7. BİRGƏ RAZILAŞMA və VƏTƏNDAŞLIQ İNSTİTUTU

7. BİRGƏ RAZILAŞMA və VƏTƏNDAŞLIQ İNSTİTUTU

 

VƏTƏNDAŞLIQ İNSTİTUTU barədə danışarkən ilk növbədə bir neçə mühüm sualı cavablandırmağımız vacibdir. 1. VƏTƏNDAŞ kimə deyilir? 2. VƏTƏNDAŞ kimliyi nədir? 3. VƏTƏNDAŞLIğı necə institulaşdırmalıyıq?

Əvvəlki yazılardan birində qeyd etmişdim ki, VƏTƏNDAŞ DÖVLƏTlə çoxşaxəli münasibətlər sistemi kontekstində hüquqi status, vəzifə (öhdəçilik) qazanmış və dövlətin idarəçiliyində aktiv və ya passiv şəkildə öhdəçiliyi olan insanlar, fərdlər, cəmiyyətin üzvləridir. Başqa cür desək, Mən, Sən və Onun, yəni bizim BİRGƏ RAZILAŞMA əsasında qurduğumuz DÖVLƏTlə qarşılıqlı öhdəliklər üzərimizə götürdüyümüzə görə yeni bir kimliyimiz yaranır ki, ona VƏTƏNDAŞ kimliyi deyirik.

VƏTƏNDAŞ olmağın əsas prinsipləri bunlardır:

1.   VƏTƏNDAŞ - BİRGƏ RAZILAŞMA başda olmaqla bütün qəbul edilən Ana yasa və qanunlarla təsbit olunmuş insan (fərd) VƏTƏNDAŞ hüquq və azadlıqlarını, haqlarını hər yerdə daima müdafiə edən cəmiyyət üzvüdür.

2.   VƏTƏNDAŞ - DÖVLƏTin, HÖKUMƏTin, HAKİMİYYƏTin fəaliyyətinə daim nəzarət etməyə borcludur.

3.   VƏTƏNDAŞ - DÖVLƏT (hökumət, hakimiyyət) nümayəndələrindən istənilən an hesabat tələb etməyə borcludur.

4.   Bir sözlə, ideoloji prinsiplər üzrə həmrəylik göstərmək VƏTƏNDAŞın borcudur.

 

BİRGƏ RAZILAŞMAnı (onun müddəalarını) qəbul edən istənilən insan (fərd), VƏTƏNDAŞ həmin razılaşmanın hər bir müddəasını öz yaşam tərzində həyata keçirməyə borcludur. Yəni, Mən, Sən və O, BİRGƏ RAZILŞAMAya (insan hüquq və azadlıqlarına, ədalətə) əsaslanan xoşbəxt bir həyat istəyiriksə, ilk növbədə özümüz bu dəyərlərə, tezislərə sadiq olmalıyıq və həmin razılaşmanı qəbul edən hər kəsdən bunu (kimliyindən asılı olmayaraq) tələb etməliyik. Əgər bu dəyərlərə sədaqət göstərməyib BİRGƏ RAZILAŞMAnın müddəalarını pozası olsaq, dərhal cəzalandırılmalıyıq.

VƏTƏNDAŞ KİMLİYİ haqqında yazmazdan qabaq “kimlik” sözünün özünü izah edək. Kimlik bizim hər hansısa bir öhdəliklərimiz, vəzifəmiz, işimiz, mövqeyimizlə və s. əlaqadar olan statusumuz deməkdir (yəni, bizim hər hansısa bir istiqamətə uyğun funkisonal vəzifə öhdəçiliyi daşımağımızdır). Bir şəxs müxtəlif kimliklərlə təmsil oluna bilir.

Məsələn, mən kimisə öyrədirəmsə, dərs aparıramsa, bu, mənim müəllim kimliyim olur. Maşın sürürəmsə, sürücü kimliyi daşıyıram. Xəstəni müalicə edirəmsə, həkim kimliyim var, valdeynlərim qarşısında övlad kimliyi daşıyıram və s. DÖVLƏTLƏ qarşılıqlı münasibətlər kontekstində olan öhdəçiliyimiz də bu kimliklərdən biridir.

Beləliklə, BİRGƏ RAZILAŞMA əsasında qurduğumuz DÖVLƏTlə bağlılığımızı bildirən statusumuz, kimliyimiz VƏTƏNDAŞ KİMLİYİdir. Mən, Sən və O, bu VƏTƏNDAŞ KİMLİYİNİ (KİMLİYİMİZİ)  RAZILAŞMAya uyğun qurduğumuz DÖVLƏTlə qarşılıqlı öhdəçilik və vəzifələrimizi, hüquqlarımızı, azadlıqlarımızı təsbitləyən (təsdiqləyən) Ali kimlik olaraq qəbul edirirk.

İnsan (fərd) olma kimliyimizdən savayı bütün digər kimliklər ondan aşağı statusda dayanır. Yəni VƏTƏNDAŞ KİMLİYİmiz etnik, dini, irqi, cinsi, sosial, ictimai, regional və s. kimliklərdən yuxarı statusdadır. Sadə şəkildə desək, birinci bizim insan (fərd) kimliyimiz gəlir. İnsan (fərd) olmağımız Ən Ali kimlikdir. Buna görə də, İnsan (fərd) hüquq və azadlıqları ən ali sənədimiz olan BİRGƏ RAZILAŞMA (QANUNLAR) ilə qorunur.

İearxiyanı belə müəyyən edə bilərik: Birinci Ən ali kimlik İnsan (fərd) kimliyi, ikinci Ali kimlik VƏTƏNDAŞ KİMLİYİ və üçüncü digər kimliklərdir (etnik, dini, cinsi, irqi və s.).

Beləliklə, Mən, Sən və O, yəni biz (cəmiyyətin üzvləri) VƏTƏNDAŞ KİMLİYİNİ Ali kimlik olaraq qəbul etdiyimizə görə, VƏTƏNDAŞın üzərinə düşən bütün öhdəlikləri canla-başla yerinə yetirməyə borcluyuq. Başqa cür desək, VƏTƏNDAŞ KİMLİYİ daşıyan hər kəs başda BİRGƏ RAZILAŞMA və onun əsasında hazırlanan Ana yasa (Konstitutsiya), eləcə də digər qanunların tələblərinə əməl etməliyik, əks halda cəzalandırılmalıyıq.

VƏTƏNDAŞ KİMLİYİNİ könüllü şəkildə qəbul edən hər kəsə (VƏTƏNDAŞLIQdan imtina hüququ da var), Mən, Sən və Ona (cəmiyyət üzvlərinə) digər kimlikləri (etnik, dini, irqi və s.) üstün tutmaq (insan (fərd) kimliyindən savayı) qadağandır. Bəzi detalar üzrə fikrimizi izah etməyə çalışaq:

1. VƏTƏNDAŞ KİMLİYİ Etnik kimlikdən üstündür. Etnik ayrı-seçkilik qadağandır. Yəni, Mənim türk, Sənin ləzgi, Onun yəhudi olması o demək deyil ki, bizim hansımızınsa etnik kimliyi digər birimizdən azacıq da olsa üstündür, yaxud aşağıdır. İstər Mən, istər Sən, istərsə də Ona öz etnik kimliyimizi hamımız tərəfindən qəbul etdiyimiz VƏTƏNDAŞ KİMLİYİndən üstün tutmaq  qəti qadağandır (bu, heç də o demək deyil ki, kimsə öz etnik kimliyi ilə fəxr edə bilməz. Əlbəttə, hər kəs istəsə öz etnik kimliyi ilə öyünə bilər, lakin digər etnik qruplardan üstünlüyünü iddia edib qarşıdurma yarada bilməz). Buna əməl etməyənlər mütləq cəzalandırılmalıdır. Çünki bir etnik qrupun özünü digər etnik qrupdan üstün tutması faktiki olaraq, əslində Mən, Sən və Onun, yəni bizim VƏTƏNDAŞ KİMLİYİmizə (VƏTƏNDAŞLIQ İNSTİTUTUna) qarşı yönəlmiş, sülhü məhv edə biləcək ağır bir təhdidir və cəzası qaçılmazdır.

2. VƏTƏNDAŞ KİMLİYİ Dini (İnanc) kimlikdən üstündür. Dini (inanc) ayrı-seçkilik qadağandır. Yəni, Mənim müsəlman, Sənin xristian, Onun ateist olması o demək deyil ki, bizim hansımızınsa dini (yaxud inancı) kimliyi başqa birimizdən azacıq da olsa üstündür. İstər Mən, istər Sən, istərsə də Ona öz dini (inanc) kimliyimizi hamımız tərəfindən qəbul etdiyimiz VƏTƏNDAŞ KİMLİYİndən üstün tutaraq başqalarına sırımağa çalışmağımız  qəti qadağandır. Hər kəs sərbəst şəkildə istədiyi dinə sitayiş edə bilər və yaxud heç bir dinə ibadət etməyə də bilər (ateist ola bilər). Heç bir dini kimlik digərindən üstün tutula bilməz. Dini ayrı-seçkilik salan kəs mütləq cəzalandırılmalıdır. Çünki bir dini qrupun özünü digər dini qrupdan üstün tutması faktiki olaraq, əslində Mən, Sən və Onun, yəni bizim VƏTƏNDAŞ KİMLİYİmizə (VƏTƏNDAŞLIQ İNSTİTUTUna) qarşı yönəlmiş, sülhü məhv edə biləcək ağır bir təhdidir və cəzası qaçılmazdır (Dinlə əlaqədar növbəti yazılarda ətraflı bəhs edəcəyik).

3. VƏTƏNDAŞ KİMLİYİ cinsi kimlikdən üstündür. Cinsi ayrı-seçkilik qadağandır. Yəni, Mənim kişi, Sənin qadın, Onun cinsi azlıq nümayəndəsi  olması o demək deyil ki, bizim hansımızsa başqa birimizdən üstün (yaxud aşağı) mövqedədir. Cinsi kimliyi hamımız tərəfindən qəbul etdiyimiz VƏTƏNDAŞ KİMLİYİndən üstün tutmaq  qəti qadağandır. Buna əməl etməyənlər mütləq cəzalandırılmalıdır. Bir cinsin nümayəndəsinin digərindən özünü üstün tutması faktiki olaraq, əslində Mən, Sən və Onun, yəni bizim VƏTƏNDAŞ KİMLİYİmizə (VƏTƏNDAŞLIQ İNSTİTUTUna) qarşı yönəlmiş, sülhü məhv edə biləcək təhdidir (bu barədə növbəti yazılarda ətraflı bəhs olunacaq).

4. VƏTƏNDAŞ KİMLİYİ Regional kimlikdən üstündür. Regional ayrı-seçkilik qadağandır. Yəni, Mənim Bakılı, Sənin Şəkili, Onun Ləkili olması o demək deyil ki, bizim hansımızsa regional kimliyə görə başqa birimizdən üstün (yaxud aşağı) tutulmalıyıq. Əlbəttə, kimsə öz doğulduğu bölgə ilə öyünə bilər. Lakin bunu qabardıb VƏTƏNDAŞ KİMLİYİndən üstün edə bilməz.  Regional ayrı-seçkilik salanlar  mütləq cəzalandırılmalıdır. Çünki bir regionun digərindən üstün tutulması faktiki olaraq, əslində, Mən, Sən və Onun, yəni bizim VƏTƏNDAŞ KİMLİYİmizə (VƏTƏNDAŞLIQ İNSTİTUTUna) qarşı yönəlmiş, sülhü məhv edə biləcək bir təhdidir və cəzası qaçılmazdır.

5. VƏTƏNDAŞ KİMLİYİ Tayfa (qohum) kimliyindən üstündür. Tayfabazlıq (Qohumbazlıq) qəti qadağandır. Yəni, Mənim Əliyevlər, Sənin Vəliyevlər, Onun Pirvəliyevlər tayfasından olması o demək deyil ki, hansımızınsa tayfa (qohum) kimliyi digərlərindən azacıq da olsa üstündür.

İstər Mən, istər Sən, istərsə də Ona öz tayfa (qohum) kimliyini hamımız tərəfindən qəbul etdiyimiz VƏTƏNDAŞ KİMLİYİndən üstün tutmaq  qəti qadağandır və  buna əməl etməyənlər mütləq cəzalandırılmalıdır. Çünki bir tayfanın özünü digər tayfadan üstün tutması (yəni, tayfabazlıq, qohumbazlıq) faktiki olaraq, əslində, Mən, Sən və Onun, yəni bizim VƏTƏNDAŞ KİMLİYİmizə (VƏTƏNDAŞLIQ İNSTİTUTUna)  qarşı yönəlmiş, sülhü məhv edə biləcək ağır bir təhdidir və cəzası qaçılmazdır. Və s.

Qeyd: Hörmətli oxucular, bu cür nümunələri özününüz də düşünüb tapa bilər, yaza bilərsiniz. Əsas modeli sizə təqdim etmişəm. Həvəsi olub öz nümunələrini yazanlar mənə də göndərsə sevinərəm və hansısa bir formada saytda yerləşdirə bilərəm.

Nəhayət, üçüncü sualı aydınlaşdırmağa çalışaq. Görək VƏTƏNDAŞLIQ İNSTİTUTUnu necə formalaşdırmaq olur. VƏTƏNDAŞLIQ İNSTİTUTU ayrı-ayrı çoxşaxəli istiqamətlər üzrə yaradılan və fəaliyyət göstərən VƏTƏNDAŞ BİRLİKLƏRİnin məcmusudur. Bu birliklər VƏTƏNDAŞLIQ İNSTİTUTUnu daima ayaqda saxlayan vacib amildir. Cəmiyyətdə istənilən sahədə VƏTƏNDAŞ BİRLİKLƏRİnə ciddi ehtiyac var və bu ehtiyacı ödəmək üçün belə birliklərin VƏTƏNDAŞlar tərəfindən yaradılması sözü gedən institutu qoruyub saxlamaq nöqteyi-nəzərindən zəruridir. Bir sıra VƏTƏNDAŞ BİRLİKLƏRİ modelləri təklif edə bilərik. Məsələn,

1. Elm və təhsil sahəsində,

1.1. Tələbə hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

1.2. Magistrantların hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

1.3. Doktorantların hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

1.4. Elmi işçilərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

1.5. Müəllimlərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

1.6. Gənc alimlərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

1.7. Alimlərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

1.8. Gənc müəllimlərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi və s.

(Hörmətli oxucu yaradıcı yanaşıb bu sadalamanı  N qədər çoxalda bilər).

 

2. Səhiyyə sahəsində,

2.1. Həkimlərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

2.2. Tibb işçilərinin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

2.3. Əczaçıların hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

2.4. Rezidentlərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi və s.

(Hörmətli oxucu yaradıcı yanaşıb bu sadalamanı da N qədər çoxalda bilər).

 

3. İctimai sosial sahədə,

3.1. İşsizlərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.2. Əlillərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.3. Fəhlələrin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.4. Qadınların hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.5. Uşaqların hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.6. Ahılların hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.7. Yoxsulların hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.8. İşçilərin hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.9. Uşaqlı qadınların hüquq və azadlıqlarının müdafiəsi Birliyi;

3.10. Azad sahibkarların hüquq və azadlıqlarının müdafiəsi Birliyi və s.

(Hörmətli oxucu yaradıcı yanaşıb bu sadalamanı da N qədər çoxalda bilər).

Qeyd etdiyimiz kimi, bu birliklər VƏTƏNDAŞLIQ İNSTİTUTUnun sütununu təşkil etdiyindən onların yaradılması və fəaliyyəti son dərəcə labüddür. Əgər Mən, Sən və O, yəni biz (cəmiyyət üzvləri) özümümüzün hüquq və azadlıqlarımızı, haqlarımızı daima qoruyub mühafizə edərək, xoşbəxt yaşamaq istəyiriksə, mütləq və mütləq bunu birgə etməliyik (tək əldən səs çıxmaz). Bunun üçün də birinci özümüzdən başlamalıyıq (bax: https://ramin-n.tr.gg/).

 Mən VƏTƏNDAŞ bilməliyəm ki, bu gün Sən və O VƏTƏNDAŞın haqları, hüquqları və azadlıqları tapdalanırsa, bu elə o deməkdir ki, Mənim özümün haqlarım, hüquq və azadlıqlarım tapdalanır.

Bir VƏTƏNDAŞ digər VƏTƏNDAŞı niyə müdafiə etməyə borcludur? İlk növbədə, ona görə ki, əslində o, özünü qorumaq üçün bunu etməlidir. Çünki o, özü də VƏTƏNDAŞ olduğundan başqa VƏTƏNDAŞa aid hüquq və azadlıqlar ona da şamil olunur. Ona görə də, o, digər VƏTƏNDAŞın hüquqlarını, azadlıqlarını müdafiə etməklə özünün hüquq və azadlıqlarını qorumuş olur.

Bu səbəbdən də, əgər bir VƏTƏNDAŞın haqları, hüquq və azadlıqları DÖVLƏT (Hökumət, HAKİMİYYƏT) nümayəndələri tərəfindən pozulursa, digər VƏTƏNDAŞLAR mütləq birgə formada, komanda olaraq BİRGƏ RAZILAŞMA (QANUNLAR) çərçivəsində həmin kəslərin vəzifəsindən kənarlaşdırılaraq cəzalandırılmasına nail olmalıdırlar.

VƏTƏNDAŞLIQ İNSTİTUTUnun əsas prinsipi – GÜC BİRLİKDƏDİR.

Ramin Allahverdi


Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU