BİRGƏ RAZILAŞMAQLA GEDİLƏN YOL
Səma Məmmədsalahova
BİRGƏ RAZILAŞMAQLA GEDİLƏN
YOL
Hər bir insanın
azad və ədalətli cəmiyyətdə xoşbəxt olmağını arzulayan müəllif “Birgə razılaşma
konsepsiyası” ilə belə bir cəmiyyət qurmağın nəzəri və fəlsəfi müddəalarını bizə
təqdim edir. Bu müddəalar və onların izahına keçməzdən əvvəl biz yeni düşüncə
modeli ilə tanış oluruq: “Mən edim, başqası da edər”. Təbii ki, bütün
insanların düşüncə tərzini dəyişmək heç də real deyil. Lakin fəlsəfi fikirlər içərisində uzun zaman
önəmli yer tutan “özünü dəyişmək”, “dəyişməyə birinci özündən başlamaq” fikirlərinə
əsaslanaraq, öz düşüncə modelimizdə müəyyən dəyişikliklər edərək bir nəticə əldə
edə bilərik.
Bu konsepsiyaya – “cəmiyyətimizin güzgüsü”
kimi yanaşmaq daha doğrudur. Belə ki, müəllif Mən, Sən, O – cəmiyyətlə bağlı
müxtəlif anlayışlara aydınlıq gətirir, bir anlayışla bağlı müxtəlif fikirləri,
düşüncələri təsvir edir. Yəni Məni, Səni, Onu əhatə edən bütün məsələlər “Birgə
razılaşma konsepsiyası” kontekstində nəzərdən keçirilir. Sonra isə hər birini
analiz edərək Birgə razılaşma konsepsiyasının tələblərinə uyğun gələn yol bizə göstərilir.
Bu yol və ya yolların necə seçilməsi və dəyərləndirilməli olduğunu
konsepsiyadan gətirilən sitatla aydınlaşdıra bilərik:
“Bu kitabı oxuyarkən, ümumiyyətlə, bütün məsələlərə
“rasional olaraq” (ilk növbədə emosionallıqdan kənar), düşüncənin, elmin, ağlın
işığında yanaşsaq, müəyyən ortaq nəticələr hasil etmiş olarıq” (s. 50). Birgə
razılaşma konsepsiyasının bizə 7 müddəası təqdim olunur ki, bu müddəalar hər
bir insanın ən ali varlıq olaraq azadlığını və xoşbəxtliyini təmin etməyə
hesablanıb.
Bəs azadlıq və xoşbəxtlik nədir? Müəllif azad
və ədalətli cəmiyyət deyəndə nəyi nəzərdə tutur? İnsan tam azad ola bilərmi? Bu
şəkildə çoxlu sayda suallar ünvanlamaq olar ki, bu suallara daha konkret cavabı
həmin konsepsiyada tapa bilərik.
Bu vaxta qədər azadlığa müxtəlif cəhətdən
yanaşılmış və müxtəlif fikirlər söylənmişdir. Ən çox yayılan fikirlərdən biri də
azadlığın məsuliyyət olması, yəni hər bir insanın məsuliyyətini daşıyacaq qədər
azad ola bilməsi fikridir. Bu konsepsiyada isə azadlıq – seçim kimi izah
edilir. Yəni nə qədər seçim imkanımız varsa, bir o qədər də azadıq və bizim
azadlığımız digərlərinin hüquqları başlayan yerdə bitir. Hətta sonuncu fikir
konsepsiyanın 4-cü müddəasının əsasıdır. Buna əsaslanaraq müəllif “seçim sayı
çox olarsa, fərd (insan) daha artıq azad olar” tezisini irəli sürür. Hər bir
insanın vicdan, söz, düşüncə, etiqad və s. azadlıqları vardır. Bəs bu
azadlıqlar məhdudlaşdırıla bilərmi?
Bu suala cavab axtarmazdan əvvəl azadlıq
anlayışının fərqli bir formada əks olunduğu bir filmə diqqət çəkmək istərdim. Bəlkə
də, Azərbaycan kinematoqrafiyasında ən dəyərli filmlərdən biri olan “Köpək”
filminə. Məqsəd filmdəki hadisələri danışmaq olmadığından, filmin süjet xəttinə
toxunmuram. Filmdə insan azadlığını məhdudlaşdıran bir sıra amillər öz əksini
tapmışdır ki, insan bu gün də düşünür: “Mən, həqiqətən, azadammı?”
Və ya Musa Yaqub dili ilə desək:
...Bəs
qayda-qanunlar, fərmanlar necə-
Hökmlər, divanlar
nədən ötrüdür?
Azad dil nə gəzir
bu yer üzündə,
Azad el nə gəzir
bu yer üzündə,
....Qışqırma içimdə
azadlıq deyə
Azadlıq nə gəzir bu yer üzündə
Azadlıq gəzirəm elə
özüm də...
İnsanı düşündürməyə vadar edən hər bir fikir,
hər bir söz önəm daşıyır. Bu misraları şərh etməyi də saxlayaq, hər bir
oxucunun özünə.
Konsepsiyaya yenidən nəzər salsaq, burada bizə
təqdim olunan azadlıq anlayışı mücərrəd deyil və hər bir insan başqa birinin
azadlığını məhdudlaşdırmadan, hüquqlarına toxunmadan azad ola bilər. Sadəcə bu
cəmiyyətdə könüllü və şüurlu şəkildə azadlığımızı özümüz məhdudlaşdırmalı
oluruq. Ümumilikdə isə Birgə Razılaşma Cəmiyyətində qaydalar təlqin etmək,
propaganda aparmaq yolu ilə deyil, şüurla dərk edilib, doğru olanı seçmək məqsədilə
qəbul olunur. Yəni insan öz azad düşüncəsi ilə bu fikirləri şüurlu şəkildə qəbul
etməlidir. Azad düşüncə də sadəcə oxuyaraq, hazır məlumatları kiminsə fikirlərini
(hətta bu konsepsiyanın müddəalarını da) olduğu kimi qəbul edərək formalaşa
bilməz. O fikirləri təhlil etməsək, öz düşüncə süzgəcimizdən keçirməsək, yəni
şüurumuzla dərk etməsək, bu fikirlər bizi sadəcə kölələşdirər. Sadəcə
başqalarının fikirlərini təkrarlayan “tutuquşu”ya çevirər. Amma qeyd etdiyimiz
kimi, biz bu cəmiyyətin, konsepsiyanın qaydalarını şüurlu şəkildə qəbul edirik.
Bəli, burada insan azaddır. Seçim hüququ var və bu seçimin məsuliyyətini də
daşımağa borcludur. Bu cəmiyyətdə sən robot deyilsən, “cəsur yeni dünya” modeli
də deyil. İnsanın səhv edərək öyrənmək haqqını heç kim əlindən ala bilməz, bunu
heç bir düşüncə modeli tənzimləyə bilməz. Lakin bunun nəticəsində kiməsə ziyan
dəyirsə, kiminsə hüququ pozulursa, həmin şəxs - Mən, Sən, və ya O cəzalandırılmalıdır.
Qanun institutu ali olduğundan, ədalət məhkəməsində vəzifə, status,
qohumbazlıq, pul və s. amillər də keçərli deyil. Birgə Razılaşma Cəmiyyətində
“şah qanun deyil, qanun şahdır”. Belə bir sual ortaya çıxa bilər. Məgər
Konstitusiyamızda da belə deyil? Cəmiyyət tərəfindən qəbul olunan əxlaq
normalarında da bu fikirlər əsas tutulmur? Günümüz reallıqlarını düşünən hər kəs
müşahidə etdiyindən bu barədə cavab deyil də, sual vermək daha məqsədəuyğundur.
Problem nəzəriyyə deyil də, praktika məsələsidirsə, bəs bu məsələ Birgə
Razılaşma Cəmiyyətində necə tənzimlənə bilər? Əslində bu məsələ bizim fikrimizi
bir az qarışdıra bilər. Fəqət konsepsiyadan nəticə çıxarsaq, əslində müəllifin
tamamilə yeni bir cəmiyyət qurmaq deyil də, yeni bir cəmiyyət formalaşdırmaq
fikrini ortaya qoyduğunu görərik.
Yəni bu cəmiyyətdə yaşayırıqsa, atdığımız hər
bir addımı fikirləşərək, şüurla atmalı, yaranmış institutların fəaliyyətini dəyərləndirib
yaxşı və pis cəhətlərini anlamalı, qəbul olunmuş yeni, məntiqli prinsipləri qəbul
edərək həyatımızı davam etdirməliyik. Ən azından konsepsiyanın müəllifi bizi
belə bir cəmiyyətdə yaşamağa dəvət edir.
Nəticədə biz hansısa real olmayan “xoşbəxtlər
ölkəsi”nə, “ütopiya”ya gedib çıxmırıq. Belə bir cəmiyyəti, öz “bəyaz zanbaqlar ölkəmiz”i
özümüz qururuq ki, bu, təcrübə ilə yoxlanılıb. Ya xoşbəxt olmaq istədiyimiz üçün bunları
edirik, ya da şüurlu şəkildə bunları edirik və nəticədə xoşbəxt bir cəmiyyət
qururuq. ( Burada xoşbəxt sözünü, azad, ədalətli kimi sözlərlə əvəz edə bilərik.)
Bəs bu cəmiyyəti kim qurur? Öz insan (fərd) kimliyini hər bir kimlikdən üstün
tutan Mən, Sən, O – biz.
İnsan ağlının mərkəz kimi götürülməsi, bunun
haqqında nəzəriyyələrin yazılmasının dünya fəlsəfi və ədəbi fikrində uzun müddət
yer tutmasını, hər şeyin ən yüksək səviyyədə getdiyini düşünərkən iki dünya
müharibəsi və s. amillərin təsiri ilə bu nəzəriyyələrin təkzib olunmasını əks-arqument
kimi iddia etmək olar. Lakin bizim cəmiyyətin sanki bu mərhələdən keçmədiyini
müşahidə etdiyimizə görə ən sadə insan azadlığı və hüquqlarının pozulduğu cəmiyyətimiz
üçün belə bir konsepsiyanın yazılmasını sadəcə təqdir etmək olar.
Konsepsiyada bir çox məsələlər öz əksini
tapıb ki, bəzi məsələləri ümumiləşdirib nəticə çıxaraq. Birgə Razılaşma
Konsepsiyasında nəzərdə tutulan azad və ədalətli cəmiyyətə gedən yol sanki
günümüz reallığındakı bir çox şeylərlə razılaşmamaqdan keçir. Bu cəmiyyətdə:
Mən, Sən, O – bizə hər zaman öz düşüncələrini
yeritməyə, təlqin etməyə çalışan
ağsaqqallıq institutunun üzvləri ilə razılaşmırıq. Biz “ağıl yaşda
deyil, başdadır” prinsipini qəbul edən kəslərlə razılaşırıq.
Mən, Sən, O – biz öz cinsi, dini, etnik və s.
kimliklərini insan (fərd) və vətəndaş kimliyindən üstün tutan insanlarla da
razılaşmırıq. Biz əvvəlcə insan (fərd), sonra vətəndaş kimliyini üstün tuturuq.
İnsanları cinsi, etnik, dini və s. kimliklərə görə yarğılamır, insanların
seçimlərinə kiminsə hüquqları pozulmadığı müddətdə qarışmır, bir-birimizə hörmət
edirik.
Mən, Sən, O – biz dövlət və hakimiyyət
anlayışlarını bir-birindən fərqləndirməyənlərlə razılaşmırıq. Biz bir çox vətəndaşın
indiki cəmiyyətdə anlamağa fürsəti olmadan qarişdırdığı dövlət və hakimiyyət
anlayışlarını Birgə razılaşma konsepsiyası cəhətdən qiymətləndirir, müxtəlif
manipulyasiyaların təsirinə düşməməyə çalışırıq.
Mən, Sən, O – biz “azad mətbuat” adı ilə bizə
təqdim olunan (“sırınan”), lakin problemlərimizi gündəmə gətirməyən mətbuat ilə
razılaşmırıq. Biz bizə fayda verən, həqiqətən, azad olan bir mətbuat istəyirik.
Mən, Sən, O – biz ədalətin sadəcə sənədlərdə olması
ilə razılaşmırıq. Biz “Berlində hakimlər var” ifadəsinin cəmiyyətimizə
uyğunlaşaraq “Bakıda hakimlər var”, “Azərbaycanda hakimlər” var ifadəsi ilə assosiasiya
olunmağını istəyirik.
Mən, Sən, O – biz adı ziyalı, özü isə
“ziyanlı” olan şəxslərlə də razılaşmırıq. Biz - həqiqi ziyalıları, işıqlı Zərdabi
yolu tutub “daş ürək və daş beyinlərin mürur ilə yumşalmağına” çalışan
aydınlarla razılaşır, onları örnək götürürük. Öz ölkəmizin Snelmanlarının nümunə
olacağına inanırıq və bunu istəyirik.
Təbii ki, sadəcə istəməklə sayılan və
sayılmayan məsələlər öz həllini tapmayacaq. Birgə razılaşma konsepsiyasının
müddəalarını şüurlu şəkildə qəbul edən cəmiyyətin üzvləri “öyrən”, “şəxsi nümunə
ol”, “öyrət” prinsiplərini də qəbul edir. Yəni Mən, Sən, O – biz müəllifin də
qeyd etdiyi kimi, bu konsepsiyanı öyrənməli, canlı nümunə olmalı, sonra isə öyrətməliyik.
“Özünə rəva bilmədiyini başqasına rəva bilmə” prinsipinə əsaslanıb “özünə rəva
bildiyini başqasına da rəva bil və bunun üçün çalış” nəticəsi çıxarırıq. Müəllif qarşıya çıxa biləcək çətinlikləri nəzərə
alıb birinci kimə öyrətmək məsələsini də məntiqi cəhətdən açıqlamışdır ki, bunu
da konsepsiyadan oxuya bilərik.
Sonda Mən, Sən, O əvəzliklərini deyəndə ağlımıza sadəcə Azərbaycan
dili dərslərində deyil, bütün həyatımızda “biz” əvəzliyinin gəlməsini, bunu
görməyimizi və hissetməyimizi arzulayaraq yazını bitirirəm.
Comments
Post a Comment