DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

 

Ramin Allahverdi  

Filologiya üzrə fəlsəfə doktoru

 

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

 

Məlumdur ki, istənilən xalqın, millətin milli kimliyini təmsil edən əsas amillərdən biri və bəlkə də, birincisi onun dilinin olmasıdır. Belə ki, vahid dil ümumi birləşdirici cəhət kimi müstəsna əhəmiyyət daşımaqdadır.

Bildiyimiz kimi, Azərbaycan dili türk dilləri ailəsinə mənsub olub, onun Oğuz yarımqrupuna daxildir. Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından M.Ə.Rəsulzadə dilimizlə bağlı o dövrdə yazırdı: ““Kəndi ləhceyi-məxsüsəsilə Anadolu türkcəsinə yaxın bir şivə ilə qonuşan Azərbaycan türkü müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan böyük türk ağacının bir dalıdır.

Azəri türklərinin hal-hazırda oturduqları yerlər min ilə qədim türk xəlqi ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil və sairə kibi vilayətlər və gərək Muğan, Arran, Qarabağ və Qaradağ kibi məmləkətlər daima türk elinin oturağı və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər kəndilərində bir çox türk sülalərinin irili-ufaqlı hökumətlər qurduqlarını və yillərlə səltənət sürdüklərini görmüşlərdir” (4. s.11).

Kifayət qədər geniş bir arealı əhatə edən ümumtürk dili tarixi-xronoloji müstəvidə bir çox amillərin, xüsusilə, coğrafi-ərazi faktorunun təsiri ilə ayrı-ayrılıqda milliləşmə prosesi keçərək çeşidli qollara ayrılmaqla hazırkı müstəqil formalara (türkmən, qaqauz, özbək, çuvaş və s.) sahiblənmiş vəziyyətlərinə gəlib çıxmışlar. Ümumtürk (yaxud, sadəcə türk) dilinin məhz belə milliləşməsi nəticəsində özünəməxsus şəkildə təkmilləşən ana dilimiz hal-hazırda, rəsmi olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili kimi dövlət dili statusunda təsbit olunmuşdur (3). Qeyd edək ki,  anayasadan əvvəlki qəbul edilmiş 22 dekabr 1992-ci il tarixli “Dövlət dili” haqqında qanunun birinci maddəsində türk dili kimi təsdiq edilmişdi (2).

Bütövlükdə ikinci dəfə müstəqillik qazanıldıqdan sonra dövlət dilinin, yəni Azərbaycan dilinin işlədilməsi, inkişaf etdirilməsi, qorunması ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdur. Lakin bütün bunlar yalnız kağız üzərində qaldığından qətiyyən dilin lazımi səviyyədə işlədilməsini, inkişafını və onun mühafizəsini təmin etmək iqtidarında olmamışdır. Əslində səbəb çox sadədir, məmləkətdə ümumilikdə qanunun aliliyi təmin edilmədiyindən dövlət dili ilə bağlı qanunvericilik aktları da faktiki olaraq işlək ola bilmir. Problemin sistem səviyyəsində olduğunu anlamaq üçün bir qədər kompleks formada təhlillər aparmağımız kifayət edər.

Əvvəla, bilirik ki, dil cəmiyyətdə ictimai hadisə kimi meydana çıxdığından, ictimai funksiya daşıdığından və insanlar, yəni cəmiyyət üzvləri arasında ünsiyyət vasitəsi olduğundan toplumun yaşam tərzi, fəaliyyəti birbaşa, yaxud, dolayı yollarla dilin işlədilməsinə, inkişafına təsir göstərmiş olur. Deməli, dilin təbii təkamülü toplumun hərtərəfli (intellektual, maddi, mədəni və s.) inkişaf dinamikası ilə şərtləndiyindən, diqqəti məhz ayrı-ayrı fərdlərin (mən, sən, o) cəmindən yaranan cəmiyyətə və onun idarəolunmasına yönəltməliyik. Tədqiqatlar göstərir ki, ən sağlam cəmiyyətlər fərdin, insanın azadlığı üzərində qurulan toplumlardır. Belə ki, cəmiyyətdə fərdin azadlığını əsas götürməklə onun hərtərəfli inkişafını təmin etmək tamamilə mümkündür. Şübhəsiz ki, bu zaman həm də başlıca ictimai ünsiyyət funksiyasına malik dildən istifadə imkanları genişlənir və onun inkişafı toplumdakı digər istiqamətlər kimi təbii şəkildə daha da genişlənir.  

Təəssüflər olsun ki, bugün fərdin azadlığı məfhumu çox halda avtoritar idarəetməli toplumlarda diktatorların (avtoritarların) məqsədli gözdənsalma təbliğatı nəticəsində aydın şəkildə anlaşılmır. Diktatorların insan azadlığına nifrət etmələrinin başlıca səbəbi budur ki, fərdin azadlığı onların hegomonluqlarının (hakimiyyətlərinin) sonunu gətirir.   Buna görə də, belə cəmiyyətlərdə hər vəchlə ümumiyyətlə azadlıq anlayışı gözdən salınmağa çalışılır. Halbuki, fərdin azadlığı onu xoşbəxt edə biləcək ən birinci dəyərdir. Əgər fərd xoşbəxt olarsa, cəmiyyət məhz azad və xoşbəxt fərdlərdən ibarət toplumu formalaşdırmış olur ki, bu da xoşbəxt cəmiyyət deməkdir. Bu mənada, xalqın milli kimliyini təcəssüm etdirən dil məsələsi fərdin (milləti formalaşdıran şəxslərin) azadlığı ilə sıx şəkildə bağlıdır. Belə ki, azad fərd, azad düşüncəyə malik şəxs deməkdir. Azad düşüncəyə malik olan fərd isə çəkinmədən öz fikirlərini sərbəst şəkildə ifadə edə bilir ki, bu da fikir, ideya rəngarəngliyi yaratmaqla monoton təffəkür tərzini darmadağın edir. Monoton düşüncə tərzi, heç şübhəsiz, həm də dilin bəlli bir çərçivəyə salınmış qatından,  dar leksik bazasından, üslubundan istifadə etməyə məruz qoyur . Beləliklə, əhatəli istifadə edilmə imkanlarından məhrum edildiyindən, dilin geniş müstəvidə işlədilməsinə və inkişafına ciddi əngəllər yaranmış olur (bu barədə bir qədər sonra ətraflı yazacağıq). Yaradıcı fərdlər sərbəst seçim imkanlarını – azadlıqlarını itirdiklərindən alternativ, fərqli ideyalarını cəmiyyətə təqdim edə bilmirlər. Bu da öz növbəsində həmin ideyaların (fikirlərin) maddi qabığı olan dilin imkanlarının daralmasına və inkişafdan geri qalmasına gətirib çıxarır. 

Konkret olaraq, hazırkı dönəmdə Azərbaycanda dövlət dilini sıxışdıran məqamları müəyyənləşdirməyə çalışsaq maneələri asanlıqla ümumiləşdirərək aşağıdakı şəkildə  ayırd edə bilirik:

 1. Başlıca maneələrdən biri azad mətbuatın yoxluğu, bütün aparıcı KİV-lərin hökumətin (hakimiyyətin) inhisarında olmasıdır. Məlum olduğu kimi, “Azad mətbuatın mustəqil fəaliyyətinin əsas prinsipi tamamilə sərbəst ifadə, söz azadlığının təmin olunmasıdır” (1. s. 55). Cəmiyyətdə başqalarının hüquq və azadlıqlarını təhdid edən fikirlər istisna olmaqla, digər hər cür tənqidi mülahizələrin, alternativ ideyaların və s. sərbəst formada ifadə olunması həyati dərəcədə vacibdir. Belə olduqda cəmiyyət intelektual baxımdan inkişaf etdiyindən, paralel olaraq bilikləri ifadə edən dil də inkişaf edir.

Toplumun hərtərfli irəli getməsi üçünAzad mətbuat vətəndaşlar arasında çevik komunikasiyanı təmin etməli, istənilən şəxs üçün əlyetən olmalıdır” (1. s. 55-56). Çünki məhz azad mətbuat vasitəsilə cəmiyyət üzvləri, fərdlər dövləti idarə edən hökumətin, hakimiyyətin fəaliyyətinə nəzarət etməyi təmin edə bilirlər. Mövcud durumda isə hökumətin monopoliyasında olan KİV-lər yalnız onlara icazə verilmiş çərçivədə olan bəlli mövzuları gündəmə çıxarırlar. Beləliklə də, yeknəsəng mövzular mütəmadi olaraq təkrarlanır, saqqız kimi çeynənilir ki, bu da təbiidir ki, dilin nəhəng imkanlarından bəhrələnməyi əngəlləyir, əvəzində isə publikaya bəlli meyarlarla çərçivələnmiş, süniləşmiş dil leksikonu (elementlərindən istifadə) təqdim olunur.   Beləcə, dilin işlədilmə imkanları məhdudlaşdırılmış vəziyyətə düşür və inkişafına süni şəkildə maneələr yaradılır. Bugün hökumətin inhisarında olan TV-lərdə  (KİV-lərdə) qulaqları mazol edən “ulu öndər”, “ümummilli lider”, “dahi rəhbər”, “uzaqğörən siyasəti nəticəsində”, “layiqli davamçı” və s. tipli ifadələr həmin çərçivəli dil leksikonunu təşkil edən taftaloji dil elementlərinə çevrilmişdir.

Həmçinin, inhisarlarında olan TV-lərdə özünü ölkənin elitası hesab edənlərin mavi ekranlardan  “dilini qarnına sox”, “iti qovan kimi qovaram” kimi küçə leksikonu ilə edilən çıxışları dövlət dilinin istər-istəməz məişət səviyyəsinə düşürülməsinin acınacaqlı göstəricisidir.

2. Plüralizmin və yaradıcılıq azadlığının yoxluğu, hökumətin (hakimiyyətin) azad yaradıcılığa kobud müdaxiləsi,  məddahlığın dövlət səviyyəsində dəstəklənməsi və s. dövlət dilini bərbad hala salan (sıxışdıran) digər maneələrdəndir. Bu proses zorakı təzyiq üsullarından və ya yumşaq gücdən (dolayı təsir mexanizmlərindən) istifadə edildikdə baş verir.  Zorakı üsullara açıq-aşkar şəkildə yaradıcı şəxslərin təhdid edilməsi, zor tətbiqi və s. aiddir ki, bu yollarla tənqidi mövzuların işıqlandırılmasının qarşısını almaq məqsədi güdülür. Hökumətin müxtəlif dolayı vasitələrlə, məsələn, yaradıcı insanları dövlət büdcəsindən maliyələşdirməklə, aşağı maaş verməklə, bir sözlə, maddi baxımdan   asılı vəziyyətə salmaqla reallaşır. “Xalq yazıçısı”, “xalq şairi”, “xalq artisti”, “əməkdar elm xadimi”, “əməkdar incəsənət xadimi” və s. lazımsız titullarla təltif etmə, siyasi rəhbərlərin daha yaxşı mədhiyyəçilərini ev və digər maddi hədiyyələrlə mükafatlandırmaq məhz buna hesablanmış yumşaq təzyiq mexanizmlərdir. Nəticədə, həmin asılı vəziyyətə salınmış yaradıcı şəxslər öz yaradıcılıqlarında ancaq bəlli, “icazəli” mövzularda əsərlər yaza bilirlər, əks təqdirdə, onları ən yaxşı halda maddi məhrumiyyətlər gözləyir. Yalnız icazəli mövzuları qələmə almaq isə, şübhəsiz ki, dilin leksik, üslubu və s. geniş imkanlarından çərçivələnmiş səviyyədə istifadə olunmasına gətirib çıxarır. 

 Eləcə də, azad, sağlam rəqabətli bazar mühitinin olmaması, yaradıcı fərdlərin istedad və bacarıqlarını korşaldır, gərəksiz tullantıya çevirir, onların qeyri-maddi fəaliyyətləri, bilikləri əmtəəyə çevrilib azad bazara çıxa bilmir.  

Bugün ABŞ-ın yazarlarının, elm adamlarının, Hollivud ulduzlarının “xalq yazıçısı”, “əməkdar elm xadimi”, “xalq artsiti”, “əməkdar incəsənət xadimi” kimi geydirmə titulları yoxdur. Amma azad rəqabət mühiti onları ən nüfuzlu, bacarıqlı, həm də milyonçu məşhurlara çevirib. Onlar nəinki dövlətdən dilənçi payı (ev, titiul, təqaüd və s) dilənirlər, əksinə, özləri başqalarına evlər hədiyyə edir, xeyriyyə tədbirləri təşkil edir, ianələr verirlər və s.

3. Müvafiq institutosianal mərkəzlərin (tədqiqat müəsisələrinin)  lazımi səviyyədə olmaması, yaxud da görüntü yaratmaq məqsədi ilə fəaliyyət göstərməsi, peşəkar mütəxəssis qıtlığı, yerli profesional kadrların xaricə axını və s. də dilimizin inkişafını əngəlləyən maneələrdəndir. Mövcud dil araşdırma institutlarında, tədqiqat mərkəzlərində həlledici vəzifələr avtoritar siyasi rəhbərə məddahlıq edən məmur “tədqiqatçılar”, “alimlər” tərəfindən zəbt olunduğuna görə,  sözügedən müəssisələr dilin müxtəlif problemlərinin tədqiq edilməsi üçün deyil, həmin “mütəxəssislərin” maraqlarına uyğun işləyir və dolayısı ilə də siyasi sitemin mənafeyinə xidmət göstərmiş olur.

Digər bir zərərli təhlükə əcnəbi dillərin meydan sulaması ilə əlaqəlidir. Xüsusilə, milli dövlətçiliyimizə tarix boyu təhdid olmuş siyasi xəttə xidmət edən rusdilli məktəblərin dövlət hesabına maliyələşdirliməklə genişləndirilməsi ana dilimizin intişarına vurulan ciddi zərbədir.  

Üstəlik, ələl-xüsus da, Azərbaycan dilində səlis danışa bilməyən rusdilli şəxslərin iribuynuzlu məmur statusuna qaldırılması hökumətin dövlət səviyyəsində dövlət dilinə olan biganə, saymazyana münasibətinin aşkarca təzahürüdür.

Bəs Azərbaycanda hazırda dövlət dilimizi – Azərbaycan dilini qorumaq üçün hansı təxirəsalınmaz tədbirlər görülməlidir, onun inkişafını kim və necə təmin etməlidir? 

Qeyd etməliyik ki, istənilən cəmiyyətdə, istənilən xalqın dilini qorumaq öhdəçiliyi ilk növbədə həmin xalqı, cəmiyyəti təşkil edən fərdlərin öz hüquq və azadlıqlarının bir hissəsini qurban verərək yaratmış olduqları dövlətin üzərinə düşür. Çünki dövlət həm də ona görə yaradılır ki, o, xalqın, onu yaradan toplumun ilk növbədə milli kimliyini qorusun (həm daxili, həm də xarici təhlükələrdən). Bəs dövlət hansı addımları atmalıdır ki,  milli kimliyimizin başlıca elemetlərindən olan doğma dilimizi qoruya, inkişafını daim təmin edə bilsin?

Yuxarıda dilin inkişafını əngəlləyən maneələrdən danışarkən izah etdik ki, həmin maneələr sistematik xarakterli olduğundan, problemin həll edilməsi də kompleks, sistem səviyyəsində yanaşma tələb edir. Elə bu kontekstdə də çıxış yollarını müəyyənləşdirərək təqdim etməyə çalışaq:

Beləliklə, ilk növbədə, dövlət cəmiyyətdə (məmləkətdə) insanın, fərdin, vətəndaşın bütün əsas hüquq və azadlıqlarının təmin olunmasını əməli olaraq həyata keçirməlidir. Dövlətin ən birinci vəzifəsi qanunun aliliyini təmin etməkdir, əks halda, dövlət mahiyyətcə legitimliyini itirmiş olur. Çünki cəmiyyətdə yeganə güc aparatı hesab etdiyimiz dövlətə verdiyimiz bu səlahiyyət (güc) o zaman legitim sayılır ki,  Devid Besmanın təbirincə desək, muəyyən edilmiş qaydalara uyğun olsun, tabe olan şəxslərin razılığı olsun (5. s. 15-16). Deməli, dövləti idarə edən hökumət (hakimiyyət) mütləq xalq tərəfindən həqiqətən nəzarət edilən, xalqa, vətəndaşa hesabat verən olmalıdır

Beləliklə, legitim saydığımız dövlət ilk növbədə cəmiyyətdə qanunun aliliyini   mütləq şəkildə həyata keçirməlidir. Yalnız o zaman digər normativ hüquqi aktlar kimi, dövlət dilinə dair qanuvericilik akltları da saat kimi işləyəcək ki, bu da dövlət dilinin real inkişafını  gerçəkləşdirəcək.

Ölkədə qanununun (hüququn) aliliyinin təminatı üçün isə  dövlətin idarəolunmasını həyata keçirən hakimiyyətin üçlü bölgüsünün formal xarakter daşımasına son qoyulmaldır. Hazırda, təəssüflər olsun ki, faktiki olaraq, digər hakimiyyət qolları həm açıq-aşkar, həm də dolayı yollarla İcra hakimiyyətinin nəzarətindədir. Yəni hakimiyyətin Məhkəmə və Qanunverici hakimiyyət qollarının ayrı-ayrılıqda müstəqilliyi yalnız kağız üzərində mövcuddur.

Əslində hakimiyyətin sözügedən digər iki qolunun müstəqilliyini təmin etmək o qədər də mürəkkəb deyil. Məsələn, qanunun aliliyinə əsas məsul olan məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması üçün bütün hakim vəzifəsinə təyinatlar (yaxud seçilmə)  ömürlük ola bilər və s. Eləcə də, qanunverici hakimiyyət qolunun formalaşdırlması zamanı şəffaf seçkilər təmin edilməli, icra hakimiyyətinin müdaxiləsinə yol verilməməliddir. Ümumilikdə isə İcra hakimiyyətinin səlahiyyətləri xeyli məhdudlaşdırılmalıdır.

Dövlət dilinin inkişafı üçün mütləq şəkildə ölkədə azad mətbuatın fəaliyyəti təmin olunmalıdır ki, mövzu, ideya rəngarəngliyi, fərqli  düşüncə tərzi ortalığa çıxa bilsin. Əlbəttə ki, əsrarəngiz, polifonik, alternativ mövzular təbii olaraq dilin zənginliyinə xidmət etmiş olacaqdır.

Əcnəbi dillərin işlədilməsi dövlət dilini heç bir vəchlə sıxışdırmamalıdır. Xüsusilə, Rusiyanın təsiri fonunda rus dilinin meydan sulamasına imkan verilməməlidir. Əslində dövlətin əlində bunun qarşısını ala biləcək kifayət qədər geniş imkanlar var ki, sadəcə hökumət bundan istifadə etməlidir. Dövlət elə bir siyasi xətti tutmalıdır ki, nəinki ölkə vətəndaşları dövlət dilimizi öyrənməkdə maraqlı olsunlar, həmçinin, əcnəbilər də dilimizi işlətməyə maraq göstərsinlər.   

Bundan ötrü həm də toplumun, xalqın, dövlət üzərində nəzarəti təmin edilməlidir ki, xalqla hesablaşmağa məhkum edilən hakimiyyət həmişə milli maraqlarımızı təmin etməyə məcbur olsun. Ayrı-ayrı vətəndaşların birliyindən formalaşan Vətəndaş cəmiyyəti bütövlükdə dövlətin fəaliyyətinə nəzarət etməyi bacarmalı, qanunların icra səviyyəsini mütəmadi olaraq izləməlidir.

Dilin inkişafının həyata keçirilməsi üçün, xüsusilə, onun problemlərini araşdıran modern dünya elmi ilə ayaqlaşa bilən ciddi elmi tədqiqat müəssisələri formalaşdırılmalı, peşəkar mütəxəssislər cəlb edilməli, eyni zamanda davamlı olaraq yetişdirilməlidirlər.

Dünya elmində, mədəniyyətində, incəsənətində, ədəbiyyatında və s. gedən proseslərin ictimayətimizə mütəmadi olaraq çatdırılması üçün yüksək standartlara cavab verən Tərcümə Mərkəzləri yaradılmalı, profesional tərcüməçilər yetişdirilməli, əcnəbi dillərdən davamlı şəkildə adekvat tərcümələr olunmalıdır. Azad rəqabət mühiti formalaşdırlmalı, yaradıclıq azadlığı yüksək səviyyədə təmin edilməlidir və s.

 

 

ƏDƏBİYYAT

 

1. Allahverdi Ramin. Birgə razılaşma konsepsiyası. Bakı: Elm və təhsil, 2021.

2. Azərbaycan Respublikasında “Dövlət dili” haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 22 dekabr 1992-ci il.

3. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 12 noyabr 1995-ci il.

4. Rəsulzadə Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990.

5. Beetham David. “The legitimation of power”. 1991. s. 15-16.

 

Comments

Popular posts from this blog

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

8. BİRGƏ RAZILAŞMA və FEMİNİZM (QADIN HÜQUQ VƏ AZADLIQLARI)