir”, “Qız acı, oğul baş tacı”). QADINın bəzən əşya kimi dəyərləndirilirməsi (“Gəlin evin süpürgəsidir”) ilə yanaşı, hətta şəxsiyyətinin aşağılanmasının, təhqir olunmasının ifadəsini də təəssüf ki, görürük (“Arvad tükdür qopar at təzəsi bitəcək”).
Həmçinin, QADINın güvəniləsi bir şəxsiyyət olmaması da qabardılır (“Arvaddan arxa olmaz”, “Arvadın arxası yerdə olar”, “İşin düşdü arvada, ölən gününü sal yada”, “Arvad tutan yolun axırı yoxuşa qalxar” və s.).
QADINın şəxsi həyatına ciddi müdaxilə isə lap acınacaqlıdır. “Qızı kimə ərə versən udarsan” zehniyətinin daşıyıcısı olan valideyn həddi-buluğa çatmayan övladına təhsli vermək əvəzinə onu erkən nikaha (13-16 yaşlarda) təhrik edir. Çox vaxt öz gələcək həyat yoldaşını belə seçmək hüququndan məhrum olan QADINI “Qızı özbaşına qoysan ya halvaçıya, ya da zurnaçıya gedər” düşüncəsində olan cəmiyyət sevmədiyi birinə ər xatirinə ərə verib sonra da “Qadının ər evindən ancaq meyidi çıxar” (təəssüflər ki, hərfi mənada meyidi də çıxır) hökmünü çıxarır. Beləliklə də, QADINın  (insanın) faktiki olaraq, şəxsi həyatı əlindən alınır.
Ailə-məişət mühitində QADIN-KİŞİ bərabərsizliyini aydın şəkildə görə bilirik:
-      Ev yığışdırmaq;
-      Paltar yumaq, ütüləmək;
-      Xörək hazırlamaq;
-      Paltar tikmək və s. kimi məşğuliyyətlərin arvad işləri kimi qruplaşdırılması buna bariz nümunədir.
Bilməliyik ki, bu işləri görmək heç də QADINın alnına yazılmayıb və cinsindən asılı olmayaraq hər kəs bunu edə bilər. QADINın KİŞİdən icazə almadan, müstəqil şəkildə hansısa bir işi görməsi belə özbaşınalıq kimi mənalandırılırsa, hansı hüquq bərabərliyindən danışa bilərik. Bu barədə daha əhatəli yazmaq olar, lakin qeyd etdiklərimi problemə diqqəti yönəltmək nöteyi-nəzərindən yetərli sayıram (oxucu mövzunu davam etdirə bilər).
2. QADINLARın  üstünlüyünü iddia edən bir qisim ifrat feministlərin baxışlarına gəlincə vurğulamalıyıq ki, bu istiqamət cəmiyyətimiz üçün o qədər də xarakterik deyil. Lakin bir sıra hallarda qadınların üstünlüyünü qabartmağa yönəlik çağırışar da olur. Bəzən FEMİNİZMin qadınların üstünlüyü kimi mənalandırılması da məhz bununla bağlıdır.
Bir sıra hallarda atalar sözləri və deyimlərimizdə də əksini tapan belə yanaşma (“Qadın bənnadır, kişi fəhlə”, “Qız naz edər”, “Qız evi, naz evi” və s.) sırf QADIN-KİŞİ münasibətləri müstəvisində izlənilir, özünü göstərir.
Məsələn, Qız evi niyə naz evi olmalıdır? Bu məsələnin üstündən özünü feminist sayan QADINLAR  belə onların mənafeyinə uyğun gəldiyinə görə sükutla keçirlər. Halbuki, “Qız evi, naz evi” olanda qadınlar özlərini üstün mövqedə apararaq, öz istədiklərini qarşı tərəfə - kişilərə onların hüquqlarının pozulması bahasına olsa belə etdirirlər. Buna görə də, sonradan “oğlan evi alanacan, qız evi ölənəcən yalvarar” prinsipilə həyat davam edir.  
3. KİŞİ və QADINLARın bərabər hüquq və azadlıqlarına əsaslanan baxışlar da sevindirici haldır ki, bir sıra atalar sözləri və deyimlərimizdə əksini tapır (“Qız da oğlan da övladıdır, hər ikisi bir-birindən şirin”). Əslində QADIN-KİŞİ bərabərliyini biz əcdadlarımızın, qədim türklərin yaşam tərzini tədqiq edərəkən aydın şəkildə izləyə bilirk. Xatunun (QADINın) əri (KİŞİ) ilə bərabər statusunu tarixi araşdırmalar sübut etməkdədir.  
Bu məsələ folklorumuzda, yazılı və şifahi ədəbiyyatımızda, mədəniyyətimizdə də geniş şəkildə əksini tapır. “Kitabi-Dədəd Qorqud”da kişinin qadına və onun hüquq və azadlıqlarına ehtiramını (“Bərü gəlgil, başım baxtı evim taxtı!” və s.), həmçinin xanımın fikirlərinə hörmət edib onunla hesablaşmasını (“Dirsə xan dişi əhlinin (yəni qadının – R.A.) sözüylə ulu toy eylədi, hacət dilədi”), eləcə də QADINın azad şəkildə öz taleyinin sahibi olması və sərbəst şəkildə öz sevdiyi ilə ailə həyatı qura bilməsini (“Könül verib sevdigim”) aydın şəkildə görə bilirik.
Dinin tüğyan etdiyi orta əsrlərdə “Aslanın erkəyi, dişisi olmaz!” söyləyən və möhtəşəm qadın obrazları yaradan dahi Nizami Gəncəvi QADIN-KİŞİ bərabərliyini açıq şəkildə bəyan edir. Nəsimi isə qadını (insanı) hətta Tanrı zirvəsinə qaldırır (“Həqq-talə adəm oğlu özüdür”).
Lakin təəsüflər olsun ki, sonralar müxtəlif tarixi səbəblərdən, şəraitlərdən asılı olaraq QADINın mövqeyi artıq arxa plana keçməyə başlayır, hətta əsas hüquq və azadlıqlarından məhrum olur (“Danabaş kəndinin əhvalatları” və s. əsərlərdə bunun bədii təzahürünü görürük).
Bəs indi görək, Mən, Sən və Onun tərəfindən qəbul edilən BİRGƏ RAZILAŞMANIN tezisləri müstəvisində QADINa münasibət necə olmalıdır.
BİRGƏ RAZILAŞMANI qəbul edən insanlar (fərdlər), vətəndaşlar birmənalı şəkildə cinsi ayrı-seçkiliyin istənilən formasını rədd edirlər. Bütün insanların anadan olduğu andan etibarən bərabər hüquqlu və azad doğulması tezisi  hamıya istisnasız olaraq şamil olunur (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html).
Həmin prinsipə görə (ailədə, cəmiyyətdə, bir sözlə hər yerdə) KİŞİ və QADINın eyni, bərabər hüquq və azadlıqları var. “Mən kişiyəm mənə olar, sən arvadsan sənə olmaz” ritorikası qəbuledilməzdir.  Mən, Sən, O, KİŞİdirsə olar, amma QADINa olmaz ritorikası BİRGƏ RAZILAŞMANI qəbul edən kəslərin leksikonuna yaddır. Sadə bir prinsip var: “Özünə rəva görmədiyini, başqasına da rəva bilmə”.
Fikirlərimizi bir qədər də sadələşdirərək ifadə etməyə çalışaq. Yəni özünün hüquq və azadlıqlarının tapdalanmasını istəməyən KİŞİ özü ilk növbədə ailəsində olan fərdlərin, xüsusilə də QADINLARın (anasının, bacısın, xanımının, qızının və s.) hüquq və azadlıqlarını tanımalı və onları nəinki pozmamalı, həm də hər yerdə müdafiə etməlidir. Məsələn:
1. Evli kişi “mən kişiyəm, mənə olar” - deyib, ailəsinə (qadınına) xəyanət etməməlidir. Bu, QADINın hüququnu kobud şəkildə tapdalamaq deməkdir. Həmin kişi anlamalıdır ki, əgər xanımı ona xəyanət edəndə özünü necə alçalmış hiss edərsə, qadın da ona xəyanət ediləndə o cür özünü hiss edər.
2. Özünün gecə evə saat 1-də gəlməyinə normal baxan kişi qadının da həmin vaxtı evə gəlməsini anlayışla qarşılamalıdır.
3. Kişi ailəsindəki qadınların (ana, bacı, xanımı, qızı) sərbəst və müstəqil şəkildə verdiyi qərarlara müdaxilə etməməli, boğmamalıdır.
4. Kişinin maşın sürmək haqqı olduğu kimi, qadının da belə bir haqqı var.
5. Dostları ilə görüşüb kef edən kişi qadının da rəfiqələri ilə birlikdə yığışıb əylənmək hüququnu qəbul etməyə borcludur və s.
Bir sözlə, BİRGƏ RAZILAŞMAnın tələbinə görə KİŞİyə aid bütün HÜQUQ VƏ AZADLIQLAR QADINLARA da istisnasız olaraq şamil olunur.



Ramin Allahverdi

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU