18. BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM

 18. BİRGƏ RAZILAŞMA VƏ PLÜRALİZM (FİKİR, İDEYA MÜXTƏLİFLİYİ)


BİRGƏ RAZILAŞMA KONSEPSİYASI tərəfdarlarının önəm verdiyi ən ümdə məsələlərdən biri də PLÜRALİZMdir. Onun mahiyyətini izah etməyə çalışaq. PLÜRALİZM dedikdə, bir cəmiyyətdə ideya müxtəlifliyinin, fikir çoxluğunun, fərqli düşüncə tərzinin (hətta bir-birinə zidd olan)  azad şəkildə mövcudluğunu nəzərdə tuturam.  

Hər bir cəmiyyəti irəli aparan, onun inkişafını şərtləndirən əsas amillərdən biri heç şübhəsiz AZAD düşüncənin olmasıdır. Azad düşüncənin olmadığı cəmiyyətdə hansısa inkişafdan söhbət gedə bilməz. İnsanın doğal mahiyyəti ilə həmahəng olaraq, istənilən FƏRDin bu və ya digər məsələlər ilə bağlı özünün özgür, fərqli bəzən isə hətta ənənəvi görüşlərlə daban-dabana ziddiyyət təşkil edən fikirləri, ideyaları olur. Sübut olunmuş aksiomadır ki, bir vaxtlar qısqanclıqla, şiddətlə qınanılan fikirlərin, ideyaların sonralar həqiqət olduğu aşkara çıxarılmışdır (Yerini öz oxu ətrafında fırlanması, kürə formasında olması və s.). Ümumiyyətlə, hər zaman yeni fikirlər, ideyalar, demək olar ki, ənənəvi təfəkkür tərzi tərəfindən ilk başlanğıcda daima təzyiqlərə, tənələrə məruz qalmışdır. Xüsusilə də, Şərq (müsəlman) aləmində ehkamçılıq ciddi şəkildə yeni, fərqli düşüncənin qarşısında maneəyə çevrilmiş və çevrilməkdədir.

PLÜRALİZM isə köhnə (ənənəvi) ideyalarla paralel olaraq, hər cür yeni, hətta ənənvi düşüncəyə zidd olan fikirlərə də qucaq açır. PLÜRALİZMin mahiyyətini daha aydın anlamaq üçün onu şərtləndirən məziyyətləri bu cür qruplaşdıra bilərik:

1. PLÜRALİZM ilk növbədə insanın AZAD, müstəqil təbiətli olduğunu əsas götürərək, hər bir fərdin özünəməxsus düşüncə tərzinin (fikir və ideyalarının) olmasını birmənalı olaraq dəstəkləyir.

2. PLÜRALİZM yeknəsək fikirliliyi, monotonluğu, tək bir ideologiyanın hegemonluğunun cəmiyyətə (Mən, Sən və Ona) sırınmasını, təlqin edilməsini, məcburi qəbul etdririlməsini rədd edir.

3. PLÜRALİZM Azad biçimdə müxtəlif ideyaların sivil müzakirə edilə biləcəyi mühitdir. Bu mənada, PLÜRALİZM müxtəlif ideologiyaların ədalətli rəqabətini təmin edən bir ortamdır.  Yəni sivil müzakirə müstəvisində (debatlarda) bu və ya digər ideologiya daha çox tərəfdaş toplamaq imkanı qazanır. Azlığın tərəfdar çıxdığı ideologiyalar isə çoxluq tərəfindən qəbul edilməsə də, heç də rədd edilmir, görməzdən gəlinmir, əksinə özünəməxsus düşüncə kimi təsdiqlənir.

4. PLÜRALİZMə görə hər bir fərd özünəməxsus olduğu üçün bir o qədər də spesifik fikirlərin olması təbiidir. Yəni insan robort deyil ki, hamısı eyni şəkildə düşünsün.

5. PLÜRALİZM fərqli düşünənlərə, dəyərlərə qarşı tolerant, dözümlü yanaşmadır, fərqli fikirlərə hörmət göstərmək və onun mövcudluğunu təsdiqləməkdir. Məsələn: Tutaq ki, Mən dini qəbul etmirəm, amma Sən İslama ibadət edirsən, O isə Xristianlıq dininə iman gətirir və s. Bu zaman Mən dindar olmasam da, dinə tamam fərqli prizmadan baxsam da Sən və Onun düşüncələrinə sayqı göstərməliyəm. Eləcə də Sən və O, Mənim fərqli dünyagörüşümə hörmət etməyə, həmçinin bir-birinizin də dini görüşlərinə sayqı göstərməyə borclusunuz. Burada əsas incə məqam odur ki, bizlərdən heç biri “həqiqət ancaq mən deyəndir” deyib başqalarının düşüncələrinə hörmətsizlik edə, aşağılaya bilməz.

6. PLÜRALİZMdə kiməsə istənilən bir ideologiyanı, fikri zorla qəbul etdirmək yolverilməzdir. Yəni sən əgər dindarsansa, zorla öz inancını başqalarına sırıya bilməzsən. Yaxud mən ateistəmsə, sənə öz dünyagörüşümü zorla sırımaq ixtiyarım yoxdur.

7. PLÜRALİZMə görə hər kəs və hər şey tənqid edilə bilər, başqa sözlə, ehkamçılıq yolverilməzdir. Əsaslı və ya əsassız olmasından asılı olmayaraq, tənqidə görə heç kəs təqibə məruz qala bilməz. Əgər tənqid haqlıdırsa, çox gözəl, demək, hansısa bir inkişafdan söhbət gedə bilər, əgər haqsızdırsa, həmin tənqid onsuz da özünə dayaq tapa bilməyib aradan təbii olaraq çıxacaqdır.

8. PLÜRALİZMə görə hər kəsə öz düşüncəsini azad şəkildə ifadə etməsi üçün bərabər şərait, mühit yaradılmalıdır. Yəni əgər Mən Sənin və ya Onun fikirlərini qəbul etməsəm belə həmin fikirləri ifadə etməyiniz üçün imkan yaratmalıyam. Eləcə də əksinə, Sən, yaxud O, Mənim fikirlərimlə razılaşmasanız belə ifadə etməyim üçün imkan yaratmağa borclusunuz və s.

Beləliklə, PLÜRALİZMə aid etdiyimiz bu keyfiyyətlər BİRGƏ RAZILAŞMA KONSEPSİYASINA (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html) görə də keçərlidir. Bu mənada, PLÜRALİZMi BİRGƏ RAZILAŞMAnın əsas elementlərindən biri hesab edə bilərik. Ona görə də BİRGƏ RAZILAŞMA tərəfdarları sözügedən razılaşmanın əsas müddəalarına zidd olan ideyalar (ideologiyalar), fikirlər istisna olmaqla (insan hüquq və azadlıqları əleyhinə olan düşüncələr, ideologiyalar və s. nəzərdə tutulur) hər cür fərqli fikir və ideologiyaların mövcudluğuna daim hörmətlə, tolerant şəkildə yanaşmağa borcludur.

 

Ramin Allahverdi

   

 

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU