2. BİRGƏ RAZILAŞMA - MƏN, SƏN VƏ O

Ramin Allahverdi

Mən tək, yoxsa Sən və Onunla birgə yaşamalıyam?!


Vacib məsələlərdən biri budur ki, Mən fərd olaraq təkbaşına yaşamalıyam, yoxsa Sən və Onunla birgə (yəni cəmiyyət olaraq) yaşamalıyıq?!
Əvvəlcə ona aydınlıq gətirməliyəm ki, Mən niyə tək yaşamalıyam? Bunun üstün və çatışmayan cəhəti nədir? Ən ümdə üstünlüyü odur ki, hər şeydən öncə tək yaşadıqda tam azad oluram. Azad olmaq isə mənim təbii anadangəlmə haqqımdır. Hər kəs anadan olandan azad olmaq hüqququna malikdir. Belə olan halda mənim hər şeyə haqqım çatır.
Lakin mən tək yaşayanda itirəcəyim şeylər birgə yaşayarkən itirəcəyim şeylərdən qat-qat daha çoxdur. Bunu hələ tarix elmi sübut edir ki, ən qədim insanlar şüurlu surətdə deyil, fövqəladə vəziyyətlərdən qorunmaq, təbiət hadisələri qarşısında aciz qalmamaq, heyvanlardan mühafizə olunmaq,  qidanı birgə əldə etmək və s.üçün kiçik qruplarda birləşirdilər.
Deməli, birgə yaşamağın faydalarını hələ ibtidai insanlar kəşf etmişdilər. İndiki zamanda isə insanlara birgə yaşamağın nə qədər vacibliyini izah etməyə ehtiyac yoxdur.
Beləliklə, Mən, Sən, O başa düşdük ki, birgə yaşamaq, təkbaşına yaşamaqdan daha faydalıdır. Lakin birgə (cəmiyyət olaraq) yaşamaq üçün biz, yəni Mən, Sən və O öz şəxsi (fərdi)  azadlığımızın bir hissəsinin məhdudlaşdırlmasına könüllü olaraq razı olmalıyıq.
Mən hazırkı yazıda “Mən, Sən və O” ifadəsini “cəmiyyət” sözünün əvəzinə işlədirəm. Çünki cəmiyyət deyəndə əksəriyyət elə bilir ki, fərd olaraq onun da daxil olduğu birlikdən söhbət getmir, hansısa kənarda bir nəsnə barəsində danışırıq
Beləliklə, Mən, Sən və O, BİRGƏ RAZILAŞMA əsasında maraqlarımızı təmin edən birlik və ya cəmiyyət yaradırıq.  Üzü qədimdən, yəni elə ilk insan birlikləri yaranandan bəri institutlaşmış yazılmamış qaydalar, adət-ənənələr, tabular, mərasimlər, rituallar, dini ayinlər və s. əslində bu kortəbii BİRGƏ RAZILAŞMAdır və cəmiyyətdəki münasibətləri pis-yaxşı nizamda saxlamışdır (növbəti yazılardan birində bu barədə ətraflı yazarıq).
Beləcə, rasional olaraq birgə yaşayışın üstünlüklərinin tək yaşamaqdan qat-qat artıq olduğunu dərk edən Mən, Sən və O qərara gəlirik ki, birgə yaşamaq, yəni cəmiyyət olmaq, cəmiyyət kimi yaşamaq kifayət qədər əhəmiyyətli olduğuna görə özümüzə aid olan azadlıqlarımızın müəyyən bir hissəsini məhdudlaşdırmağı məqsədəuyğun sayırıq və cəmiyyəti qururuq. Birlik yaratdıqda, yəni cəmiyyət olduqda təbii ki, hər birimizin maraqları da vardır ki, bu maraqlar bizi toqquşmalara gətirməsin deyə BİRGƏ RAZILIĞA gəlirik. 
BİRGƏ RAZILAŞMAnın əsas müddəalarını, tezislərini aşağıdakı kimi qəbul edirik:
1.      Mən, Sən və O (yəni insan) ən ali varlıqıq.
2.      Mənim (hər bir insan, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.
3.      Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.
4.      Mənim azadlığım yalnız və yalınız Sənin və Onun hüquqları, haqları başlayan yerdə bitir.
5.      Mən, Sən və Onun birliyi suverendır (müstəsna səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri olmaq deməkdir. Bu suverenlik, müstəsna səlahiyyət bizə yuxardakı müddəaları nəzərə alaraq istədiyimiz kimi fəaliyyət göstərməyimizin zəminidir. Həmin müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik.
6.      Qəbul etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni hər birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər cəzalandırılmalıdır.
7.      BİRGƏ RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız Mənim, Sənin və Onun (hər bir nəfərin) razılığı ilə dəyişdirilə bilər.



Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU