FƏRDİN XOŞBƏXTLİK MEYARI - BİRGƏ RAZILAŞMA KONSEPSİYASI

 

Səma Məmmədsalahova

sm404286@gmail.com

 

FƏRDİN XOŞBƏXTLİK MEYARI - BİRGƏ RAZILAŞMA KONSEPSİYASI

 

Dəyər baxımından iki dünyadan da artıqsan;

Fəqət neyləyim ki, dəyərini sən bilmirsən... (6, 18).

 

 “Xoşbəxtlik” anlayışı həm sadə, həm də mürəkkəb şəkildə başa düşülən anlayışlardan biridir. Ümumiyyətlə, xoşbəxtlik haqqında istər elmi, istərsə də bədii kitablar yazılıb, filmlər çəkilib, araşdırmalar aparılıb və bu işlər hələ də davam etməkdədir. Bəs hər kəsin axtardığı bu “xoşbəxtlik” nədir? Niyə insanlar xoşbəxt olmağa can atır? Bir sıra məfhumlar var ki, dünyanın hər yerində adlandırılma forması fərqli olsa da, eyni məzmunu ifadə edir. Xoşbəxtlik də belə anlayışlardan biridir. Yəni milliyyətindən, cinsindən, irqindən və s. xüsusiyyətlərindən asılı olmayaraq istənilən insan xoşbəxt olmaq istəyir. Elə bir insan tapmaq olmaz ki, xoşbəxt olmaq istəməsin. Hətta bu ifadənin xalqımızın düşüncəsində necə önəmli yer tutduğunu anlamaq üçün insanların ən xoş günlərdə bir-birinə arzuladığı “Xoşbəxt olasan!”, “Xoşbəxt olsunlar”, “Allah xoşbəxt etsin” və s. tipli ifadələrə diqqətimizi yönəldə bilərik. Uzun müddət dəbdən düşməyən “xoşbəxt sonluqlu” filmlərə (“happy end”) marağı da nümunə göstərə bilərik. Hər bir toplumun, xalqın düşüncəsini, ruhunu əks etdirən folklor nümunələrinə, əsasən də nağıllara nəzər saldıqda xalqın gələcək nəsillərə ötürmək istədiyi fikri anlamış oluruq ki, bunlardan biri də “xoşbəxt olmaq”, “xoşbəxtlik” anlayışıdır. Yəni qəhrəmanlar divlərlə, mistik qüvvələrlə mübarizə aparır, qalib gəlir və sonda “hər kəs (xeyir qüvvələr) xoşbəxt olur” və “göydən üç alma düşür”...

Bəs müasir dövrümüzdə xoşbəxtlik anlayışını necə qəbul edirik? Biz, həqiqətən, xoşbəxt insanlarıq? Bəs bizim xoşbəxtlik axtarışlarımız niyə çox vaxt uğursuzluqla nəticələnir? İnsanın, yəni fərdin xoşbəxtliyi nədən asılıdır? Elə bir ideologiya varmı ki, hər bir fərdin xoşbəxtliyini təmin etsin?  Bütün bu suallara bu yazımızda cavab tapmağa çalışacağıq.

Müasir dövrümüzdə, indiki sistemdə xoşbəxtlik anlayışı ilə bağlı Müfit Can Saçıntının  bir filmində səsləndirdiyi aşağıdakı fikirlər düşündürücüdür:

“Xoşbəxtliyin iksiri olsa idi, bu kapitalist sistem onu da şüşələrə doldurub satardı. Ona görə də xoşbəxtliyi bu sistemdə axtarmaq lazım deyil. Öz xoşbəxtliyimizi özümüz yaratmalıyıq. Xoşbəxtliyi yanımızda axtarmalıyıq”. Lakin alternativ bir sistem olmadığından biz də bu sistemdə xoşbəxt olmağın yollarını tapmalıyıq. Hər bir kəs özünün necə xoşbəxt olacağını özü tapmalıdır. Bunun doğru olduğunu anlamaq üçün də insan azad olmalıdır. Yəni insanlara xoşbəxtlik adı ilə təqdim olunan hər şey xoşbəxtlik demək deyil. Xoşbəxtliyin hazır bir düsturu yoxdur, hər kəsin öz xoşbəxtliyi vardır. Düzdür, hətta xoşbəxtliyin düsturunu hesablayanlar da vardır, lakin bu düsturda da yenə xoşbəxtlik fərdiyyətdən asılıdır. Həmin düsturdan da aşağıdakı nəticəni çıxarmış oluruq:

“Hər bir insan həyatdan zövq aldığı dəqiqələrin sayını artırmaqla öz xoşbəxtliyini artırmış olur. Deməli, insan yalnız asudə vaxtlarında deyil, eyni zamanda məcburi şəkildə ömründən zaman xərcləməli olduğu digər proseslər zamanı da bu ömürdən zövq alaraq yaşamalıdır” (2, 35).

Qustav le Bon da xoşbəxtliyin zahiri şəraitdən çox az asılı olduğunu, onun daha çox ruhumuzun vəziyyətindən asılı olduğunu qeyd edir. Əslində aşağıdakı fikirlərə baxsaq, çox maraqlı bir vəziyyəti görə bilərik ki, hər kəs xoşbəxtliyi fərqli yerdə axtarır. Şərq sakinləri Qərbin, Qərb sakinləri isə Şərqin daha çox xoşbəxt olduğunu düşünür. Bundan asılı olmayaraq yenə də bütün fikirlər Fərdə, Fərdin xoşbəxtliyinə yönəlir.

“Daim narahat, həyəcanlı, taleyindən narazı avropalını, həmişə öz taleyindən razı, xoşbəxt Şərqin sakini ilə müqayisə edin. Onlar ruhi vəziyyətlərindən başqa nə ilə fərqlənə bilərlər ki? Anlayış üsulu dəyişdikdə, xalq da dəyişir və nəticə olaraq həm də düşüncə və fəaliyyət də onun kimi. İnsanı xoşbəxt edə biləcək ruhi vəziyyət yaratmaq üçün vasitələr tapmaq lazımdır – öz varlığının yox olacağından qorxan cəmiyyət, hər şeydən öncə bax, bunu axtarıb tapmalıdır. Bütün yaranan cəmiyyətlərin hamısı ruhu tabe etdirmək üçün indiyə qədər idealda dəstək tapırdılar və ideal öz təsirini itirəndə, onlar da yox olub gedirdilər. Müasir əsrin ən böyük səhvlərindən biri – insan qəlbinin xoşbəxtliyi yalnız zahiri şeylərdə tapa biləcəyinə dair inamdır. O bizim özümüzdədir, öz tərəfimizdən yaradılıb, amma heç vaxt – bizdən kənarda olmayıb” (3, 65).

Ümumilikdə götürsək, xoşbəxt ola bilməməyimizə bir sıra maneələr təsir göstərir. Bunlardan biri olan təbii maneələr insan həyatında özündən asılı olmadan, lakin təbii şəkildə yaranan hallardır ki, bu, çox normaldır. Məsələn, kiminsə yaxınının vəfat etməsi və s. Yəni insan hər zaman xoşbəxt ola bilməz. Süni maneələr də vardır ki, bunlar həm fərdin özündən asılıdır, həm də yox. Lakin bütün  fərdlər (insanlar) özü çalışsa, bu maneələri aradan qaldıra bilər. Bu daha çox ictimai-sosial məsələlərlə bağlıdır. Digər bir qrup maneələr də vardır ki, süni olsa da, insanlara bu maneələr xoşbəxt ola bilməməklərinin səbəbi kimi təqdim olunur və insanlar bunu təbii olaraq qəbul edir. Yəni süni ehtiyaclar yaradılır və bunlar təmin olunarsa, insanların xoşbəxt olacağı fikri aşılanır.

Əslində xoşbəxtlik heç zaman bizə təqdim olunan bir şey olmayıb. Yəni hər hansı şüşə vasitəsilə “xoşbəxtliyin qapağını açmaq” mümkün deyil. “İnsanlar nə qədər daha çox xərcləyirlərsə, o qədər xoşbəxt olurlar“ anlayışını da qəbul etməli deyilik. Əgər özümüz öz xoşbəxtliyimizə sahib çıxmasaq, bizi nəyin xoşbəxt edəcəyini bilməsək, həmişə bizə təqdim olunanlarla kifayətlənməli olacağıq. Bunun üçün də insan azad olmalıdır. Azad düşüncəsi olmayan fərd (insan), cəmiyyət, millət xoşbəxtliyi sadəcə kənarda axtaracaq, halbuki xoşbəxtliyi istər mənəvi, istərsə də maddi nədə görürüksə, buna azad şəkildə qərar verməli, bizi nəyin xoşbəxt edəcəyini özümüz anlamalıyıq. Əgər azad ola bilməsək, hətta köləliyi də bizə azadlıq adı ilə təqdim edib, bununla xoşbəxt olmağımızı istəyəcəklər. Bir qadın ailəsinə könül xoşluğu ilə qulluq edirsə, onu kölə kimi təqdim edən bir dünya sisteminin və ya bir kişi ailəsində həyat yoldaşına kömək edirsə, onu “qeyri-ciddi” kişi hesab edən çürümüş ənənələrin təsiri ilə, həqiqətən, cəmiyyət xoşbəxt ola bilərmi?! Halbuki həmin qadın və ya kişi iş yerində müdirinə, rəhbərinə və s. qulluq edirsə, “azad” qadın və “ciddi” kişi hesab olunmalıdır və özünü bu statusu qazandığı üçün xoşbəxt hesab etməlidir fikrini nəticə kimi bizə təqdim edirlər.

Əslində xoşbəxtlik barəsində çox şey yazmaq olar. Dünyadakı və ya ölkədəki bütöv bir quruluşu, sistemi dəyişmək indiki anda elə də mümkün görünmür, lakin buna görə xoşbəxt olmağın mümkün olmadığını deyə bilmərik. Hər şeyə dəyər deyil də, qiymət verildiyi bu sistemdə də xoşbəxt olmaq olar. Xoşbəxtlik daha çox fərdiyyətlə bağlı anlayışdır. Bəs hər bir fərdin, eyni zamanda da toplumun xoşbəxtliyini təmin edən bir cəmiyyət düşünə bilərikmi? Jan Jak Russo ictimai müqavilənin əsas bir problemi kimi aşağıdakı fikri göstərir:

“Üzvlərindən hər birinin canını, malını ümumi qüvvə ilə qoruyan elə bir toplum forması tapılmalıdır ki, orada hər insan həm hərkəslə birləşdiyi halda, yenə də öz tabeliyində qalsın, həm də əvvəlki qədər azad olsun”. (5, 17).

Belə bir alternativ cəmiyyət nümunəsi kimi “Birgə Razılaşmaq Cəmiyyəti”ni göstərə bilərik. Burada Fərd anlayışı insan anlayışı ilə ekvivalent təşkil edir. Yəni hər bir FƏRD (İNSAN) dəyərlidir. Uzun əsrlərdən bəri bu fikir  səslənir və təbliğ olunur. Bəs problem nədədir? Niyə hər bir Fərd öz dəyərini anlamır, özünün ən təbii haqqlarını özü pozur? Ya da öz dəyərini anlayır, lakin başqa insanların da dəyərli olduğunu unudur. Bu fikri də müəyyən qədər doğru hesab edə bilərik: “Problem dəyərsizlik hissi deyil, problem özünüzü çox dəyərli hiss etməyinizdir” (4, 14). İndiki cəmiyyətimizdə çox insan balalarının xoşbəxtliyi üçün çalışır, amma öz balasının xoşbəxtliyini düşünən cəmiyyət, başqalarının balasının da xoşbəxtliyini  pozaraq bunu təmin etməməlidir. Heç bir ideologiya Mənim, Sənin, Onun - bizim nə ilə xoşbəxt ola biləcəyimizi dəqiq deyə bilməz, çünki hər bir fərdin xoşbəxtlik anlayışı fərqlidir. Birgə Razılaşma Konsepsiyası da istisna deyil. Sadəcə bu konsepsiyada hər bir Fərdin maraqları təmin olunur. Bu konsepsiya sizə həmin xoşbəxt şəraiti özümüzün – Mənim, Sənin, Onun yaratmalı olduğunu deyir və yol göstərir. Yəni hər kəsə bərabər imkanlar yaradılır, bundan necə faydalanmaq isə Fərddən asılıdır. “Hər kəsi tam olaraq xoşbəxt etməyin mümkün olmadığını”, - deyə bilərik. Bir cəhətdən insanların maraqları toqquşacaqdır. Bunun üçün də Birgə Razılaşma Cəmiyyətində hər bir Fərd öz azadlıqlarını könüllü şəkildə məhdudlaşdırır. Bu konsepsiyada hər kəsin maraqları nəzərə alınır, daha doğrusu, bu maraqların sərhədləri müəyyənləşdirilir.

“Razılaşma Konsepsiyasının təməlində birbaşa olaraq Fərdin (insanın) xoşbəxt yaşamaq haqqı dayanır. Belə bir nəticə çıxarırıq ki, hər kəsin maraqları müxtəlifdir (oxşar və ya eyni də ola bilər) və fərd bu maraqları təmin olunanda xoşbəxt olur. Birgə razılaşma konsepsiyası nəzərindən məsələyə yanaşsaq, bəli, hər kəs öz maraqlarını müdafiə edib onun üçün çalışa bilər. Amma bu maraqlar başqa bir fərdin hüquq və azadlıqlarını pozmasın. Birgə Razılaşma Cəmiyyətində xoşbəxtliyə gedən yol azad və ədalətli cəmiyyətdən keçir. Başqa bir şəkildə fikirləşsək əslində indi də hər kəs xoşbəxt ola bilər. Lakin fərqində olan, düşünən insanlar üçün azadlıq və ədalət olmadan bir cəmiyyəti tam olaraq xoşbəxt hesab etmək olmaz. Cəmiyyətimizi müşahidə edəndə rüşvət alan şəxs rüşvət aldığı üçün, rüşvət verən şəxs də işinin həll olunacağı üçün xoşbəxt ola bildiyini görürük. Lakin başqalarının haqq və hüququnun tapdalanması ilə gələn bu xoşbəxtliyi hansı çərçivədən baxarsaq, düzgün hesab etmək olmaz. Çünki bir və ya bir neçə şəxsin “xoşbəxt” olması başqalarının haqq və hüquqlarının pozulması, kiminsə xoşbəxt olmaq haqqının əlindən alınması hesabına başa gəlmiş olur. Nümunələri istənilən qədər yazmaq olar. Belə nümunələrin sayını istənilən qədər artıra biliriksə, niyə onlardan, problemlərdən deyil də azadlıqdan, xoşbəxtlikdən danışırıq, yazırıq?! Bu suala İlqar Kamilin essesindən bir hissə ilə cavab verərək yazını da bitirirəm:

“...Sonralar buna bənzər bir şeyi Spinozadan da oxuyuram, insanlara köləlikdən deyil, azadlıqdan danışın, deyir Spinoza. Çarə budur: Sürəkli köləliyi qınamaqdansa, azadlığın üstünlüklərindən danışmaq, elə hey bədbəxtliyi pisləməkdənsə, xoşbəxtliyi, xoşbəxtliyi təsvir etmək! İndilərdə başa düşürəm ki, anam da, Spinoza da haqlıymış, sözlərin də xüsusi energetikası, çəkiciliyi, cazibəsi varmış. Və anlayıram ki, bəlkə də tez-tez xoşbəxtlikdən danışanlar, xoşbəxtlər deyil, xoşbəxt olmaq istəyənlərdir”.

                                                 

Ədəbiyyat siyahısı:

 

1.    Allahverdi Ramin. Birgə razılaşma konsepsiyası. “Elm və təhsil” nəşriyyatı. Bakı: 2021. (səh. 125-səh. 132)

2.    Əmirov Eldəniz. İnsan həyatının qeyri-adi riyazi düsturları. Bakı: 2013.

3.    Qustav le Bon. Xalqların və kütlənin psixologiyası. “Qanun” nəşriyyatı. Bakı: 2019

4.    Vəliyev Ədalət. Xoşbəxtlik itirdiyin yerdədir. “Dəyirman” nəşriyyatı. Bakı: 2021.

5.    Jean Jacques Rousseau. Toplum Sözleşmesi. (Çev. Vedat Günyol). Türkiye Bankası Kültür Yayınları. 2019.

6.    Mövlana Celaleddin Rumi. Fîhi Mâ-Fîh. (Çev.Abdülbaki Gölpınarlı). “İnkılap” kitapevi. 2008.

 

 

 

Qeyd: Müəllif Səma Məmmədsalahova bu məqaləsi ilə BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİnin “BİRGƏ RAZILAŞMA KONSEPSİYASI fərdin xoşbəxtliyini təmin edir” adlı yazı müsabiqəsinin iştirakçısı və qaliblərindən biridir.    

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU