1. ELM NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?
1. ELM
NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?
Hazırda cəmiyyətimizdə və ümumilikdə Şərq (müsəlman)
aləmində ELM anlayışı ilə bağlı onun mahiyyətini qətiyyən əks etdirməyən, hətta
bəzən ona zidd olan fikirlər, mülahizələr meydan sulamaqdadır. Bəziləri az
qalsın ki, dini, mifi, mövhumatı, xurafatı da bir Elm kimi təqdim etsinlər.
Bunların bir qismi avvamlıqdan, təhsilsizlikdən, bilgisizlikdən irəli gəlsə də
yaranmış vəziyyətdən məharətlə sui-istifadə edən maraqlı qüvvələr da çoxdur. Həmin
maraqlı qüvvələr (xüsusilə insanların, kütlələrin dini inanclarından istifadə
edən “dindarlar”, dini qüvvələr) əslində öz çirkin məqsədlərini (ələl-xüsüs əhalinin
korafəhim qalmasını, təhsildən, elmdən uzaq düşərək asan şəkildə həmin dini
qüvvələrin cəfəng ideyalarının köləsinə çevrilməsini təmin etmək məqsədilə)
dini (hətta bəzən mövhumatı) məsələləri “ELM” qifayəsinə bürüməklə guya ki, əsl
elmin məhz dinlə və s. bağlı olduğunu həyasıcasına iddia edirlər. Bu tələyə düşən
“elm adamları” da tapılır ki, onların bu yalanlarına ayaq verirlər. Məhz bunun
nəticəsidir ki, hətta bəzən “Qurani-Kərim” ən böyük elmdir deyən “elm adamları”
– İslam təəsübkeşləri, inanclıları da peyda olurlar. Elmlə dini ayırd edə bilməyən
(ELM və DİN mövzusunda növbəti yazımızda ətraflı yazacağıq) həmin bəzi “elm
adamları” çox zaman ya sadəlövcəsinə öz dini inanclarından (müxtəlif maraqlı
dini qüvvələrin incə manupuliyasiyası ilə), yaxud da qəsdən məhz məxsusi
maraqları naminə bunu dilə gətirirlər.
Bütün bu
kimi məsələləri kökündən həll etmək üçün biz aşağıdakı sadə sualları obyektiv
biçimdə cavablandırmalıyıq.
1) Elm nədir? Elm hansı meyarlara (xüsusiyyətlərinə)
görə müəyyən edilir?
2) Elm olmayan nədir?
1. Elm Latın dilindəki “bilmək”, “bilik” mənalarını ifadə edən “scientia” sözündəndir, hazırda ingilis dilində “science” (“knowledge” – “bilik”) kimi işlədilməkdədir. Bütün
akademik mənbələrə əsasən bilgiləri ümumiləşdirsək, “Elm nədir?” Sualına yığcam
olaraq belə cavab verə bilərik: ELM – kainat, insanın özünün də daxil olduğu
ətraf aləm, yəni gerçək dünya haqqında obyektiv, sistemli tәşkil
olunmuş, eksperimentlərlə, faktlarla әsaslandırılmış biliklәrin әldә olunmasına
istiqamәtlәnәn xüsusi növ idrak fәaliyyәtidir.
Elm – obyektiv fiziki dünya, eləcə də onun çeşidli hadisələri
ilə əlaqəli olan qərəzsiz müşahidələr, ardıcıl təcrübələr, eksperimentlər tələb
edən sistemləşdirilmiş bilgilərdir. Bütövlükdə, Elm ümumi həqiqətləri və ya fundamental
qanunları (qanunauyğunluqları) əhatə edən biliklərin axtarışını və ortalığa
çıxarılmasını əhatə edir.
Elm sübutlar, faktlar əsasında sistematik
metodologiyaya uyğun olaraq təbii və ictimai-sosial dünya haqqında obyektiv
qanunauyğunluqları, bilgiləri də öyrənərək müəyyənləşdirir və tətbiq edir.
Elmin mahiyyətini daha aydın dərk etməkdən ötrü
onun ən ümdə xüsusiyyətlərini, meyarlarını ortalığa çıxarmaq lazım gəlir. Akademik
mənbələrin təhlili əsasında ümumiləşdirmələr aparılarkən Elmi səciyyələndirən
başlıca meyarlar kimi aşağıdakılar birmənalı şəkildə müəyyən olunur:
1. Elm – (insanın xüsusi idrak fəaliyyəti olub) Kainata,
mövcud gerçək aləmə onun qanunauyğunluqlarına dair bilgiləri maksimum obyektiv
şəkildə təcrübələr, ekspermentlər aparmaqla, sistemli müşahidələr etməklə əldə
edir.
Məsələn, tutaq ki, iddia olunur ki, su (kimyəvi tərkibi
H2O) 100 dərəcə
(C) temperaturda qaynayır. Bunun üçün dünyanın istəniln yerində metal qaba su
töküb qızdırırıq, bu zaman müşahidə edirik ki, verilən istilik 100 dərəcə
temperatura çatan kimi su (kimyəvi tərkibi
H2O)
qaynadı. Bu obyektiv həqiqəti istəsək də, istəməsək də qəbul edirik.
2. Elm – bütün faktları sistematik, ardıcıl olaraq
obyektiv metodlarla təhlil edir və mövcud obyektiv gerçəkliyə dair bilgiləri
ortalığa qoyur.
Məsələn, tutaq ki, Pifaqor teoreminə görə
düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir.
İstənilən ölçüdə düzbucaqlı üçbucaq üçün bu teorem obyektiv gerçək olan bilgini
ortalığa qoyur. Kim istəsə, bunu həmin metodla yoxlaya bilər.
3. Elmin başlıca vəzifəsi obyektiv reallığı əks etdirən qanunauyğunluqları (bilgiləri) üzə
çıxarmaqdır.
Məsələn, yerin Cazibə Qanunu kainatın obyektiv
qanunauyğunluqlarından biridir. Kütləsi az olan cisimlər, çox olanlar tərəfindən
cəzb olunurlar.
4. Elmdə əldə olunan bilgilərin obyektiv gerçəkliyi,
qanunauyğunluğu mümkün əks etdirməsi meyarı 0-100 faizlik intervalda ölçülmə ilə müəyyən
edilir. İstənilən sahəyə Elm demək üçün onun ən azı 100 faizlik ölçüdə heç
olmasa bir dənə Obyektiv Qanunu, yaxud qanunauyğunluğu olmalıdır. Əgər belə bir
Qanunu yoxdursa, ona Elm deyə bilmirik (yeri gəlmişkən bugün bu səbəbdəndir ki,
bəzi humanitar sahələrin Elm hesab edilməsi məsələsi mübahisəli olaraq qalır).
Məsələn, fizika, riyaziyyat və s. bu kimi dəqiq
elmlərdə yüzlərlə obyektiv Qanunları
(Nyutonun qanunları, müxtəlif teoremlər, aksiomlar və s.) göstərə
bilirik.
5. Elm – mükkəmməl deyil və inkişaf etməsi, obyektiv
gerçəkliyi üzə çıxarması üçün daima bütün tənqidi yanaşmalara açıqdır. Başqa
sözlə, Elm özünü mükəmməl saymayır və hər bir oppozitiv fikrə, düşüncəyə meydan
tanıyır.
Məsələn, bir zamanlar atom ən kiçik zərrəcik hesab
olunurdu. Lakin sonralar araşdırmalar sübüt etdi ki, atom özü də daha kiçik zərrəciklərə
- elektron, proton və neytronlara bölünür. Yəni Elm bir zamanlar məhdud
üsullarla əldə edilmiş bilgilərin özünü də yeni və fərqli üsüllarla təkrar-təkrar
yoxlayır ki, bunun da nəticəsində əvvələr həqiqət kimi qəbul edilən nəzəriyyə,
mülahizə və s. hətta bəzən tamamilə kökündən dəyişmiş olur.
6. Elm – skeptizm tələb edir. Elmdə hər bir fikrə,
mülahizəyə, təcrübəyə və s. şübhə ilə yanaşılır. İstənilən məsələ (şey) sorğulanır. Elm üçün heç
bir ehkam yoxdur. Hər şey sorğulana bilər və yalnız bu zaman əsl həqiqət,
obyektiv gerçəklik üzə çıxarıla bilir.
2) Bəs, Elm olmayan nədir? Bu suala qısaca konkret cavab
verə bilərik ki, Elm yuxarıda göstərdiyimiz meyarların (xüsusiyyətlərin)
olmadığı bütün nəsnələrdir, sahələrdir.
Hər cür subyektiv gerçəklik Elm deyil (hər nədirsə,
başqa şeydir, amma dəqiq Elm deyildir). İstənilən bir məsələdə əgər subyektiv
gerçəklik payı artırsa,orada bir o qədər obyektiv gerçəklik azalır. Bu da o deməkdir
ki, heç bir subyektiv gerçəklik Elm ola bilməz. Aşağıdakı iki sadə hökmə
(iddaya) diqqət yetirək:
A) Dəmir parçası taxta parçasından möhkəmdir.
B) Dəmir parçası taxta parçasından qəşəngdir.
Hansı cümlədəki fikir (hökm, iddia) elmidir, başqa
sözlə, obyektiv gerçəkliyi əks etdirir? Bunu müəyyən etmək eksperment etmək
lazımdır. Beləliklə, A) cümləsindəki fikri sübut etmək üçün həm bir qədər eyni
ölçüdə dəmir parçası, həm də taxta parçası götürürəm və sadə bir eksperiment
aparıram. Əvvəlcə dəmir parçası ilə taxta parçasını yaxşıca döyəcləyirəm. Təcrübə
nəticəsində müəyyənləşir ki, taxta parçası nisbətən yumşaq olduğuna görə əzik-əzik
olub, dəmir parçasında isə möhkəm olduğu üçün belə bir əziklik əmələ gəlməyib.
Daha sonra taxta parçası ilə dəmir parçasını döyəcləyirəm. Təcrübə nəticəsində
müəyyənləşir ki, yenə də taxta parçası (döyəcləyən hissəsi) əzik-əzik olub, əksinə
dəmir parçasında isə heç bir əziklik yoxdur. Beləliklə, obyektiv gerçəklik müəyyən
edildi ki, bəli, dəmir parçası taxta parçasından möhkəmdir.
İndi isə B)
cümləsindəki fikri sübut etməyə çalışaq. Bunu müəyyənləşdirən ölçmə aləti mənim
zövqümdür. Bəli, mənim zövqümə görə, dəmir parçası cazibədardır və s. ona görə
də, taxta parçasından qəşəngdir. Gəlin, sorğulayaq: mənim zövqüm obyektivdirmi?
Əlbəttə, xeyr. Mənim zövqüm subyektiv meyar olduğuna görə, bu cümlədəki fikir
elmi deyil, yəni obyektiv gerçəkliyi əks etdirməyir. Başqasının da zövqünə görə
taxta parçası (incədir və s. olduğuna görə) dəmir parçasından qəşəngdir və s.
N.D.Tisonun (Neil Degrasse Tyson) təbirincə desək, “Elmin
yaxşı tərəfi odur ki, ona inansan da, inanmasan da, həqiqətdir (The good thing
about science is that it’s true whether or not you believe in it).
Ramin Allahverdi
Comments
Post a Comment