BİRGƏ RAZILAŞMA KONSEPSİYASI VƏ FƏRDİN XOŞBƏXTLİYİ

Məxluqə  Qasımova

mxlqasimova@gmail.com

 

BİRGƏ RAZILAŞMA KONSEPSİYASI VƏ FƏRDİN XOŞBƏXTLİYİ

 

Fərdin xoşbəxtliyi Mən, Sən, Onun timsalında hər bir kəsi düşündürən əsas məsələlərdəndir. Xoşbəxtlik bütün insanların arzuladığı ilkin, eyni zamanda əldə edilməsi o qədər də asan görünməyən ali dəyərdir.  İnsanın xoşbəxtliyi onun tələbatları ilə düz mütənasibdir. Yəni xoşbəxtliyimiz tələbatlarımızın ödənilmə səviyyəsindən asılıdır.

Vahid, bütöv halında gördüyümüz insan iki hissədən - fiziki-anatomik və daxili-ruh aləmindən ibarətdir. Bu baxımdan insanın tələbatları da iki əsas qrupa ayrılır: maddi tələbatlar, mənəvi tələbatlar. Madii tələbatlar  insanın fiziki aləminin ehtiyaclarının ödəyicisi olmaqla bir neçə prosesləri özündə ehtiva edir. Bura aclıq, sağlamlıq, geyim, istirahət, cinsi tələbatlar və s. kimi proseslər daxildir. İnsanın maddi tələbatının əsas təminedici vasitəsi puldur (kapitalist cəmiyyətdə belədir). Pul hər şeydir desək yanılarıq, amma maddi tələbatlarımız üçün pul hər şeydir desək səhv etmiş olmarıq. İnsan həyatında pul faktoru 2-ci (mənəvi)  tələbatda öz əhəmiyyətini itirir. Çünki mənəvi tələbatımızın əsas ödəyicisi sevgidir. Bəs mənəvi tələbatımızı doyuran sevgi hardan qaynaqlanır? Öncə nəzərə almalıyıq ki, sevgi geniş anlayışdır. Bizim ruh aləmimizi təmin edən sevginin əsası valideynlərimizdən, xüsusilə anadan qaynaqlanır. Eynilə 1-ci tələbatdakı konsepsiyanı burada da qoya bilərik: Sevgi hər şey deyil, mənəvi tələbatlarımız üçün sevgi hər şeydir.

İnsan doğulan andan onun hər iki tələbatı bu və ya digər dərəcədə ödənməyə başlayır. Lakin elə şəxslər var ki, onun maddi və ya  mənəvi  tələbatı ya ödənmir, ya da kifayət həddə təmin edilmir. Fikir versək görərik ki, fiziki tələbatı  ödənməyən fərdlərin xarici görkəmi standartlardan aşağı olur və ya minimal həddi aşa bilmir. Görünən əskiklikləri doldurmaq asandır amma mənəvi tələbatı doyurulmamış fərdləri heç də hamı ilk baxışdan anlamır. Ödənilməmiş mənəvi tələbatlar insanın ruh aləmində müəyyən mənfi proseslər yaradır ki, bu insanın psixikasında - nitqində, emosiyalarında, qeyri-iradi davranışlarında və s. təzahür edir. Dediklərimizə əsasən, xoşbəxtliyin formulunu belə müəyyənləşdirə bilərik: nS+nP= nX .

Onu da vurğulamalıyıq ki, qeyd etdiyimiz məsələləri hər tərəfli nəzərə alsaq, azadlıqları təmin edilmiş fərdlərdən ibarət cəmiyyətdə keçərlidir. Bu azad cəmiyyəti də bizə Birgə Razılaşma Konsepsiyası verir. Fərdin azadlıqları Birgə Razılaşmanın müddəalarına əsasən formalaşmalıdır.

Birgə Razılaşma Cəmiyyətində xoşbəxtliyi təmin etmək mümkündür. Lakin cəmiyyət həyatında müəyyən faktorlar nəzərə alınmalıdır ki, fərdin maddi-mənəvi aləminə bu və ya digər formada mənfi təsir etməsin. İlk növbədə fərd azadlığını hiss etməlidir.  Unutmaq olmaz ki, azadlıq müəyyən edilmiş sərhədlər daxilində mövcuddur, əksi azadlıq yox özbaşınalıqdır. Dil, din, cins və irq amilləri nəzərə alınmadan azadlıqla müvafiq olaraq fərdin mənafeyinə, o cümlədən, Mən, Sən, Ondan ibarət bütünün xeyrinə uyğun gələcək şəkildə paylanmalıdır. Lakin burada mühüm detala fikir verilməlidir. Müəyyən şəxs və ya şəxslərin dini baxışı, cinsi oriyentasiyası və s. Mən, Sən, Onun həyatı üçün maddi-mənəvi təhlükə faktoru daşıyırsa bunun qarşısı alınmalıdır. Nəticədə müəyyən şəxslərin azadlıqları digərlərinə nisbətdə məhdudlaşdırıla bilər. Təbii ki, burada Mən, Sən, Onun mənafeyi əsas meyardır.

Birgə Razılaşmada fərd “Mən, Sən, O” na bərabərdir. Birgə Razılaşma fərdlərdən təşkil olunur lakin, azad və xoşbəxt fərdlərdən. BRK  fərdin xoşbəxtliyinin təmin edilmə prinsipi üzrə qurulub. Xoşbəxt fərdlərdən xoşbəxt cəmiyyət formalaşdırmaq, nəticə etibarilə formalaşmış xoşbəxt cəmiyyətdə yeni xoşbəxt fərdlər yetişdirmək BRK-nin prinsiplərinə uyğun gəlir. Bu konsepsiyanın əsasını Mən, Sən, O yəni Biz - bizlik şüuru təşkil edir.  Birgə Razılaşmanın qəbul etdiyi və ya edəcəyi istənilən müddəalar Mən, Sən, O - Biz üçün eyni dərəcədə keçərlidir.  Birgə Razılaşma Konsepsiyasında fərdlər ilk növbədə özlərinin - insanın ali varlıq olduğunu dərk etməli, öz azadlıqlarının pozulmaz olduğunu bilməlidir. Bütün bunların eyni zamanda digər fərdlərə də aidliyini, aliliyini anlamalıdırlar. Fərdlərin şəxsi həyatı toxunulmazdır. Bu fərdin azadlıqlarından biridir ki, fərdin xoşbəxtliyində mühüm rol oynayır. Nəticə etibarilə, Birgə Razılaşma Konsepsiyası fərdin xoşbəxtliyi üçün münbit şərait yaradır, lakin bu şəraitdən düzgün istifadə artıq fərdlərin öz məsuliyyətindədir. Sonda onu qeyd edək ki, xoşbəxtlik əlçatmaz deyil. 

 

Qeyd: Müəllif Məxluqə Qasımova  bu məqaləsi ilə BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİnin “BİRGƏ RAZILAŞMA KONSEPSİYASI fərdin xoşbəxtliyini təmin edir” adlı yazı müsabiqəsinin iştirakçısı və qaliblərindən biridir.   


Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU