16. BİRGƏ RAZILAŞMA və MÜXALİFƏT


16. BİRGƏ RAZILAŞMA və MÜXALİFƏT

Bu yazıda iki mühüm məsələyə aydınlıq gətirməyə çalışacağıq:
1. MÜXALİFƏT nədir?
2. BİRGƏ RAZILAŞMAya əsaslanan cəmiyyətdə MÜXALİFƏT necə olmalıdır?
1. Cəmiyyətimizdə insanın (Fərdin) AZADLIĞInı anlada biləcək bir sıra məfhumlar kimi MÜXALİFƏT anlayışı da həqiqi məzmununa müvafiq biçimdə deyil,  müxtəlif maraqlı qüvvələrin istəklərinə uyğun şəkildə təhrif olunmaqla izhar edilməkdədir. Bəs əslində məsələ necədir?
MÜXALİFƏT - ilk növbədə cəmiyyətin (eləcə də dövlətin, hakimiyyətin və s.) idarə olunması ilə bağlı özünün müfəssəl, aydın ideologiyası (ideoloji konsepti, gələcəklə bağlı əsaslı konsepsiyası) olan, eyni zamanda həmin ideologiyaya əsaslanaraq, ətrafında sosial dayaq toplaya bilən və hər an ortalığa çıxmağa qadir alternativ bir siyasi qüvvədir, gücdür.
İstənilən cəmiyyətdə MÜXALİFƏTin varlığı, mövcud olub-olmaması 3 mühüm amillə şərtlənir.
1. MÜXALİFƏT müfəssəl, aydın bir ideologiyaya sahib olmalıdır;
2. MÜXALİFƏT öz ideologiyası ətrafında sosial baza formalaşdırmağı və ideologiyaya əsaslanan ALTERNATİV SİSTEM kimi meydana çıxmağı bacarmalıdır;
3. MÜXALİFƏT dəqiq müəyyən edilmiş hədəfə və ona çatmaq üçün yetərli strategiyaya, taktiki gedişlərə malik olmalıdır.
Göstərilən bu 3 amilin yoxluğu hər hansısa bir ölkədə MÜXALİFƏTin faktiki olmamasına dəlalət edir. Deməli, burada MÜXALİFƏTdən yox, onun imitasiyasından danışa  bilərik.
Bəs MÜXALİFƏTİ imitasiya etmək nə deməkdir? Bu kimə və nə üçün lazımdır? Əlbəttə, ölkə daxilində və beynəlxalq aləmdə demokratik legitimliyini nümayiş etdirmək üçün yalançı da olsa, MÜXALİFƏTin (imitasiyalı olsa da) mövcudluğu, ilk növbədə  İQTİDARın özünə lazımdır. Xüsusilə, üzdə demokratik görsənməyə çalışan, lakin mahiyyətcə avtoritar idarəetmələrdə bütün prosesləri nəzarətdə saxlaya bilməsi üçün onlara yalnız və yalnız tam nəzarət edə biləcəkləri bir “MÜXALİFƏT” formalaşdırmaq lazım gəlir.
İqtidar tərəfindən yaradılan bu tip müxalif qüvvələrə (partiyalara) elmi-siyasi ədəbiyyatlarda “Cib müxalifəti”, “Sistem müxalifəti” və s. də deyirlər. Fikrimizcə, MÜXALİFƏT məfhumunun mahiyyətini ehtiva etmədiyinə görə, belə siyasi qüvvələri İQTİDAR OYUNCAĞI adlandırmaq daha məqbuldur.
Beləliklə, İQTİDAR tərəfindən aşkar və qeyr-aşkar üsullarla legitimlik verilərək beynəlxalq aləmə və daxili auditoriyaya müxalifət kimi sırınmağa çalışılan faktiki heç bir təsir mexanizmi olmayan yalnız müxalifət imitasiyası yaradan siyasi qruplara İQTİDAR OYUNCAĞI deyirik. Birinci aşkar üsullarla yaradılan İQTİDAR OYUNCAĞI aydın şəkildə nümayişkəranə bir tərzdə həyata keçirilir ki, cəmiyyət və beynəlxalq aləm müxalifətin İQTİDARI dəstəkləməsini görsün. Yəni bu zaman cəmiyyət fərqində ola bilir ki, “müxalifət” adlandırılan həmin siyasi qruplar (partiyalar, liderciklər və s.) əslində iqtidarın oyuncağıdır. İkinci qeyri-aşkar üsullarla isə mövcud olan və bir zamanlar özündə həqiqətən müxalif məzmunu daşıyan siyasi qüvvələr incə bir şəkildə, hiyləgər strateji və taktiki gedişlərlə oyuncağa çevirilir. Bu ikinci gedişi çox vaxt cəmiyyət qavraya bilmir, bəzən hətta həmin qüvvlərin lidercikləri belə özləri oyuncağa çevrilirlər və heç bundan xəbərləri belə olmur. Cəmiyyət üçün ən təhlükəlisi elə budur. Çünki cəmiyyət həqiqətən bu zaman çaş-baş qalır.
 Təbii ki, belə hiyləgər siyasi gedişlər elə incə bir şəkildə edilməlidir ki, cəmiyyət bu süniliyin fərqində ola bilməsin. Əgər cəmiyyət süniliyin fərqinə vara bilsə, hər şey nəzarətdən çıxa bilir. İQTİDARın, xüsusuilə, cəmiyyətdə   özünə xalqın müəyyən bir kəsimi tərəfindən də olsa sosial baza toplamış MÜXALİF qüvvələrini oyuncağa çevirməyi olduqca hiyləgərliklə həyata keçirilir. Buna görə də cəmiyyətin əksər hissəsi (hətta çox zaman siyasi aktiv hissə belə) bunu hiss edə bilmir, anlaya bilmir və iqtidarın siyasi tələsinə düşərək elə başa düşürlər ki, ölkədə bir real müxalif qüvvə (lider) varsa, elə onların bildikləri qruplardır (partiyalardır, liderciklərdir və s. hansı ki, tez-tez “təzyiqlərə” məruz qalırlar və s.). Əslində isə həmin müxalif qrupun (liderin və s.) iqtidar tərəfindən bir oyuncağa çevrildiyini görə bilmirlər və iqtidarın oyununa gəlmiş olurlar. Bu, necə həyata keçirilir? Sadə şəkildə izah etməyə çalışaq.
Misal:  Tutaq ki, 10000 əhalisi olan Nargin adasında bir dövlət var və onun iqtdarının başında Mən dayanıram. Təbii ki, ən əsas məqsədim hakimiyyətimi bütün üsullarla uzun müddətə əldə saxlamaqdır. Bunun üçün əlimdə hər cür imkanlarım var və bundan maksimum istifadə edəcəyəm. 
Birinci işim, ilk növbədə sözün əsl mənasında yuxarıda qeyd etdiyim 3 amili özündə cəmləşdirə biləcək əsl MÜXALİFƏTin yaranmasının qarşısını almaqdır. Lakin mənə həmçinin, həm beynəlxalq aləmdə, həm də ölkə daxilində legitimliyim üçün (görüntü üçün) “müxalifətin” olması vacibdir. Buna görə, özümün nəzarət edə biləcəyim, bu və ya digər formada idarəsini yönləndirə biləcəyim,  “müxalifət” (müxalif partiyalar, liderciklər və s.) yaradıram. Bu prosesi əsasən iki istiqamədə həyata keçirməyim lazımdır. 1. Əksəriyyətə əsl kimliyi məlum olan “müxalif” qüvvələri - məni tərənnüm edən partiyaları, lidercikləri formalaşdırıram, onları müxtəlif vasitələrlə əlimdə saxlayıram və aləmə müxalifət kimi sırıyıram. Onların əsl kimliyini xalqın özü də aşkar şəkildə görə bilir.  
İkinci halda isə, ustalıqla nə vaxtsa tarixin hansısa boşluğunda bir fürsət tapıb yaranmış müxalif siyasi qüvvələri (partiya və xüsusilə, onun zəkadan məhrum funksionerlərini) oyuncağa çevirirəm (çox vaxt nəinki cəmiyyət, hətta həmin siyasi qrupların “lidercikləri” də bunu anlaya bilmirlər).
Əvvəlcə, müəyyən edirəm ki, bu siyasi qrup mənim hakimiyyətim üçün nə dərəcədə təhlükəlidir. Əgər yuxarıda mən sadaladığım prinsiplər həmin siyasi qrupda (partiyada)  varsa (yəni ideoogiya, sosial bazası, aydın hədəf ), həqiqətən bu, ciddi bir təhlükədir, mütləq onu məhv etməliyəm. Yox əgər yoxdursa və əminəm ki, həmin siyasi qrupun səriştəsiz funksionerləri 100 il də çalışsalar cılız ağıl və dərrakəylə mənim hakimiyyətimi əlimdən ala bilməzlər. Bu zaman onları qətiyyən məhv etməyib, əksinə hakimiyyətimin ömrünü uzatmaları üçün onlara özüm legitimik verirəm ki, əbədi “müxalifət” olsunlar. Çünki onların əlindən onsuz da bir iş gələn deyil.
Bir az da fikrimi sadə formada izah etməyə çalışım.
Tutaq ki, belə bir partiya var “Deyingənlər” partiyası, sədri də Şahqulu adlı bir özündən müştəbehdir. Baxıb görürəm ki, bu partiyada ən küt adam elə onun sədrdir. Əlbəttə, bu Şahqulu siyasi prosesləri dərk edə biləcək bir zehniyyətdə deyil. Eyni üsulları təkrarlamaqla mənə qalib gəlməyə çalışan bir fərsizdir. Lakin Şahqulunun hədsiz eqoizmi var və siyasi səbatı olmadığından özü də bilmədən mənim oyuncağıma çevrilir.  Bu ağıl və dərrakə ilə 100 il də qalsa mənim hakimiyyətimə xətər yetirə bilməz.  Əksinə özü də bilmədən mənə son dərəcə faydalı olur. Kifayətdir ki, onun vasitəsi ilə partiyasını, eləcə də bütövlükdə bir cəmiyyəti incə bir şəkildə manupulyasiya edə bilirəm.
Bəs bunu necə edirəm, çalışıb detallı aydınlaşdırım.
Bəsit qaydalar var. 1.  Şahqulunu daim gündəmdə saxlamaq lazımdır və əhalinin də gözünə bunun ən təhlükəli və əsl müxalifət olduğunu, mənim isə ondan qorxub-çəkindiyimi bir şəkildə incə formada nümayiş etdirirəm. Məsələn, göstəriş verirəm güc strukturlarına Şahqulunun ətrafında olanlardan həbs etsinlər. Müavini Fatmanisəni keyfim istəyən maddə ilə həbsə saldırıram.  Fatmanisənin həbsi ilə artıq müxalif media xəbərin üstünə düşür. Bu zaman hamı gəlir partiya sədrinin yanına ki, bəs, Şahqulu, bu nə deməkdir? Şahqulu da dərk etmədən başlayır ki, bəs hakimiyyət mənə təzyiq etmək üçün (sehrli cümlə budur) mənim müavinimi həbs edib (halbuki, istəsəm bu Şahqulunun başını qarpız kimi partlatdıra bilərəm və üstündən də su içərəm gedər). Bu kütbeyin mənim hiyləgər gedişimi anlamır ki, əslində mən bu Şahqulunu gündəmdə saxlamaq üçün onun müavinini həbs etdirmişəm (yeri gəlmişkən, bu səbatsız əgər bunu dilinə gətirsə, mənim belə strateji gedişim alt-üst ola bilər, ancaq onda o baş hardadır?!). Onun özü kimi fanatikləri də bu fikirləri tirajlayırlar. Beləliklə də, cəmiyyətin də əksər hissəsində belə bir fikir formalaşır ki, məmləktdə var-yox bir müxalifət varsa, o da Şahqulu və onun Deyingənlər Partiyasıdır. Beləliklə də mən öz istəyimə çatıram. Belə ki, kütbeyin Şahqulu özünün bu cür axmaq davranışları ilə əslində yeni liderlərin və həmçinin sağlam müxalif düşərgənin meydana gəlməsinin qarşısını alır. Buna görə də onu “müxalif lider” kimi daim gündəmdə saxlamalıyam. Əgər meydandan onu çıxarsam həqiqi mənada müxalif liderlərin yetişməsi üçün münbit şərait yaranmış olar. Elə “ilanı Əhmədin əli ilə tuturam” da.
2. Məqalənin ikinci sualına keçək. Görək, BİRGƏ RAZILAŞMAya görə MÜXALİFƏT necə olmalıdır?
Qeyd etməliyik ki, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI onun əsas, fundamental tezisləri ilə ziddiyyət təşkil etməyən bütün qrupların, birliklərin fəaliyyətini təqdir edir.
Konsepsiyamıza görə, ilk olaraq, MÜXALİFƏT yuxarıda sadaladığım 3 amili özündə ehtiva etməlidir.
Birinci amilə görə, MÜXALİFƏT müfəssəl, aydın bir ideologiyaya sahib olmalıdır. Fərqli tarixi dönəmlərdə bu və ya digər məfhumlara, xüsusilə də   dövlət, hakimiyyət məsələlərinə münasibətdə müxtəlif, çoxtərəfli ideoloji yanaşmalar (məsələn: quldarlıq, feodal, kapitalist, komunist, sosialist, liberalist və s.) mövcud olmuşdur. İdeoloji müxtəliflikdən asılı olmayaraq,  MÜXALİFƏTin istənilən bir (özünəməxsus) ideologiyasının olması onun müəyyənləşmiş kimliyini aydınlaşdıran ən başlıca amilə çevrilir. Bəlli bir ideologiyasının olması ilə MÜXALİFƏT ilk nöbvədə özü üçün aydınlaşdırmış olur ki, o nə istəyir?! Nə istədiyini aydın bir şəkildə anlayan MÜXALİFƏT daha sonra cəmiyyətə də bu istəyini izah etməyi bacarır.
Beləliklə, ikinci amil - MÜXALİFƏT öz ideologiyası ətrafında sosial baza formalaşdırmağı və ideologiyaya əsaslanan ALTERNATİV SİSTEM kimi meydana çıxmağı bacarmalıdır tezisi zəruriləşir.
Nə istədyini aydın şəkildə bilən MÜXALİFƏT öz ideologiyasına inandırmağı bacarması müqabilində cəmiyyətin bu ideyaları qəbul edib, dəstək verərək ətrafında birləşməsini təmin etmiş olur.
Ortalığa qoyduğuğu sağlam ideologiyaya inanaraq dəstək çıxanların sayı artıqca əslində MÜXALİFƏT tədricən legitimlik qazanmış olur. Bu legitimliyi isə MÜXALİFƏTə məhz xalq özü vermiş olur. Xalq tərəfindən legitimlik əldə etməyi bacarmış MÜXALİFƏTin artıq zərurətdən doğan ALTERNATİV SİSTEM formasında təzahür etməsi labüdləşir.   
Və nəhayət üçüncü amil - MÜXALİFƏT dəqiq müəyyən edilmiş hədəfə və ona çatmaq üçün yetərli strategiyaya, taktiki gedişlərə malik olmalıdır ki, müəyyən edilmiş ideologiyasını gerçəkləşdirə bilsin.   
Yəni MÜXALİFƏT tərəfindən əvvəlcədən özünün təsbitlədiyi ideolji bazası əsasında cəmiyyətdə yaşam tərzini formalaşdırmaq üçün aydın hədəfi  müəyyənləşməlidir. Bu hədəfə çatmaq üçün isə resursları qorumaq şərtilə maksimum təhlükəsiz, sistemli strategiya müəyyən edilməli və taktiki gedişlər saat dəqiqliyi ilə addım-addım həyata keçirilməlidir.

Ramin Allahverdi

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU