1. BİRGƏ RAZILAŞMA KONSEPSİYASI
BİRGƏ
RAZILAŞMA KONSEPSİYASI
Ramin Allahverdi
Filologiya üzrə fəlsəfə doktoru
allahverdiyev1983@mail.ru
Açar
sözlər: Birgə razılaşma, konsepsiya,
“Mən, Sən və O”, cəmiyyət
Hələ XIV
əsrdə dahi Nəsimi “Həqqin kəlamı məndədir, sanma məni həqdən kənar” (1; 133) deyimi
ilə insanın (fərdin) dünyanın fövqündə dayandığını, hətta tanrının özü olduğunu
(“Həqq-talə adəm oğlu özüdür”) cəsarətlə söyləyir. Lakin, təəssüflər olsun ki,
sonrakı dönəmlərdə tədricən insan (fərd) amili arxa plana keçməyə başlayır və
beləcə də insanın faciəsi qaçılmazlaşır. Özünə xidməti unudan insan ali kimliyini Avropada İntibah dövründə,
həmçinin, sonra maarifçilərin köməyi ilə yenidən diqqət mərkəzinə gətirə bilir
və müəyyən ideolji mülahizələr formalaşmağa başlayır ki, bunlardan biri də
insanın azadlığı ilə bağlı məsələdir.
Bəlli
olduğu kimi, insan anadan olduğu gündən azad dünyaya gəlir. Onunla birlikdə
təbiətin bəxş etdiyi ilk haqqı - Azad olmaq haqqı da yaranmış olur. Mən (eləcə
də, Sən və O, yəni biz – cəmiyyəti təşkil edən insanlar) beləcə təkbaşına Azad
olmaq haqqına sahib oluram.
Deməli,
təkbaşına yaşam tərzində hər şeyə haqqım çatır (Həmçinin, Sən və Onun da belə
bir təbii haqqı var). Əslində bu cür yaşamaqla Mən tam azad oluramsa, bəs niyə
belə bir imkanlarımın müəyyən hissəsini məhdudlaşdırmaqla Sən və Onunla bir
yerdə yaşamağı (yəni cəmiyyət halında yaşamağı) seçməliyəm?
Burada
bəzi məqamları izah etməyə çalışaq. Tomas Hobs (Thomas Hobbes) “Leviathan” əsərində
təməl azadlıqlardan bəhs edərkən yazır ki, insanın sahib olduğu təbii haqq (jus
naturale) özünün varlığını qorumaq üçün
öz gücündən istədiyi kimi, əqil və mükakiməsinə görə (dərk etdiyi kimi) ən
uyğun saydığı üsullarla hər şeyi etmək azadlığıdır.
Azadlıq
kənar maneələrin olmaması kimi anlaşılır. Həmin maneələr çox vaxt insanın
arzuladığı şeyləri etmək imkanını məhdudlaşdıra bilər, lakin onun azadlığı öz imkanlarından yenə də öz əqil və
düşüncəsinə uyğun istifadə etməsidir.
Filosof
eyni zamanda izah edir ki, hər kəsin hər şey üzərindəki təbii haqqının olmasını
əsas götürərək yaşamağa davam etməsi bir insan üçün əslində nə qədər, güclü və
ya ağıllı olmasından asılı olmayaraq təbiətin normalda onun yaşamasına imkan
verdiyi müddətin sonuna qədər sağ qalma (yəni öz əcəli ilə ölmək – R.A.) zəmanətinə
malik ola bilməz (2; 100-101).
Başqa cür
desək, Mənim hər şeyə haqqım çatdığı kimi, Sənin və Onun da haqqı çatır. Bu
zaman maraqlarımızın toqquşması qaçılmaz olur və aramızda dava-dalaş, savaş
başlayır. Yəni hər birimiz təbii haqqımızın olduğunu iddia etdiyimizi əldə
etməyimiz uğrunda savaşa sürüklənmiş oluruq. Ona görə də belə təbii haqqa
əsaslanan azadlığımız bizi müharibə şəraitində saxlayır. Belə vəziyyətdən
çıxmaq üçün isə T.Hobsun təbirincə desək, “sülhü axtarmaq və izləmək”
zərurudir. Bu isə qarşılıqlı razılaşma əsasında birgə yaşamağımızdan keçir.
Deməli,
birgə yaşayış əslində Mənim (eləcə də Sənin və Onun) təhlükəsiz yaşamağım üçün
ilk növbədə özümə lazımdır. Birlikdə yaşamağın faydalarını isə hələ ibtidai
insanlar kəşf edərək, fövqəladə vəziyyətlərdən qorunmaq, təbiət hadisələri
qarşısında aciz qalmamaq, vəhşi heyvanlardan mühafizə olunmaq, qidanı birgə əldə etmək və s. üçün kiçik
qruplar halında birləşməklə sübut etmişlər. Bu, elə birgə yaşayışın kortəbii də
olsa fəlsəfi əsasının qoyulması demək idi.
Cəmiyyət halında birləşməkdən ötrü insanların
təbii haqqının, azadlığının qismən məhdudlaşdırmasının səbəblərini təhlil edən ingilis
filosofu Con Lokk yazır: “İnsan təbii vəziyyətində tam azaddırsa, özü-özünün və
mülkiyyətinin mütləq (tam) ağasıdırsa, heç kimə tabe deyilsə, niyə bu səltənətindən
əl çəkib hansısa başqa bir gücün nəzarətinə özünü tabe etdirməlidir? Bunun aydın bir cavab odur ki, baxmayaraq, təbii vəziyyətində
insanın belə bir haqqı var, lakin ondan yararlanmaq imkanı müəyyən edilmiş deyil
və daima başqalarının təcavüzünə məruz qalır. Digərlərinin də belə azadlığının
olması səbəbindən insanın malik olduğu mülkiyyətdən istifadə etməsi son dərəcə
təhlükəli və müdafiəsiz olur. Beləcə insan
azad, lakin qorxulu və davamlı təhlükəli vəziyyətlərdən imtina etməyə məcbur
qalır. Ona görə də o, mənim hamısını bir yerdə mülkiyyət adlandırdığım həyat,
azadlıq və əmlaklarının qarşılıqlı müdafiəsi üçün birləşmiş, yaxud da birləşmək
istəyən başqa insanlarla cəmiyyət yaratmağa çalışır” (3; 159).
Beləliklə,
Mən, Sən, O başa düşürük ki, birgə yaşamaq, təkbaşına yaşamaqdan daha
faydalıdır. Lakin birgə (cəmiyyət olaraq) yaşamaq üçün biz, yəni Mən, Sən və O
öz şəxsi (fərdi) azadlığımızın müəyyən
hissəsinin məhdudlaşdırlmasına könüllü olaraq razı olmalıyıq.
Mən
hazırkı yazıda “Mən, Sən və O” ifadəsini “cəmiyyət” sözünün sinonimi kimi işlədirəm. Çünki cəmiyyət deyəndə əksəriyyət
elə bilir ki, fərd olaraq onun da daxil olduğu birlikdən söhbət getmir, hansısa
kənarda bir nəsnə barəsində danışırıq.
Bütövlükdə
insanlığı şərtləndirən əsas amil əslində hamının xöşbəxt olmaq istəməsidir. Bu
gün hər kəsin kəsişdiyi ortaq bir nöqtə var – XOŞBƏXT OLMAQ istəyi. Lakin
fərqli məqam ondadır ki, bu xoşbəxtliyi
hərə bir cür anlayır ( biri ürəyincə karyera quranda özünü xoşbəxt sanır, biri
uşağına bir tikə çörək tapanda və s.) .
Bəs bunu
verə biləcək mühiti, şəraiti, cəmiəti, məmləkəti, ölkəni kim yaratmalıdır?
Əlbəttə, XOŞBƏXT OLMAQ istəyənlər. Bunlar kimlərdir? - Cəmiyyəti təşkil edənlər, cəmiyyət olub
(halında) yaşayan insanlar. Bunlar kimlərdir? – Əlbəttə, MƏN, SƏN və O (yəni
hər bir cəmiyyət üzvü).
Beləliklə,
Mən, Sən və O, BİRGƏ RAZILAŞMA əsasında maraqlarımızı təmin edən birlik və ya
cəmiyyət yaradırıq. Üzü qədimdən, yəni
elə ilk insan birlikləri yaranandan bəri institutlaşmış yazılmamış qaydalar,
adət-ənənələr, tabular, mərasimlər, rituallar, dini ayinlər və s. əslində
kortəbii də olsa BİRGƏ RAZILAŞMAdır və cəmiyyətdəki münasibətləri pis-yaxşı
nizamda saxlamışdır.
Rasional
olaraq birgə yaşayışın üstünlüklərinin tək yaşamaqdan qat-qat artıq olduğunu
dərk edən Mən, Sən və O qərara gəlirik ki, birgə yaşamaq, yəni cəmiyyət olmaq,
cəmiyyət kimi yaşamaq kifayət qədər əhəmiyyətli olduğuna görə özümüzə aid olan
azadlıqlarımızın müəyyən bir hissəsini məhdudlaşdırmağı məqsədəuyğun sayırıq və
toplum halında birləşirik. Birlik yaratdıqda, yəni cəmiyyət olduqda təbii ki,
hər birimizin maraqları da vardır ki, bu maraqlar bizi toqquşmalara gətirməsin
deyə qarşılıqlı BİRGƏ RAZILIĞA gəlirik.
Təklif
etdiyimiz BİRGƏ RAZILAŞMAnın əsas müddəalarını, tezislərini aşağıdakı kimi
qəbul edə bilərik:
1.
Mən (yəni insan, fərd olaraq) ən
ali varlığam.
2.
Mənim (hər bir insanın, fərdin)
azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz
dəyərimdir.
3.
Mən
(hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq,
xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın)
azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.
4.
Mənim
(bir insanın, fərdin) azadlığım yalnız və yalınız Sənin və Onun (digər
insanların, fərdlərin) hüquqları,
haqları başlayan yerdə bitir.
5.
Mən,
Sən və Onun (insanların, fərdlərin) birliyi suverendır (müstəsna
səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri olmaq deməkdir. Bu
suverenlik, müstəsna səlahiyyət bizə yuxardakı müddəaları nəzərə alaraq
istədiyiimiz kimi yaşamağımızın (fəliyyət göstərməyimizin) zəminidir. Həmin müstəsna
səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət)
yaradıb ona verə bilərik.
6.
Qəbul
etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni
hər birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər Ali qanunlar;m;zla
cəzalandırılmalıdır.
7.
BİRGƏ
RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız
Mənim, Sənin və Onun (razılaşmanı qəbul edən hər bir fərdin) razılığı ilə dəyişdirilə bilər.
Hesab
edirəm ki, bu tezislər Mənim - yəni insanın, fərdin mərkəzdə dayandığı BİRGƏ
RAZILAŞMA adlandırdığımız fundamental ideoloji konsepsiyanın əsas müddəaları
kimi qəbul oluna bilər. Bu müstəvidə geniş, hərtərəfli müzakirələrin aparılması
toplumun başlıca ideoloji sütünunun formalaşması və aydınlaşması baxımından çox
faydalı olar.
ƏDƏBİYYAT
1.
İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: “Lider
nəşriyyatı”, 2004.
2. Thomas
Hobbes. Levitihan. Wordsworth Editions
Limited. 2014.
3. Jhon
Locke. Two Treatises of Government. In
Ten Volumes. Vol. V. London: Printed for Thomas Tegg; W. Sharpe and Son; G.
Offor; G. and J. Robinson; J. Evans and Co.: Also R. Griffin and Co. Glasgow; and
J. Gumming, Dublin. 1823.
Comments
Post a Comment