3 RASİONAL BİRGƏ RAZILAŞMA VƏ AĞSAQQALLIQ İNSTİTUTU


RASİONAL BİRGƏ RAZILAŞMA VƏ AĞSAQQALLIQ İNSTİTUTU

Artıq qeyd etdiyim kimi, BİRGƏ RAZILAŞMA Mən, Sən və Onun, yəni cəmiyyət üzvlərinin qarşılıqlı anlaşma şəraitində öz azadlıqlarının müəyyən bir hissəsini daha faydalı olan Birgə yaşayış (cəmiyyət olaraq)  naminə məhdudlaşdırılmasına könüllü olaraq razılaşmasıdır. Təbii ki, cəmiyyətin ilkin mərhələlərində bu birgəyaşayışlar (birliklər) əsas etibarilə kortəbii xarakter daşıyırdı və müxtəlif rituallar, mərasimlər, ayinlər, adət-ənənələr və s. ilə təmsil olunurdu.
Bu günün özündə də Qanun (Birgə razılaşma), yəni rasional olan razılaşmalar işləmədiyi yerlərdə cəmiyyət, təəssüflər ki, həmin adət-ənələrə, ayinlərə və s. əsasən, yəni kortəbii Birgə razılaşmalara uğun olaraq yaşayır.
Belə kortəbii qaydalar sistemindən ibarət adət-ənənələrdən biri də Ağsaqqallıqla bağlıdır. Bəs görək bu ağsaqqallıq nə deməkdir? Ağsaqqallıq necə instituta çevrilmişdir?
Məlum olduğu kimi, hələ ilk insan cəmiyyəti formalaşarkən Ağsaqqallar Şurası yaranmağa başlamışdır. Həmin cəmiyyətdə Ağsaqqallar hegemon qüvvəyə malik olduğundan idarəçiliyi özləri istədikləri kimi, təbii ki, öz mənafelərinə uyğun olaraq həyata keçirirdilər, cəmiyyətin digər üzvləri onlara tabe olmalı əks halda cəzalanmalı idilər. Yəni Ağsaqqallar həm qanun, həm dövlət funksiyasını yerinə yetirirdilər.
Beləliklə, ağsaqqala hörmət etməyin tarixi kökləri minilliklərə dayanır. Bu institut o qədər dərindən bizim davranışlarımıza və həyatımıza sirayət edib ki, bu gün belə onun şüuraltı təsiri ilə hərəkət etməli oluruq.
Bəs Azərbaycanlı mentalitetində bu gün Ağsaqqallıq nədir? Bu anlayış institutlaşıbmı?
Ağsaqqal sözü iki anlamı ehtiva edir. Birinci mənası böyük, yaşlı, qoca kimi anlaşılır. İkincisi, yəni məcazi məzmunu da təxminən həmin mənayla səsləşərək böyüklük, rəhbərlik, ağalıq və s. kimi anlamları bildirir.
Ağsaqqallıq institutunu səciyyələndirən başlıca cəhət “böyük-kiçik” məsələsidir. Bu prinsipə görə yaşca böyük olan daim yuxarı statusa malik olur, kiçik isə aşağı statusda qalır. Əslində isə insanın yaş fərqini önə çəkən bu prinsip cəmiyyət üzvləri arasında qeyri-bərabərlik yaradır və insanlar arasında anadangəlmə bərabərlik prinsipini pozaraq arxa plana atır. Bu cəhətə görə yaşca kiçik (cavan) olan biri böyük (qoca) olana daimi güzəştə getməyə borcludur. Yəni yaşı çox olan biri sanki xüsusi bir status əldə etmiş olur. Təsəvvür edin ki, yaşca böyük olan axmaqdır və ağılsız qərarlar verir, kiçik olanlar isə “böyük-kiçik” prinsipinə görə mexaniki onun qərarlarını yerinə yetirir. Bu vəziyyət bütövlükdə cəmiyyəti axmaq bir duruma gətirib çıxarmazmı?!
Ağsaqqallıq institutun əsas tezisi olan “böyük-kiçik” prinsipi bir çox atalar sözləri, deyimlər ilə də təsbitlənir. Məsələn, “Böyük danışanda kiçik danışmaz”, “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”, “Böyük nə dedi qanundur”, “Böyük gələndə ayağa qalxarlar”, “Böyüyün tanımayan qibləsin də tanımaz”, “Böyüyün üzünə ağ olanı torpaq götürməz”, “Böyüyünü ayaqlayan Allahını ayaqlayar”, “Ağa deyir, sür dərəyə, sür dərəyə” və s.
Yəni bir sözlə böyüklər öz mənafelərinə uyğun bütün tədbirləri görüblər. Beləliklə,  ağsaqqallıq ilk növbədə böyüklük, hökmranlıq, sözü ötkəmlik, səlahiyyətli olmaq  və s. deməkdir. Yəni biri əgər yaşına görə böyükdürsə, ona avtomatik olaraq qeyd etdiyimiz imtiyazlar aid olur.
Göründyü kimi, bu institut müasir anlamda ona gətirib çıxardır ki, ağsaqqal adam, yəni yaşca böyük olan adam hər şeydə haqlıdır, onun sözünə qulaq asmaq lazımdır. Ona qulaq asmasan ziyan taparsan, o, nə desə o olmalıdır, onun dedikləri qanundur və s. Amma sorğulama yoxdur ki, bu ağsaqqalın dediyi fikir hansı əsaslarla düzgündür ki, onu qəbul etmək lazımdır. Guya ki, ağsaqqal olan nöqsansız olandır. Halbuki cəmiyyəti bəlalara sürükləyənlərin içində ağsaqqallar mənfi mənada müstəsna rola malikdirlər.
Beləliklə, “ağsaqqal dedisə, deməli, əməl olunmalıdır” yanaşması insanlarda açıq-aşkar kölə düşüncəsi formalaşdırır və bu, əsla qəbul edilə bilməz. Əslində bizim ağsaqqal adlandırdıqlarımız sıradan bir insandır, onlar kiçik olanlarla  bərabərdirlər, əqli, məntiqi və s. cəhətdən qətiyyən digərlərindən üstün deyillər. Yəni   yaşca böyük olmaq üstünlük üçün arqument ola bilməz. Bu mənada Ağsaqqallıq institutu kifayət qədər ciddi sui-istifadə hallarına gətirib çıxarır.
Ağsaqqal deyəndə, əlbəttə, ilk növbədə babalarımız, nənələrimiz, valdeynlərimiz, əmilərimiz, bibilərimiz, dayılarımız, xalalarımız və b. nəzərdə  tutulur. Ağsaqqallıq institutunun tələbinə görə kiçiklər ağsaqqalların, böyüklərin sözünə kor-korənə sorğulamadan, şəksiz qulaq asıb əməl etməlidirlər.
Ona görə də, onlar bizim əvəzimizdən şəstlə çəkinmədən qərarlar verirlər. Halbuki, ağsaqqalların (böyüklərin) səhv etmə riski, kiçiklərdən (oğul, qız, bacıoğlu, bacıqızı və s.) heç də az deyil və bir çox hallarda hətta onlardan daha bərbad qərarlar qəbul edirlər. Bu da çox vaxt ağsaqqalların düşüncə tərzinin daha müasir proseslərə adaptasiya ola bilməməsi, reallığı öz köhnə bilgilirəi ilə hesablamaları ilə bağlı olur (əlbəttə, bu heç də o demək deyil ki, onlar bizi bilərəkdən, bizi istəmədiklərinə görə yalnış yola çəkir. Xeyr, əksər vaxtı onların  düzgün bildiklrəri, inandıqları nəsnələr özü yalnış olduğu üçün əslində doğru olmayan qərarlar verirlər). Ən gülməli məqam odur ki, böyükləri verdikləri qərarlara görə sorğulayanda  “mən böyüyəm, sən kiçiksən, deməli, dediyimi etməlisən” “arqumentini” ortalığa atırlar. İrrasionalığa əsaslanan bu instituta bizim  hisslərimiz (valdeylərimzə, əmi-dayılarımıza, xala-bibilərimizə və s. olan məhəbbət, hörmət, minnətdarlıq və s. duyğuları) də kifayət qədər dəstək verir.
Sevindirici haldır ki, bu institutun effektsiz olduğunu görən müdriklərimiz buna alternativ olaraq belə bir atalar sözü də işlədirlər ki, “Ağıl yaşda deyil, başda olar”. Məhz bu deyimi Ağsaqqallıq institutuna alternativ bir model olan Rasional Birgə Razılaşmanın prinsiplərini dəstəkləyən tezislərdən biri kimi götürə bilərik.
Rasional yanaşma Birgə Razılaşmanın insanların bərabərliyi, anadangəlmə azadlığı, düşüncə azadlığı kimi tezislərini meydana qoyur. Yəni hər kəs böyük-kiçik olmasından asılı olmayaraq özü bütün məsələlərə raisonal yanaşaraq öz qərarını qəbul etmək hüququna malikdir. Böyüklərin böyüklük kimi xüsusi statusu aradan qalxmalı, bərabərlik prinsipi ilə əvəzlənməlidir (əlbəttə, burada fizioloji baxımdan yaşlılara, qocalar tətbiq olunan yer vermək, köməklik göstərmək və s. kimi hallar rasional yanaşmaya görə tamamilə qəbul olunandır).
Yəni bizə böyüklər tərəfindən edilən tövsiyələrin, məsləhətlərin heç birini kor-koranə yerinə yetirməyəcək, skeptik yanaşıb sorğulayacağıq. Filosof Rene Dekartın təbirincə desək, “Əgər həqiqəti həqiqətən bilmək istəyirsənsə, həyatında bircə dəfə olsun hər şeyə şübhə et”.
Deməli, hər bir məsələdə özümüz düşünüb qərar verəcəyik. Beləliklə də istənilən məsələyə rasional yanaşacağıq. Babaların, nənələrin, ataların, anaların,   əmilərin, dayıların, xalaların, bibilərin və digər böyüklərin dediklərini sorğulayıb təhlil etdikdən və doğru olduğuna inanadıqdan sonra qərar verəcəyik. Əlbəttə, öz analitik qərarımızı. Rasional qərarımızı.

Ramin Allahverdi



Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU