FEMİNİZMƏ DAİR BİLGİLƏR

 

 FATİMƏ ƏLİZADƏ

 

FEMİNİZMƏ DAİR BİLGİLƏR

                              

Açar sözlər: feminizm, qadın, qadın və kişi bərabərliyi

 

Feminizm latın mənşəli “femina” kəlməsindən əmələ gəlmiş “qadın” deməkdir. Ümumilikdə, feminizm məfhumu bərabərliyi və toplumsal qruplar arasındakı fərqliliklərin yox edilməsini müdafiə edir. Feminizm kütləvi anlaşılan kişi düşmənliyi düşüncəsinin əksinə olaraq, cinsiyət bərabərsizliyini gündəmə gətirən, ön plana qoyan bir cərəyandır. Sadəcə qadınları deyil, kişiləri də əhatə edən feminizm anlayışı gerçək bərabərliyi ortaya qoymaq məqsədi güdür. Feminizm deyərkən onun tərəfdarlarınının qadınlar olduğu ilk ağıla gəlsə də,  sözügedən cərəyanı müdafiə edən kişilər də vardır. Yəni kişilər də eynilə qadınlar kimi bu yanaşmanı müdafiə edə, dəstəkləyə bilər və gender problemlərinin həll olunması üçün səy göstərə bilərlər. 

 Feminizm patriarxal nizama (düzənə) qarşı mübarizə aparır. Dolayısıyla da bu düzənin cinsi ayrı-seçkilik doğurduğu qaydalara  qarşıdır. Feminist olmanın tənha, tək yaşamaq, kişilərə nifrət etmək kimi şərtləri yoxdur. Çünki feminizm, yalnız bir ədalət axtarışıdır. “Kişiyə aid bütün hüquq və azadlıqlar qadınlara da istisnasız olaraq şamil olunmalıdır. Yəni özünün hüquq və azadlıqlarının tapdalanmasını istəməyən kişi özü ilk növbədə ailəsində olan fərdlərin, xüsusilə də qadınların (anasının, bacısının, xanımının, qızının və s.) hüquq və azadlıqlarını tanımalı və onları nəinki  pozmamalı, həm də hər yerdə müdafiə etməlidir”(1, s. 46).

Feminizmin meydana gəlişi qadın haqları ilə əlaqəli olsa da, sadəcə bununla kifayətlənməmiş, həm də gender bərabərliyini müdafiə etmişdir. Ayrıca irqçiliyə qarşı mübarizə kimi önəmli insan haqları məsələlərin də inkişaf etməsinə təsir göstərmişdir.

Feminizmin tarixi. Feminizm anlayışı ilk olaraq filosof Çarlz  Furer (Charles Fourier (1772-1837))  tərəfindən istifadə olunmuşdur. O, sosial olaraq inkişafın tək yolunun, qadınlara daha çox azadlıq verilməsi olduğu fikrini müdafiə etmişdir. Feminizmin üç əsas dalğası olmuşdur: Birinci dalğa 19-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinə qədər davam edib və daha çox səsvermə hüququ, mülkiyyət hüququ, təhsil almaq, işləyə bilmək imkanı və ədalətli nikah qanunu uğrunda mübarizəni əhatə edib. 1960-cı illərdən başlayan ikinci dalğa zamanı isə diqqət mərkəzində əmək münasibətləri və reproduktiv hüquq olub. Bu dövrdə feminizm hərəkatı üçün mühüm olan iş yerlərində və təhsil müəssisələrində ayrı-seçkiliyin aradan qaldırılması, o cümlədən abort ilə bağlı tarixi qərarlar qəbul edilib. Hal-hazırda biz plüralist və müxtəliflik üzərində qurulan feminizmin 3-cü dalğasını müşahidə edirik. Bu dövrdə feminizm daha geniş kütləni əhatə etməyə başladı və diqqətini əsasən qloballaşma, texnologiya və qadınların həyatına təsir edən digər dəyişikliklərə yönəltdi. Onu da qeyd etmək lazımdır ki, müasir feminizm qadınların seçim hüququna əhəmiyyət verir. Müasir feministlər inanırlar ki, istənilən qadının iddialı və ya ənənəvi həyat tərzi sürmək seçimi olmalıdır. Burada əsas məqam, qadının nə seçdiyi deyil, istədiyini seçə bilməsidir.

Feminizmin növləri. Feminizm ideyası ilk baxışdan sadə görünsə də, çoxları bu hərəkatın məqsədini fərqli anlayır. Bunun əsas səbəblərindən biri feminizmin müxtəlif növlərinin mövcud olmasıdır. Qadınlarla kişilərin bərabər sosial, siyasi və iqtisadi imkanları olması uğrunda mübarizə aparır. Feminizmin digər bir növü sosialist feminizmidir. Bu istiqamət xüsusi mülkiyyət və cəmiyyətin sinfi quruluşunu qadınların ayrı-seçkiliyə məruz qalmasının əsas səbəbi kimi görür.

Feministlər arasında ən kəskin mövqeyə malik olanlar radikal feministlərdir. Onlar bildirirlər ki, kişilərin dominantlıq etdiyi cəmiyyət qadınlara zülm verir və bu səbəbdən cinslər arasında həqiqi bərabərlik olması üçün patriarxal cəmiyyət məhv edilməlidir. Başqa bir maraqlı qrup isə mədəni feministlərdir. Onlar müasir cəmiyyətin aqressivlik və davamlı rəqabət kimi maskulin davranış nəticəsində məhvə doğru getdiyini və bu səbəbdən cəmiyyətin qayğı, dəstək və əməkdaşlıq kimi feminin davranışdan faydalana biləcəyinə inanırlar.

Qədim Türk mədəniyyətində və digər millətlərdə qadın. Azərbaycan bir Türk Oğuz ölkəsidir və bizlər də köklü bir keçmişə sahib Oğuz türkləriyik. Türk tarixində qadın, xatun və ya xanım dəyərlidir və əvəzedilməzdir. Dünya tarix səhifələrini incələsək, qadına türklər qədər dəyər verən və ucaldan ikinci bir millətin olmadığını çox aydın bir şəkildə görə bilərik. Məsələn, Çinlilərdə qadın insan sayılmaz və ad belə verilməzdi. Qız uşaqlarına da ad verməyə ehtiyac duymaz, bir, iki, üç şəklində çağırardılar. Ömrü boyunca qadınlar bir kişinin tabeçiliyində yaşamaq məcburiyyətində idi. Qadın xidmətçi sayılır, həyat  yoldaşı və uşaqları ilə eyni süfrədə otura bilməzdi. Ayaqda dayanıb onlara xidmət etmək məcburiyyətində idi.

Farslarda qadın kişiyə itaət etmək məcburiyyətində qalırdı. Bir kişinin birdən daha çox qadınla evlənməsi normal qarşılanırdı. Sasani İranında fars kişilər qan bağının nikaha mane olmaması səbəbi ilə ana və bacıları ilə evlənə bildikləri kimi, bu mövzuda da təşviq edilirdi.

  Ərəblərin cahiliyə dönəmində qız uşaqlarının torpağa diri-diri basdırılması tarixi bir gerçəkdir. Qız uşağına sahib olmaq başıaşağılıq olaraq görülürdü. Hətta Buddizmin qurucusu Budda, ilk zamanlar qadınları dinə qəbul etməmişdir. Qədim Yunanlarda da qadının bir dəyəri olmamışdır. Qadın eyni bir əşya kimi alınıb satılır və miras olaraq bağışlana bilərdi.  Slavyanlarda (ruslarda) qadın əşya olaraq qəbul edilirdi. Slavyan ailəsindəki uşaqlara da əsir kimi baxılırdı. Ruslar həyat yoldaşı ölən qadını da onunla birlikdə basdırırdılar.

 Türklərdə ailənin təməli qadındır. Bu miladdan öncə də belə idi. Avropa, Afrika və Ərəbistandakı qadınlar kölə olaraq satılarkən türk qadınları hər zaman hür və azad olmuşdur. Qədim türklərdə qadın ailədə söz sahibi olduğu qədər siyasi və iqtisadi əlaqələrdə dövlət yönətimində də söz sahibi olmuşdur. Qadınlar qılıncını yaxşı istifadə edər, ata minər və güləşərdilər. Hətta onlar savaşa da qatılırdılar. Bunlar tarixi gerçəklikdir. Buna görə də qadınları gücsüzlük və zəiflikdə ittiham etməzdən əvvəl Qədim türk tarixinə nəzər yetirməkdə fayda var. Fərqli millətlərdə qadınlara verilən dəyəri xatırladıqdan sonra aydın şəkildə, türk milləti qədər qadınlara dəyər verən ikinci bir millətin olmadığını görmək mümkündür.

Xarici və milli ədəbiyyatda qadının yeri. Feminist yazarlar arasında ən diqqət çəkən isimlərdən ilki Virginiya Volfdur (Virginia Woolf). Volf akademik  təhsil ala bilməsə də, evlərində olan atasına aid kitabları mütailə etməklə özünü inkişaf etdirmişdir. “1920-ci ildə yayımlanan Gecə və Gündüz adlı romanında Volf qadın haqqları, sinfi fərqlilik, evlilik və azadlıq kimi mövzuları detallı şəkildə vurğulamışdır. 1929-cu ildə yayımlanan “Özünə aid bir otaq” əsəri feminist hərəkatın klassik kitablarından hesab olunur. Volf həmin əsərində qadının ədəbiyyatdakı varlığına ayrıca yer vermişdir.  

Azərbaycan xalqının mənəvi sərvəti olan “Kitabi-Dədə Qorqud” dastanında verilən qəhrəman və vətənpərvər kişi obrazları Bayandur, Qazan xan, Dəli Domrul, Uruz, Bozaltı Beyrək, Qanturalı, Buğac, Qaraca çoban və başqaları ilə yanaşı Burla xatun, Banuçiçək, Selcan xatun kimi qadın obrazları da əsas yer tutur. “Kitabi-Dədə Qorqud” eposunda qəhrəmanlıq və vətənpərvərlik duyğularının əhəmiyyətindən danışarkən qoçaq Oğuz igidləri ilə yanaşı heç də onlardan geri qalmayan qadın obrazlarına xüsusi diqqət ayırmaq lazım gəlir. Bu mənada xalqımızın daim işlətdiyi bir aforizmi istifadə etmək yerinə düşər; “Aslanın erkəyi-dişisi olmaz”. Dastanda bütün dastan boyu qadınlar cəmiyyətin bir üzvü kimi qəbul olunur və yüksək qiymətləndirilir. Öz qoçaqlığı, mərdliyi, qəhrəmanlığı ilə kişilərdən heç də geri qalmırlar. Vətənpərvərlik, övlada məhəbbət, ata-anaya hörmət bəsləyirlər.  Əsərdə daha çox diqqəti cəlb edən və bir çox mətləblərin ideya daşıyıcısı olan qadın obrazları mövcuddur. Burla xatun, Banuçiçək, Selcan xanımdan başqa eposda bir neçə qadın obrazlarının olduğu da qabarıq formada özünü büruzə verir. Həmin qadınların yeri və mövqeyi dastanın strukturunda görünür. Bu cərgəyə, Dirsə xanın, Dəli Domrulun və Səyrəyin xanımlarını əlavə etmək olar. “Qazan xanın oğlu Uruz düşmən tərəfindən əsir götürülərkən, uca boylu Burla xatun onu qurtarmağa gedən yoldaşının arxasınca düşmənlə vuruşmağa yollanır. Yaralanmış yoldaşına döyüş meydanında yetişən Burla xatun özünə məxsus ad-sanla qəhrəmanlarla birlikdə vuruşur hünər və şücaət göstərir”(3).

Eposun müxtəlif boylarında təsvir olunan hadisə və əhvalatlarla birbaşa əlaqədə olan bu xanımlar əsərdə qəhrəman qadınlar kimi görünürlər və tipik Azərbaycan qadını obrazını formalaşdırırlar. “Kitabi-Dədə Qorqud”eposundakı Salur Qazan xanın və Dirsə xanın xanımlarından başqa, Banuçiçək və Selcan xatun obrazları da qəhrəman qadın kimi təsvir olunur. Məsələn, dastanda Banuçiçəyi əri ilə birlikdə döyüş meydanlarında döyüşlərdə görürük.

Azərbaycan şairi Hüseyn Cavidin yaradıcılığında qadın problemi, ailədə və cəmiyyətdə qadına münasibət, qadının yeri və rolu məsələsi mühüm yer tutur.   “Mənim tanrım gözəllikdir, sevgidir”, deyən şairi Azərbaycan və ümumiyyətlə Şərq qadınının acı taleyi düşündürməyə bilməzdi. Demək olar ki, Cavidin elə bir əsəri yoxdur ki, orada qadınla bağlı bu və ya digər məsələyə toxunulmasın və bu məsələyə şair öz münasibətini bildirməsin. İyirmi iki pyes və yüzlərlə poema və şeirlərin yaradıcısı olan H. Cavidin əsərlərinin çoxu bilavasitə qadın adı ilə adlandırılmışdır (Afət, Maral, Şeyda, Şəhla və s.). Cavidin təsvir etdiyi qadınlar müxtəlif millətlərə və zümrələrə aiddirlər və bir-birlərindən bir çox cəhətdən fərqlənirlər. Şair əsərlərində müasir qadınların cəmiyyətdə və məişətdə vəzifəsi məsələsi ilə yanaşı, uzaq keçmişdə Şərq qadınlarının ağır həyatını da təsvir edir. lakin istər müasir, istərsə keçmişdə yaşamış qadınları təsvirində Cavidin üsyankar, barışmaz, romantik ruhu özünü göstərir, onun qadına münasibəti, qadın məsələsinin həlli ilə bağlı fikir və düşüncələri əks olunur

Qadın, ey sevimli həmşirə oyan,

Ana, ey nazlı qadın, qalx yuxudan!

Sənin aləmdə vəzifən, hissən,

Nə böyük, həm nə ağırdır, bilsən?!

Qadın! Ey sevgili şəvqətli mələk!

Bu qədər səbri-təhəmmül nə demək?

O lətafət, o nəcabətlə sana

Bu əsarət, bu həqarət nə rəva? (4)

“Qadın” şeirində Cavid, cəmiyyətdə ləyaqəti amansızca alçaldılan, bütün insan hüquqlarından məhrum olan qadına, onun haqqlarını, cəmiyyətdə layiq olduğu yeri qaytarmağın zəruriliyi fikrini ifadə edir. Aşağıdakı şeirdə o, M. Hadi kimi qətiyyətlə çadraya qarşı çıxır, onu “zülmətin pərdəsi”adlandırır:

Olıyor iştə hüququn pamal

Çalış, öyrən, ara, bul, həqqini al!

Pərdeyi-zülmət içindən sıyrıl!

Qəhrəmanlar kimi qavğaya atıl!

Nəticə. Feminizm hərəkatı əhəmiyyətli dəyişikliklərə nail oldu. Bu hərəkat sayəsində, qadınlar səs verə, mühüm siyasi postlar tuta, ənənəvi olaraq kişilərin gördüyü işləri görə bilirlər. Lakin təəssüf ki, mübarizə hələ bitməyib. Dünyanın bir çox yerində, öz ölkəmizdə də qadınlar hələ də konservativ patriarxal cəmiyyətin qurbanlarıdır və nə qədər ki, bu status-kvo dəyişməyib, feminizm hərəkatı da aktual olmaqda davam edəcək.

 

 

ƏDƏBİYYAT

 

1. Ramin Allahverdi. Birgə razılaşma konsepsiyası. Bakı: Elm və təhsil, 2021, 162 s.

2. Virginia Woolf. Gecə və gündüz və özünə aid bir otaq. Bakı: Teas Press, 2022,  216 s.

3. Kitabi-Dədə Qorqud “Qazan xanın oğlu Uruzun əsir götürüldüyü boy”. Bakı:  2017,  208 s.

4.  Hüseyn Cavid.  “Qadın” şeiri. Bakı: Çaşıoğlu,  2014, 173 s.

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU