19. BİRGƏ RAZILAŞMA VƏ LİDER (LİDERLİK)

19. BİRGƏ RAZILAŞMA VƏ LİDER (LİDERLİK)

 

Əvvvəlcə LİDER (LİDERLİK) məfhumunun mahiyyətini aydınlaşdırmağa çalışaq. Sadə bir nümunəyə nəzər salaq: Tutaq ki, biz üç dost mən, sən və o, bir günlük şəhər ətrafı istirahətə getmək üçün bir araya gəlirik. Görüşərkən məlum olur ki, gedəcəyimiz yerlə bağlı fikirlərimiz fərqlidir. Yəni Mən Göygölə, Sən Nabrana, O isə Qəbələyə getməyi təklif edir. Lakin qısa müzakirədən sonra mənim təklif etdiyim Göygölə istirahətə yollanırıq. Bu sadə misalda göstərilən situasiyada  təklifim keçərli, daha inandırıcı olduğuna görə LİDER mənəm. Yəni LİDERLİK məfhumunu anlamaq o qədər də qəliz deyil, göstərdiyim nümunədəki kimi formulaca, model olaraq sadədir.

İndi isə LİDERi səciyyələndirən əsas başlıca keyfiyyətləri ayırd edək:

1. LİDER - ilk növbədə gələcəklə bağlı aydın baxışı, vizyonu olan şəxsdir, fərddir.  Bu anlamda LİDER aydın bir ideologiya ortalığa qoyur və yaxud inandığı, doğru bildiyi mövcud ideologiyalardan birinə yiyələnib yaradıcı şəkildə yanaşır, onu daha da inkişaf etdirir, eyni zamanda həmin ideologiya ətrafında başqalarını da cəm edə bilir. Elə buna görə də, hər zaman yenilik yaratmaq potensialında, təşəbbüsündə olan, məqsədyönlü dəyişimə hazır şəxs sayılan LİDER özü üçün tam aydın bir ideologiyaya (ideyalar, prinsiplər, dəyərlər və s.), onun doğruluğuna bütün varlığı ilə inanaraq, yüksək əminliklə bu istiqamətdə cəsarətlə addımlayır və arxasınca minlərlə insanın gəlməsinə səbəbkar olur.

2. LİDER - əmin olaraq, inanaraq gətirmək istədyi ideyalara, prinsiplərə, bəlli   (əxlaqi-mənəvi) dəyərlərə ilk növbədə özü yüksək dəqiqliklə əməl etməli, sözü-əməli bir-birini tamamlamalı, davranışında, yaşam tərzində və s. şəxsi timsalında nümunə olmalıdır. Onun üçün gətirmək istədiyi ideoloji-prinsp və dəyərlər hər kəs daxil olmaqla  ayrı-ayrı istənilən fərdin şəxsi maraqlarından üstün mövqedə olmalı, hətta özü bilməyərəkdən həmin dəyər və prinsipləri pozubsa, səhvini boynuna almağı, layiqli cəzanı çəkməyə könüllü razı olmağı bacarmalıdır. O, ətrafındakı insanlara, topluma, kollektivə qarşı dürüst, səmimi olmalı, heç də özünü ideallaşdırmamalı, bütləşdirməməli, əgər uğursuzluğu olubsa, onu etiraf etməyi bacarmalı, bundan dərs çıxarmalıdır və hər zaman ədalətli olmalıdır.

3. LİDER - hər zaman hər şeyi sorğulayan, istənilən bir məsələyə kor-koranə deyil, rasional yanaşan, analiz (təhlil) edərək öz təfəkkür süzgəncindən keçirən, strateji düşünməyi bacarandır. LİDER daima öyrənməli, biliklərini dərinləşdirməli, öz üzərində işləməlidir və zamanın, dövrün nəbzini tutaraq nəinki adekvat şəkildə proseslərə reaksiya vermək iqtidarında olmalı, həmçinin onu qabaqlamağı bacarmalıdır. Buna elmi ədəbiyyatda İntellektual liderlik də deyilir. O, fərqindəlik yaradır, digərlərinin də  qutudan, çərçivədən kənarda düşünməyinə vəsilə olur. Və ya başqa cür desək, LİDER ətrafındakı insanları onların təfəkkür tərzini ənənəvi daşlaşmış qəlblərdən, çərçivələrdən kənara çıxardaraq düşünməyə sövq edir (Məsələn: mövcud durumu, daşlamış dəyərləri, mentaliteti və s. çəkinmədən sorğulamaq və s.).

4. LİDER potensialı olanları daima irəliyə çıxarmalı və onların yeni liderlərə çevrilməsinə hər cür dəstək verməli və şərait yaratmalıdır. Ətrafındakı insanlara, komanda üzvlərinə özünə inamı (istəyən hər kəsin bacarıqlı olacağına, lider ola biləcəyinə və s.) aşılamalı, onları motivə etməli və özgüvənini yaratmalıdır.

5. LİDER - ən azı toplumun bəlli bir hədəflədiyi kəsimini arxasınca aparmağı bacarmalıdır. Əgər bunu edə bilmirsə, səhvi başqalarının üstünə atmamalıdır, ona inanmayanları təqsirkar bilməməlidir, əksinə səbəbləri ilk növbədə özündə, öz üslubunda (səriştəsizliyində, bacarıqsızlığında və s.) axtarmalıdır.

 Məsələn, məmləkətdə əksər partiya rəhbərləri, həmçinin özlərini siyasətçi hesab edənlər toplumun onları dəstəkləməməsindən narazılıq edərək camaatı, xalqı ittiham edirlər, günahlandırırlar. Halbuki, xalq kifayət qədər rasioanal yanaşır (elin gözü tərzidir) və haqlı olaraq da onlara inanmayır. Çünki bu adamlar özləri çox sadə bir nəsnəni - nə istədiklərini (hansı ideolji konsepsiyanı təmsil etdiklərini) belə bilmirlər. 

6. LİDER heç də hər zaman öndə olan deyil, lazımi zamanlarda arxa plana çəkilməyi bilən və prosesləri istənilən mövqedən yönləndirməyi bacarandır.

7. LİDER - istənilən bir çətinliyi fürsətə çevirməyi bacarmalı və bunu həm də təşviq etməlidir. Lazımi, zəruri hallarda təkbaşına və eyni zamanda kollektiv şəkildə qərarlar vermək qabiliyyətinə sahib olmalıdır. LİDER xalqın, digərlərinin problemlərini, istəklərini, maraqlarını təmkinlə dinləməli və lazımı tədbirləri görməyi bacarmaldır. O, strateji düşünməli, işləri planlamağı (uzunmüddətli və yaxın müddətli planlamaları olmaldır) bacarmalı və həmin planlar üzrə taktiki şəkildə hərəkət etməlidir.

Düşünürəm ki, LİDERi səciyyələndirən keyfiyyətlər barədə ümumiləşdirmələrimiz yetərlidir. Bəs görək BİRGƏ RAZILAŞMA prizmasından LİDER (LİDERLİK) necə dəyərləndirilir?

BİRGƏ RAZILAŞMA KONSEPSİYASINA görə (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html) bu ideologiya ümumiyyətlə insan cəmiyyəti üçün ən uyğun, münasib bir ideoloji konseptdir və birbaşa özü həm də Liderlik statusundadır. Hesab edirəm ki, bu konsepsiyanın fəlsəfi-ictimai, ictimai-siyasi, fəlsəfi-siyasi məzmunu dərindən öyrənilməli, mənimsənilməli və sözügedən ideologiya Mən, Sən və Onun, aparıcı cəmiyyət üzvlərinin istinadgah nöqtəsinə çevrilməlidir.  Bu ideologiyanı dərindən, həm də sorğulayaraq, anlayaraq, yaradıcı yanaşaraq mənimsəyənlər, özününküləşdirənlər artıq özləri bir LİDER kimi yetişmiş olurlar. BİRGƏ RAZILAŞMA LİDERLƏR üçün bir çıraq, bir məşəldir.

 

Ramin Allahverdi

 

 

 


Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU