FEMİNİZM BİRGƏ RAZILAŞMA KONSEPSİYASI İŞIĞINDA

Firuzə Qaloyeva

  qaloyeva@inbox.ru

 

FEMİNİZM BİRGƏ RAZILAŞMA KONSEPSİYASI  İŞIĞINDA

Açar sözlər: feminizm, insan kimliyi, cəmiyyət, hüquqlar

 

  Dünyada yaşayan bütün insanlar müxtəlif kimliklərə (dini, regional, irsi və.s) görə bir – birindən fərqlənirlər. Yalnız bir kimlik mütləqlik tələb edir: İnsan kimliyi. Əgər bir insan xeyirxahdırsa, içində mərhəmət, əliaçıqlıq, yaxşılıq, dürüstlük, vicdan, ədalət kimi insani duyğular daşıyırsa,  digər kimlikləri o qədər də əhəmiyyət kəsb etmir. Bununla bağlı bir nümunə qeyd etmək istəyirəm. Bir filmdə qadın uşaqdan bunu soruşur:” Səncə, mələklərmi insandan  üstündür, yoxsa insanlarmı?” Uşaq, əlbəttə ki, mələkləri seçir. Lakin qadın bu cür cavab verir: ”Mələklər yaxşılıq etməyə məhkumdurlar. Yəni bu onların seçimi deyil. Ancaq Tanrı bizə seçim azadlığı verir. Yaxşı və pis olmağı biz özümüz seçirik. Əgər sən yaxşı olmağı seçirsənsə, deməli, sən mələklərdən də üstünsən”. Beləcə, uşaq yaxşılığı,  insanlığı seçməyin ucalığını dərk edir (https://youtu.be/Qgnudbleh30  linkinə daxil olaraq filmdən seçilmiş hissəni izləyə bilərsiniz). Birgə Razılaşma Konsepsiyası da məhz bu fikri dəstəkləyir. 

Birgə Razılaşma  cəmiyyətində yaşamağı istəyən insanlara  ilk olaraq bu seçim azadlığı verilir. Hər birimiz: Mən, Sən və O, azad və xoşbəxt olmaq istəyirik. Bu bizim ortaq arzumuzdur. Arzu olmaqla bərabər bizim haqqımızdır. Buna baxmayaraq azadlıq bizə bir seçim kimi verilirsə, bu demək deyil ki, biz başqalarının hüquqlarını tapdalamalı, öz xoşbəxtliyimizi hər şeydən yuxarıda tutmalı, sözün əsl mənasında ağlımıza gələni etməliyik. Nəzərə almalıyıq ki, təkcə insanlar deyil, milyonlarla digər canlıların da olduğu bir dünyada yaşayırıq. Və hamımız eyni, bərabər hüquqlara sahibik. Bəs cəmiyyətdə azad, xoşbəxt həyatı necə qura bilərik?  Ədalətin köməyi ilə. İstənilən kollektivdə ( işdə, ailədə, cəmiyyətdə və s.) ədalətli olmaq həm insan olaraq bizə hörmət qazandırır, həm də başqalarının hüququnu qorumaq, vicdani olaraq doğru olanı etmək birgə yaşadığımız cəmiyyətdəki insanların gələcəyə olan ümidini artırır. Bəs birgə yaşamaq bu qədər asan olduğu təqdirdə nə üçün cəmiyyət “yazılmamış və doğru olmayan qanunlara” əməl edir? Əvvəla, bunun bir neçə səbəbi olsa da, əsas səbəb insanların şüurlu düşünməyi bilməməsidir. İkincisi isə,  “filankəs də bunu etdi, mən niyə etməyim?” Bax bu geniş yayılmış yalnış fikir bizi – insanlığı uçuruma aparır. Belə də düşünə bilərik: “Qoy birinci mən doğru olanı edim. Bəlkə, bu hərəkəti kimsə görər və heç olmasa, təkrar etməyə səy göstərər”.  Yazılmamış qanunlara riayət etmək adət - ənənələrdə də özünü göstərir və ayrı - seçkiliyə yol açır. Məsələn, cinsi ayrı – seçkiliyi buna ən böyük nümunə çəkə bilərik.

“Qadın və kişi müəyyən imkanların bölüşdürülməsində və hüquqda bərabərdir. Digər bütün mövzularda qadın və kişi bərabər deyil. Qadın qadınla, kişi isə kişi ilə müqayisə olunmalıdır. Çünki onlar nə fiziki, nə estetik, nə də cinsi olaraq bərabər deyillər” (yazıçı, jurnalist Abdürrəhmanın müsahibəsi: https://youtu.be/j9T9Q_fZpoY ). Qadın və kişinin bərabər hüquqlara malik olduğu qanuni təsdiqini tapdığı halda hələ ən qədim zamanlardan başlayaraq bir çox dövlətlərdə qadınların hüquqlarının ciddi şəkildə tapdalandığı mənbələrdə öz əksini tapmışdır. Qədim Çində yeni doğulmuş qızlara ad verilmir, rəqəmlərlə  (Ailədə neçə uşaq varsa, o saya uyğun adlandırılırdılar) çağırılır,  Hindistanda qız uşağı doğularkən cinsiyyəti bəlli olduqdan sonra öldürülür, bizim ölkəmizdə isə ya təhsil verilmir, ya da yarıda kəsilərək  erkən ailə qurmağa sövq edilirdi.  Lakin tarixi köklərimizə nəzər salsaq, görərik ki, qədim türklər qadınların hüquqlarını tanıyır, onlara hörmət bəsləyirdilər. “Kitabi - Dədə Qorqud” əsərində qadınların da kişilər kimi at minmək, ox atmaq, onlarla birlikdə döyüşə getmək imtiyazları olduğu qeyd edilmişdir. Hətta qadınların bəziləri gələcək həyat yoldaşlarını seçmə hüququna da sahib idilər. Güləşdə və ya döyüşdə məğlub olduqları igidlə ailə həyatı qurardılar (Banuçiçəyi misal çəkə bilərik).  Hazırki zəmanədə isə Avropa ölkələrinin bəziləri qadına bir əşya münasibət bəsləyir, onlara təhqir və təcavüz etməyi sosiallaşdırır. Şərq ölkələrində isə hal – hazırda təhsil hüquq az da olsa, bərpa edilsə də, yenə də qadınlar müxtəlif təzyiqlərə məruz qalırlar.

Qadınlar arasında belə bir sosial eksperiment keçirilmişdir: “Bir günlük kişi olsaydınız, nə edərdiniz?” Əksəriyyətinin bənzər səsləndirdiyi bir fikir var idi: ”Gecə gəzmək istəyirəm”. Bəli, bəzi heyvanlar belə gecə sərbəst dolaşa bildiyi halda bunu qadınlar edə bilmir. Çünki etdiyi təqdirdə “əxlaqsız qadın” damğasını yeyir. Məgər əxlaqlı qadın gecə gəzintiyə çıxa, velosiped sürə, istədiyi kimi geyinə, danışa, hərəkət edə bilməzmi? Əlbəttə ki, edə bilər, bu qanuni şəkildə qadağan edilməyib. Lakin insanlarımız buna yalnış gözlə baxır. Məhz bu zaman şüur altımıza yerləşdirilən belə boş, mənasız dırnaqarası dəyərlər bu arzulara mane olur. Birgə Razılaşma Konsepsiyasında da deyildiyi kimi “Mən, Sən və O, yəni biz adətləşmiş, daşlaşmış davranış modellərimiz üzərində düşünməli, nə üçün məhz bu cür davranmağımızı sorğulamalı və əgər bizə zərər gətirirsə, onları kor-koranə təkrarlamaq yerinə yeniləri ilə əvəzləməyə çalışmalıyıq”.  Bəli, nəyə niyə pis gözlə baxdığımızı, bəzi qaydaların necə var olduğunu, nə məqsədlə yarandığını bilmədiyimizi , sadəcə “atalarımızın” belə dediyini bilirik. Bunu anlamalıyıq ki, hər zəmanənin özünəməxsus qanunauyğunluqları vardır. Nə vaxtsa, düzgün hesab edilməyən bəzi hadisələrə bu dövrdə tam fərqli yanaşa bilərik. Çünki zaman dəyişir və biz yeniliklərə açıq olmalıyıq. O qədər boş şeylərə əməl edirik ki, olması lazım olan işlər kənarda qalır. Bu fikirlərdən yola çıxaraq deyə bilərik ki, qadın hüquqları olması gərəkdiyi kimi qorunmur, tətbiq edilmir. Sadəcə kağız üzərində qalır.

Belə ki, yuxarıda qeyd etdiyimiz kimi qadın və kişi hüquqi cəhətdən bərabərdir. Bu, digər sahələrdə belə deyil. Qeyri – bərabər olan bu varlıqlar bir – birini tamamlamaq üçündürlər. Lakin bizim mentalitet buna fərqli baxır, kişinin üstünlüyünü vurğulayır. Kişi “ali qan” hesab edilir, onun əmrlərinə itaət etmək, ona qulluq etmək bir borcmuş kimi kiçik yaşlardan qadınlara təlqin edilir. Ancaq N.Gəncəvi Nüşabə, Fitnə, Şirinin; M.Füzuli Leylinin ; M.F.Axundov Pərzad, Səkinənin; C.Cabbarlı Sevil, Dilbərin (bu siyahını istənilən qədər uzada bilərik) timsalında qadın hüquqsuzluğunu qələmə alaraq insanların diqqətini bu mövzuya cəlb etmişlər. Beləcə xalq bu əsərləri oxuyaraq bir nəticəyə gələ bilər. Məhz bu cür qəlibləşmiş problemlərin həllində ziyalı təbəqənin rolu mühümdür. Konsepsiyada da qeyd edildiyi kimi ”ziyanlı diplomlular” deyil, ziyalı insanlar cəmiyyətin yaralarına məlhəm etməlidirlər. 

Birgə Razılaşma Konsepsiyası feminizmə də aydınlıq gətirir.  Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi olaraq meydana çıxmışdır. Feminizm cərəyanı qadın hüquqlarını müdafiə etdiyi və cinsi bərabərliyi dəstəklədiyi halda toplum içində bəzi “insancığazlar” bunu yalnış anlayır. Qadınların kişilərdən yuxarıda durduğunu deyir və yeni bir münaqişəyə imza atır. Lakin konsepsiyada da qeyd edildiyi kimi feminizm qadınların kişilərdən üstün olduğunu deyil, onlarla bərabər hüquqlara malik olduğunu deyir. Çünki konsepsiyanın müddəalarında belə yazılmışdır: “Mən (yəni fərd) ən ali varlığam. Mənim (yəni fərdin) azadlığım ən ali dəyərdir” (1). Deməli, bütün fərdlərin azadlığını eyni cür müdafiə edən bu konsepsiya necə ola bilər ki, cinsi ayrı – seçkilik etsin? Bütün bunlara rəğmən belə bir sual verə bilərsiniz ki, “Bəs Birgə Razılaşma Konsepsiyası insanlar arasında ayrı – seçkilik etmirmi?” Edir, lakin bu ayrı – seçkilik məqsədli xarakter daşıyır. Yəni başqalarının hüquqlarını heçə sayan hər bir fərd bu cəmiyyətdən - Birgə Razılaşma cəmiyyətində uzaqlaşdırılır, düşünməyə sövq etdirilir.

Bir sözlə, Birgə Razılaşmanın tələbinə görə kişiyə aid bütün hüquq və azadlıqlar qadınlara da istisnasız olaraq şamil edilir. Birgə Razılaşma cəmiyyətində xoşbəxt yaşamaq üçün bir – birimizin hüquqlarına hörmət etməyimiz vacibdir. Son olaraq onu qeyd edim ki, Birgə Razılaşma Konsepsiyasının müddəalarını qəbul etsək və yerinə yetirsək, bir zamanlar Nizami Gəncəvinin arzuladığı, görmək istədiyi “xoşbəxtlər ölkəsində” yaşamağa haqq qazanarıq (2).

 

Ədəbiyyat siyahısı

 

1. Ramin Allahverdi. Birgə Razılaşma konsepsiyası. Bakı: 2021.

2. Nizami Gəncəvi. İskəndərnamə (İqbalnamə). Bakı: 2004.

3. Kitabi – Dədə Qorqud. “Bayburanın oğlu Bamsı Beyrək boyu”. Bakı: 2015.

 

Qeyd: Müəllif Firuzə Qaloyeva  bu məqaləsi ilə BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİnin “BİRGƏ RAZILAŞMA KONSEPSİYASI fərdin xoşbəxtliyini təmin edir” adlı yazı müsabiqəsinin iştirakçısı və qaliblərindən biridir.   


Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU