23. BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)

23. BİRGƏ RAZILAŞMA VƏ CİNSİ AZLIQLAR (LGBT)

 

 Yaşadığımız toplumda daşlaşmış mental şablonlara görə, bəhs edəcəyimiz bu mövzu güman ki, bir çoxlarını öyrənilmiş, ənənəvi komfort düşüncə zonasından çıxara bilər. Lakin başa düşməliyik ki, həqiqət yalnız sivil müzakirə müstəvisində, sorğulanarkən aşkarlanır, əks halda nəyin doğru, nəyin yalnış olduğunu ayırd etmək müşkül olur. Bu isə cəmiyyəti bir qrup dələduz, hoqqabaz siyasilərin asanlıqla qurbanına çevirə bilir. AZAD və XOŞBƏXT bir insan cəmiyyəti üçün nələrin vacib olduğunu aydın şəkildə sərgiləyən BİRGƏ RAZLAŞMA KONSEPSİYASInın sözügedən məsələ ilə də bağlı bəlli bir yanaşması var.

Həmin yanaşmanı təqdim etməzdən öncə cinsi azlıqlar (LGBT) barədə bəzi ümumi vacib məlumatları bölüşək. Elmi-nəzəri, elmi-tibbi ədəbiyyatlarda cinsi azlıqlar əvvələr əsasən homoseksuallıq (eynicinslilər arasında yaşanan romantika, eşq, intim əlaqə) termini ilə səciyyələndirilsə də, son dönəmlərdə daha çox LGBT (Lezbiyan, Gey, Biseksual, Transseksual (transgender)) abreviaturası ilə ifadə olunur. 

Araşdırmalar nəticəsində mütəxəssislərin gəldikləri ümümi qənaətlər belədir ki, istənilən bir cəmiyyətdə insanların təxminən 7 faizə yaxını belə cinsi oriyentasiyaya malik adamlardan ibarət olur. Həmçinin o da qeyd olunur ki, əgər bir toplumu tamamilə LGBT-dən təmizləmiş olsaq belə növbəti insan nəsli yenə də cinsi azlıqları dünyaya gətirəcək. Deməli, bu, əslində təbiət etibarilə normal biloloji qanunauyğunluqdur və ona görə də, cinsi azlıqların istənilən cəmiyyətdə olması tamamilə qəbulolunandır.

İndi isə məsələnin ictimai-sosial, sosial-hüquqi tərəflərinə aydınlıq gətirməyə çalışaq. Əvvəla bildik ki, təbiət özü istəsək də, istəməsək də bu cür cinsi oriyentasiyalı insanları tarixən yaratmış, yaradır və yaradacaq. Bəs onlar toplum üçün təhlükəlidirlərmi? Əlbəttə, xeyr (müqayisə edin: sizin addımbaşı hüquq və azadlıqlarınızı tapdalayan korrupsioner, rüşvətxor məmur təhlükəlidir, yoxsa, sizə heç bir ziyan vurmayan, sadəcə, intim hisslərini öz tayı ilə bölüşən LGBT nümayəndəsi?). Sadəcə öz tayları ilə intim həyat yaşamaq istəyirlər, təbii ki, qarşlıqlı istək əsasında. Bu isə onların şəxsi həyatıdır. LGBT çoxluğun davrandığı kimi, davranmadığına görə (bəlli səbəblərdən, cinsi oriyentasiyalarına görə) çoxluq tərəfindən bir qayda olaraq dışlanılır. Onların insan olmaları toplumun gözündə arxa plana keçir və bu da cinsi azlıqların hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır.

Qeyd etməliyik ki, xüsusilə avtoritar cəmiyyətlərdə, diktatorlar bu məsələdən də bir siyasi alət kimi istifadə edirlər. Ələl-xüsus da öz çirkin əmməllərini ört-basdır etmək üçün.

Məlum olduğu kimi, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın 3-cü müddəası aydın şəkildə göstərir ki, hər bir İNSAN, FƏRD doğulduğu andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikdir. İNSANın azadlığını (haqlarını) heç kəs və heç nə məhdudlaşdıra bilməz. 4-cü müddəa isə bildir ki, bir İNSANın, FƏRDin azadlığı yalnız və yalınız  digərlərinin hüquqları, haqları başlayan yerdə bitir (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ).

Beləliklə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI öz fundamental tezislərinə əsaslanaraq cinsi azlıqları İNSAN KİMLİYİ daşıdıqlarına görə, insana aid bütün AZADLIQ və HÜQUQLARı (haqları) onlara da şamil edir. Bu o deməkdir ki, bütün insanlar bərabərhüquqlu olduqları üçün heç kim cinsi azlıqları cinsi orientasiyasına görə gözümçıxdıya sala bilməz. Əks halda bu, BİRGƏ RAZILAŞMAnın təməl tezisinin pozulması deməkdir və   müəyyən edilmiş cəzalandırma ilə nəticələnir. 

 

Ramin Allahverdi

 

 

 


Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU