4. BİRGƏ RAZILAŞMA və QANUNLAR

4. BİRGƏ RAZILAŞMA və QANUNLAR

 

BİRGƏ RAZILAŞMA Mən, Sən və Onun  (yəni cəmiyyətin bütün üzvləri) tərəfindən yekdilliklə qəbul edilən ən ali RAZILAŞMAdır və buna görə də birbaşa hüquqi qüvvəyə malikdir. Qurduğumuz Birgəyaşamın (cəmiyyətin) ayrı-ayrı fərdlərinin bir-biri ilə bütün münasibətlərini tənzimləyən qaydalara (normativlərə) ehtiyac yarandığına görə müvafiq sahələr üzrə qaydalar sisteminin (normativ hüquqi aktların) qəbul edilməsi zərurəti meydana çıxır. Həmin qaydalar sisteminə (normativ-hüquqi aktlara) Qanun deyirik. Qanun elə bir ali normativdir ki, qəbul edilib qüvvəyə mindikdən sonra hər kəsin ona tabe olub riayət etməsi məcburi xarakter alır. Qanunlar qəbul edilərkən Ali Qanun statusunda olan BİRGƏ RAZILAŞMAnın bütün müddəaları əsasında, onlara zidd olmayaraq qəbul olunmalıdır.

 Beləliklə, hər birimizin yekdilliklə iştirakı ilə qəbul edilmiş BİRGƏ RAZILAŞMA Ali Qanundur və bütün digər qanunlar, yəni qanunvericilik bazası məhz onun əsas tezisləri üzərində formalaşmalıdır. BİRGƏ RAZILAŞMAnın aliliyi Mən, Sən və Onun, yəni cəmiyyətin üzvləri tərəfindən birmənalı qəbul olunmalı və bütün müddəalara mütləq qaydada əməl edilməlidir. BİRGƏ RAZILAŞMAnı şüurlu surətdə qəbul edən hər bir şəxs onun müddəalarına, tələblərinə ilk növbədə özü əməl etməlidir. Əgər kimsə bilməyərəkdən və yaxud bilərəkdən BİRGƏ RAZILAŞMAnın hamılıqla qəbul edilmiş müddəalarını (eləcə də onun əsasında hazırlanmış qanunları) pozarsa, buna görə mütləq cavab verməli (məsuliyyətə cəlb olunmalı) və ədalətli şəkildə cəzalandırılmalıdır. 

Tutaq ki, bizim hamımız üçün nəzərdə tutulan istirahət parkında oturmaqdan ötrü bir skameyka var. Lakin sıramızdan bir nəfər onu sındırır, yaxud oğurlayır. Bununla da o, bizim (Mənim, Sənin və Onun) həmin əşyanın üzərində olan haqlarımızı tapdalayır. Onun bu hərəkəti bizi bir araya gətirən, bizim haqlarımızı qoruyan BİRGƏ RAZILAŞMAYA qəsd olduğu üçün cəzalandırılması labüddür. Bu mənada BİRGƏ RAZILAŞMA Mənim, Sənin, Onun, yəni bizim hüquq və azadlıqlarımızın ən əvəzolunmaz müdafiəçisidir. Yetər ki, bunun fəlsəfəsini anlayıb şüurlu şəkildə tələblərinə əməl edək (onsuz da əks halda məcburi riayətetmə qaçılmazdır).

Sadə bir misal çəkək. Məsələn, hamılıqla belə bir qaydanı qəbul etmişik ki, piyada olaraq yolu ancaq işıqforun yaşıl işığı piyadalar üçün yananda keçməliyik. Qırmızı işıq yananda isə yolu keçmək qadağandır, yəni mütləq dayanıb gözləməliyik (maşın gəlmir və ya yol polisi yoxdur deyə keçməli deyilik). Beləliklə, biz bu qaydanı şüurlu şəkildə qəbul etdik və deməli, mütləq əməl etməliyik. Amma çox zaman bu qaydanı cəmiyyətin üzvləri pozurlar. Yəni burada seçim ixtiyarı bizim əlimizdə olanda bəzilərimiz həmin qaydanı pozaraq yolu qırmızı işıqda keçirik (maşın gəlmir, yol polisi yoxdur düşünərək).

Əslində isə həmin vəziyyətdə hər şey yalnız Mən, Sən və Ondan, yəni bizdən (cəmiyyətin üzvlərindən) asılıdır, seçim azadlığımız var (yəni istəsək qırmızıda, istəsək də gözləyib yaşıl işıq yanada keçə bilərik), biz qanunun tələbinə tam əməl edərək işıqforun qırmızı işığının sönməsini və yaşılın yanmasını gözləməyə borcluyuq. Çünki hamılıqla qəbul etdiyimiz qayda bunu tələb edir. Təəssüf ki, bizim cəmiyyətdə hazırda qanunlara biganə, hətta aşağılayıcı münasibət var. “Qanunlar pozulmaq üçündür” deyimi də məhz bu münasibətin (düşüncənin) linqivistik təzahürüdür. Belə düşüncə modeli isə tamamilə zərərlidir və əslində bizim hər birimizi hədəfləyir.

 Bu düşüncə tərzi bizim sıralarımızdan çıxan hansısa hakimin ondan tamamilə asılı olan qərarı verərkən qanunazidd qətnaməni çıxarması ilə təfəkkür modeli kimi, demək olar ki, eynidir. Başqa cür desək, seçim azadlığı olan bəzilərimizin yolu qırmızı işıqda keçmək qadağandır qaydasını pozması ilə bir hakimin seçim azadlığı olsa da ədalətsiz qərar çıxarması zeyniyyətcə eynilik təşkil edir.

Qəbul etməliyik ki, BİRGƏ RAZILAŞMAya əsaslanan qanun qarşısında hamı bərabərdir və hamı eyni məsuliyyəti daşıyır. Əgər Mən, Sən, O, yəni biz qanunu pozuruqsa, ən azı elə özümümüz öz haqlarımızı tapdaladığımıza görə mütləq cəzalanmalıyıq.

BİRGƏ RAZILAŞMAnın tərəfdarı olan Mən, Sən, O, yəni biz :

1.     İlk növbədə qəbul edilmiş qaydaya tabe olmalıyıq;

2.     Əgər qaydanı bilərəkdən və ya bilməyərəkdən pozmuşuqsa, mütləq cəzalandırılmalıyıq;

3.     Cəmiyyətin digər üzvləri qanununu pozanın cəzalandırmasını tələb edib buna nail olmalıdırlar.

 

Beləliklə, ali olan BİRGƏ RAZILAŞMAnı qəbul etmişəmsə, onun qaydalarını pozduğum halda, özüm cəzalandırılmalı, atam, anam, qardaşım, bacım, dayoğlu, bacıoğlu, biboğlu, xaloğlu, nənə, baba, qonşum, tanış-biliş, dost, qohum-əqraba və s. pozublarsa, onlar cəzalandırılmalı, mən özüm də tələb edərək buna nail olmalıyam. “Əzizim əzizdir, tərbiyəsi ondan da əzidir” prinsipi üzrə hərəkət edilməlidir. Qədim Romada olduğu kimi, “Qoy Roma məhv olsun, təki qanun yaşasın”.

  Ramin Allahverdi


Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU