10 NOYABR 2020-Cİ İL BƏYANATINA İCTİMAİ BAXIŞ

 

10 NOYABR 2020-Cİ İL BƏYANATINA İCTİMAİ BAXIŞ

Azərbaycan-Ermənistan-Rusiya arasında 10 noyabr 2020-ci il tarixli  bəyanatın təhlilinə keçməzdən qabaq bəzi zəncirvari hadisələrə ötəri nəzər salmağımız atəşkəs sənədinin mahiyyətini daha aydın anlamağımıza köməklik edər.  Necə oldu ki, 30 ilə yaxın bir müddətə qədər dondurulmuş olan Qarabağ münaqişəsi müharibəyə çevrildi?!

 Məlum olduğu kimi, Ermənistanda qərbyönümlü N.Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki ənənədən kənar siyasi gedişlər etməyə başladı. Qərbə meyllənən N.Paşinyan çəkinmədən açıq-aşkar ənənəvi ağaları Rusiyanın üzünə ağ olmağa başladı (hətta rus qoşunlarını ölkə ərazisindən çıxarmaq kimi Qərb qarşısındakı öhdəliyini də yerinə yetirməyə cəhd göstərdi, buna nail olmasa da). Bu zaman Rusiya artıq anlamağa başladı ki, it qudurub yiyəsinə cumur. Belə olan halda, təsirini itirməyə başlayan Rusiya Ermənistanı özünə qaytarmaq üçün ona aşkar şəkildə təzyiq göstərə bilmirdi, daxildən də artıq rusiyameylli qüvvələr tərkisilah edilmiş, bəzilər hətta həbs edilmişdi, həmçinin N.Paşinyanı xalqın əksər hissəsi dəstəkləyirdi (xüsusilə qərbmeyilli qüvvələr). Belə bir zamanda N.Paşinyan “şanlı” erməni uydurmaları ilə beyni zəhərlənmiş xəstə erməni cəmiyyətinin rəğbətini daha da qazanmaq üçün nəinki populist, pafoslu sərsəm bəyanatlar (xüsusilə Azərbaycanla, işğal etdiyi ərazilərlə bağlı) səsləndirməyə başladı, həmçinin təhrikedici-təxribatçı əməlləri ilə də gündəmi zəbt edirdi (Cıdır düzündə rəqs etmək və s.).   

Beləliklə də, N.Paşinyanın müharibəyə təhrikedici bəyanatları Qarabağla bağlı danışıqlar prosesinin  lüzumsuz olduğu faktını ortaya qoydu. Belə olan halda, Rusiyanın Ermənistanı cəzalandıraraq ağlını başına gətirmək marağı Azərbaycanın benynəlxalq səviyyədə birmənalı şəkildə tanınmış öz tarixi əzəli torpaqlarını özünə qaytarmaq istəyi ilə üst-üstə düşürdü.

 Bununla belə, Rusiyanın maraqları ilə üst-üstə düşsə də,  Azərbaycan yenə də ehtiyatlı davranmalı idi. Çünki istənilən vaxt bir təxribat törədərək Rusiyanın müdaxilə etmək ehtimalı aydın idi. Bu səbəbdən də Azərbaycan Türkiyənin timsalında çoxşaxəli qarşılıqlı maraqlara əsaslanan strateji qarantını tapır.  

Beləliklə də, yaranmış əlverişli geosiyasi vəziyyətdə (Azərbaycan, Türkiyə və Rusiyanın sanki bir anlaşması meydana gəlir) Ermənistan növbəti təxribat törədən zaman onun cəzası lazımınca verilsin. Məhz bundan sonra Ermənistanın 27 sentyabr 2020-ci il təxribatı irmiqyaslı II Qarabağ və ya Azərbaycan üçün Vətən müharibəsini qaçılmaz etdi. Bu zaman Rusiyanın qarışmaması və V.Putin səviyyəsində “biz qonşu dövlətlərin daxili işlərinə qarışmırıq” deməsi və müharibəyə müdaxilə etməməyərək bununla da nökəri Ermənistanı xilas etmək istəməməsi məni həqiqətən narahat etməyə başladı. Deməli, Rusiyanın ala biləcəyi alternativ variant, mövcud vəziyyətdən onun üçün daha karlı idi (qeyd: bu alternativ karlı variant 10.11.2020 bəyanatının 3 və 4-cü bəndləridir). Həm buna görə, həm də hər zaman açıq şəkildə Azərbaycanı dəstəkləyən Türkiyə faktoruna görə Rusiya müharibəyə müdaxilə etməyir (o vaxta kimi ki, artıq qırmızı xətt keçilir).  

Lakin əzəmətli Azərbaycan odrusu müasir qabaqcıl texnoloji silahlanma və peşəkarlıq səriştəsi ilə qısa bir müddətdə Ermənistanın (hərtərəfli silah-sursat yardımına baxmayaraq) hərbi qüvvələrini darmadağın edərək çoxlu sayda yaşayış məntəqlərini bir-birinin ardınca işğaldan qurtarırdı. 8 noyabrda Şuşanın böyük ustalıqla azad edilməsi Rusiyanın özünü belə şoka saldı. Çünki, bu həm də Rusiyada hərbi təlim keçmiş erməni hərbçilərinin öyrəndikləri hərbi bilgilərin, həmçinin, rus hərbi texnikasının məğlub olması demək idi. Faktiki olaraq, müharibə saxlanılmasaydı artıq noyabrın 9-10-u  Xankəndinin və digər ərazilərin azad edilməsi, eləcə də minlərlə erməni əsgərinin əsir götürülməsi artıq an məsələsi idi. Belə olan halda, Rusiya dərhal müdaxilə etdi. Dəsti-xətt dəyişməmişdi. 9 noyabr axşam radələrində Rusiya Federasiyası ona məxsus Mi-24 hərbi helikopterinin Azərbaycan sərhədinin Naxçıvan hissəsində vurulmasını bildirdi. Bu, şübhəsiz ki, təxribat idi.

Eyni zamnada təxminən Xırdalan istiqamətinə buraxılmış 2 raket hava məkanında zərərsizləşdrildi. Bütün bunlar Azərbaycana  dayanması üçün verilən siqnallar kimi anlaşılır. Belə bir şəraitdə nəhayət ki, gecəylə məlum üçtərəfli bəyanat imzalandı.

İndi isə həmin bəyanatı təhlil edək. Bəyanatın ictimaiyyət üçün açıq olan hissəi 9 bənddir (gizli məqamları bilmirik, bununla bağlı yalnız müəyyən fərziyyələrimiz ola bilər. Ona görə də hamıya məlum olan müddəalar üzərində dayanacağıq). 

1. Bəyanatda Rusiyanın maraqlarını təmin edən məqamlar.

Bəyanatın 3 və 4-cü bəndləri Rusiyanın regional maraqlarını təmin etməyə imkan yaradır. Bu bəndlər Rusiyanın müharibədə Ermənistan tərəfin xeyrinə niyə müharibədə açıq müdaxilə etməməyinin də səbəblərindən birinə aydınlıq gətirmiş olur. 

Bəli, Rusiya bu bəndlərlə artıq cəzalandırlmış Ermənistanda itmiş təsirini yenidən qaytamaq imkanı əldə edir, eyni zamanda Azərbaycana da təsir etmək üçün bir ayaq yeri qoyulmuş olur. Məhz bundan maksimum istifadə edərək ənənəvi Qafqazda möhkəmlənmə kimi siyasi maraqlarını  təmin etmək üçün Rusiya öz  manevrlərini  daha da genişləndirməyə çalışacaq.  

9-cu bəndə görə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən Ermənistandan keçən yeni nəqliyyat  əlaqəsi olan hissəyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının yerləşdirilmısi isə Rusiyanı dolayısıyla cənub sərhəddini müəyyən etmiş olur.

Beləliklə, Rusiyanın Cənubi Qafqazada möhkəmlənməsi üçün münbit şərait yaranmış olur. Təbii ki, Rusiyanın  Erməmistanda yenidən nüfuz qazanması o qədər də rahat olmayacaq, ələl-xüsus da Qərbin artıq orada kök salmış nüfuzunun olduğu bir dönəmdə.

2. Bəyanatda Türkiyənin maraqlarını əks etdirən məqamlar.

 Adı çəkilməsə də, adsız qəhrəman Türkiyə regiona ayaq basmış oldu. Bəyanatın 5-ci bəndi, eyni zamanda da 9-cu müddəası dolayı yolla Türkiyənin bölgədə manevr etmək imkanlarını genişləndimək üçün zəmin yaratmış olur. Bu, təhlükəsizlik baxımdan həm də Azərbaycanın maraqları ilə həmahəngləşir.   Ona görə də bu istiqamətdə işlər daha da dərinləşdirilməlidir.

3. Nəhayət, bəyanata görə, Azərbaycanın maraqlarına cavab verən və maraqlarını təhdid edə bilən məqamların təhlilinə nəzər salaq.

Bəyanatın  ikinci bəndi ilə Ağdamın qaytarılmasını,  həmçinin də Kəlbəcərin və Laçının qaytarılmasını tələb edən 6-cı bəndinə əsasən   (ümumilikdə dekabrın 1-ə kimi), işğal altındakı ərazilərin qaytarılmasını nəzərdə tutan məqamlar Azərbaycanın maraqlarına cavab verir (sülh yolu ilə qan tökülmədən, heç bir itki olmadan torpaqlar qaytarılır). Həmçinin həm də azərbaycanlı köçkün və qaçqınların Dağlıq Qarabağa (Xankəndi, Xocalı, Xocavəndə)  qayıtmasını nəzərdə tutan 7-ci bənd də bu maraqlara daxildir (qeyd edim ki, Ağdərə və Əsgəran rayonlarının adını ona görə çəkməyirəm ki, Azərbaycanın inzibati ərazi bölgüsündə bu rayonların ərazisi Kəlbəcər, Tərtər və Xocalının tərkibinə qatılıb).  

Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının bərpası da maraqlara uyğundur. 

Bəyanatda Dağlıq Qarabağın statusu məsələsinə ümumiyyətlə toxunulmur. Buna da müsbət tərəfdən baxsaq, deməli, heç bir statusdan söhbət getməyəcək, həmçinin prezident səviyyəsində statusun “cəhənnəmə getdi”yi bildirilir. Deməli, erməni əsilli Azərbaycan vətəndaşları da digər xalqların nümayəndəsi kimi Azərbaycan ərazisində ölkə qanunları ilə yaşayacaqlar və s. 

5-ci bənd də Azərbaycanın strateji maraqlarına cavab verir. Məhz bu bənd Azərbaycanın regional təhlükəsizliyini daha da möhkəmləndirmək baxımından Türkiyə hərbi sülhməramlılarının nəzarət təftiş mərkəzi qismində bölgədə olmasını təsbitləyir ki, bu istiqamətdə fəaliyyət daha da genişləndirilməlidir.  Bəyanatın bu bəndi dolayı yolla imkan verir ki, atəşkəsə nəzarət mərkəzində təmsil olunan Türkiyə sülhməramlıları Azərbaycanın istəyi ilə istənilən bölgəsində (Ağdam, Hadrut və ya Şuşa, hətta Xankəndi və s.) yerləşdirlə bilsin.

İndi isə gələk Bəyanatın Azərbaycanın maraqlarını təhdid edə biləcək məqamlarına. Bəyanatın 4-cü müddəası fikrimcə, Azərbaycanın maraqları üçün məcazi şəkildə desək minalı bənddir.  Azərbaycan ərazisinə Rusiya sülhməramlı qoşunlarınının gəlməsi cəmiyyətdə həqiqətən də müəyyən narahtlıqlar doğurur.  Bəs buna əsas varmı?

 Bunun üçün son 30 illik bir dövrə nəzər salaq görək rus qoşunlarının sülmərəmlılığı harda görünüb?! Beynəlxalq vəziyyətə bir anlıq nəzər salsaq rus qoşunlarını necə sülhməramlı olduğunu göstərən faktları – Gürcüstanda Abxaziya, Cənubi Osetiya münaqişəsi, Ukraynada Donbas münaqişəsi, Krım məsələsi, Moldovada Dnepryanı münaqişə və s. – aydın şəkildə görə bilirik. Ən əsası Azərbaycanla bağlı isə “rus qoşunları” söz birləşməsi 20 Yanvar, Xocalı faciəsi (366-cı rus motoatıcı alayı) kimi qanlı hadisələrlə assosiasiya olunur. Elə buna görə də Azərbaycan cəmiyyətinin bu bənddən diksinməyi başadüşüləndir (bu bəndin qəbul edilməsini və müharibənin dayandırlmasının izahını yuxarıda qeyd etmişəm).

  Lakin hazırkı reallıq dərk olunmalı, geosiyasi proseslər fonunda Azərbaycan ağıllı, adekvat diplomatik fəaliyyətini elə aparmaldır ki, bu “minalı bənd”i partlamadan  zərərsizləşdirə bilsin (bu barədə ətraflı növbəti yazıda).

Bütövlükdə bu bəyanat barədə fikirlərimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, Azərbaycan maksimum çalışmalıdır ki, onun maraqlarını tam təmin edən müddəaları daha da gücləndirsin. Özünün şəksiz hərbi qələbəsini diplomatik müstəvidə qələbə ilə yekunlaşdıra bilsin. Bunun üçün biz dövlət və cəmiyyət olaraq ciddi və dayanmadan işlər görməliyik. Tam qələbəmiz o zaman olacaq ki, bütün əraziləri tam şəkildə Azərbaycanın nəzarətinə keçsin və Rusiya sülhməramlıları gül-çiçəklə yola salınsın. Yox əgər lazımi səviyyədə işlər görülməsə, sözügedən “minalı bənd” çox ciddi problemlər yaşada bilər.

Əminəm ki, Azərbaycan olaraq ağıllı, rasional, çevik və adekvat tədbirlər görülsə, diplomatik gedişlər vaxtında, yüksək dəqiqliklə edilsə, tam qələbəmiz qaçılmazdır.  

Ramin Allahverdi

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU