12. BİRGƏ RAZILAŞMA və QANUNVERİCİ HAKİMİYYƏT


12. BİRGƏ RAZILAŞMA və QANUNVERİCİ HAKİMİYYƏT

Əvvəlki yazılardan birində DÖVLƏTi idarə edən hakimiyyət növlərindən birinin də QANUNVERİCİ HAKİMİYYƏT olduğunu qeyd etmişdik (bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html).
QANUNVERİCİ HAKİMİYYƏTin fundamental işi BİRGƏ RAZILAŞMA əsasında qurduğumuz cəmiyyətin Razılaşmanın əsas müddəaları, tezisi əsasında fərdin, (insan, vətəndaşın) hüquq və azadlıqlarının ən yüksək formada reallaşmasını təmin edən və qoruya biləcək QANUNLAR, digər normativ-hüquqi aktlar qəbul etməkdir. Eyni zamanda həmin normativlər maksimum fərdin (insanın) yəni Mən, Sən və Onun hüquq və azadlıqlarına xələl yetirən olmamalı, bu mənada istənilən hakimiyyət qolunun, o cümlədən, bütövlükdə DÖVLƏTİN özünün səlahiyyətlərini məhdudlaşdırmağa yönəlməlidir. Bir sözlə, QANUNVERİCİ HAKİMİYYƏT DÖVLƏTin, xüsusilə, İCRA (müəyyən mənada həmçinin, ƏDALƏT) HAKİMİYYƏTİNİN səlahiyyətlərini bəlli bir çərçivəyə salmaq üçün QANUNLAR (qanuverici aktlar, normativlər və s.) qəbul etməli, bununla da maksimum şəkildə QANUNLARdan asılılığını təmin etmiş olmalıdır. Başqa cür desək, DÖVLƏTİN əslində Mən, Sən və Ona, yəni biz cəmiyyət üzvlərinə daha yaxşı və çevik xidmət edə bilməsi üçün qanuni, hüquqi baza yaratmaqla məşğul olmaldır.
QANUNVERİCİ HAKİMİYYƏTə BİRGƏ RAZILAŞMAYA zidd olan qanuvericilik aktları (QANUNLAR və s.) qəbul etmək QADAĞANDIR. Əgər hakimiyyətin bu növü Mən, Sən və Onun, yəni cəmiyyət üzvlərinin hamılıqla qəbul etdiyi BİRGƏ RAZILAŞMAnın bütün müddəalarına və fəlsəfəsinə zidd olan normativ-hüquqi aktlar (QANUNLAR) qəbul etmiş olsa, bizim hüquq və azadlıqlarımızı məhdudlaşdırmağa, beləcə, dolayısı yolla bizim azadlığımızı əlimizdən almış olur. Ona görə də belə olduğu təqdirdə, QANUNVERİCİ hakimiyyətin LEGİTİMLİYİ BİRGƏ RAZILAŞMAnı qəbul edən Mən, Sən və Onun (yəni cəmiyyətin üzvləri) tərəfindən tanınmayır və rədd edilir.
 Beləliklə, QANUNVERİCİ HAKİMİYYƏTİnin başlıca funksiyaları bunlardır:
1. BİRGƏ RAZILAŞMANIN tələblərinə və fəlsəfəsinə uyğun olaraq Mən, Sən və Onun, yəni cəmiyyət üzvlərinin XOŞBƏXT, firavan yaşamalarından ötrü,  (fərd, vətəndaş) hüquq ( haqlarını) və  azadlıqlarının təmin olunmasına dair normaları daha da yaxşılaşdırmaq üçün QANUNLAR, digər normativ-hüquqi aktlar qəbul etmək.
2. DÖVLƏTİN, onun HAKİMİYYƏT qollarının, xüsusilə də İCRA HAKİMİYYƏTİnin BİRGƏ RAZILAŞMA və QANUNLARdan asılılığını daha da artırmaq üçün onların fəaliyyətini davamlı çərçivəyə salan qanuverici aktlar qəbul etmək, işləmə mexanizmini yaratmaq.
 QANUNVERİCİ HAKİMİYYƏTİni təcəssüm etdirən Ali orqan XALQ TRİBUNASIdır. XALQ TRİBUNASInı VƏTƏNDAŞLAR arasından müəyyən müddətə seçilmiş olan nümayəndələr formalaşdırır. Bu nümayəndələri XALQ TƏMSİLÇİLƏRİ (deputat) adlandırırıq.
XALQ TƏMSİLÇİSİnin vəzifə borcudur:
1. BİRGƏ RAZILAŞMAnın tələblərinə və fəlsəfəsinə uyğun qanuNverici aktlar (QANUNLAR) hazırlamaq və qəbul etmək;
2. Mən, Sən və Onun (yəni cəmiyyət üzvlərinin) XOŞBƏXT və sülh içində yaşaması üçün təməl hüquq və azadlıqlarımıza dair qanunverici aktları daha da təkmilləşdirmək.
 XALQ TƏMSİLÇİSİNƏ QADAĞANDIR:
1. BİRGƏ RAZILAŞMAnın tələblərinə və fəlsəfəsinə uyğun olmayan (zidd) qanunverici aktları (QANUNLAR) hazırlamaq təşəbbüsündə olmaq (qeyd: XALQ TƏMSİLÇİSİ belə bir hala yol verərsə, bu hal onun birbaşa məsuliyyətə cəlb olunmasına  səbəbdir. Həmin təmsilçinin mandatı əlindən alınmaqla barəsində cəza tədbirlərinin görülməsi labüddür).
2. Digər hakimiyyət qollarının nümayəndələrinin qanuni işinə müdaxilə etmək (Məsələn, tutaq ki, VƏTƏNDAŞ hansısa bir icra nümayəndəsindən, məmurdan özbaşınalığına, rüşvət tələb etməsinə görə XALQ TƏMSİLÇİSİnə şikayət edir ki, ona köməklik göstərsin. XALQ TƏMSİLÇİSİ (deputat) da guya məsələni yerindəcə həll etmək niyyəti ilə zəng vurub həmin özbaşına, rüşvətxor məmura tapşırır, yaxud xahiş edir ki, VƏTƏNDAŞın şikayətinə baxsın. Bununla da şikayət həllini tapmış olur. Bu, əlbəttə, doğru yanaşma deyil. XALQ TƏMSİLÇİSİnin işi ondan ibarətdir ki, elə bir qanunverici baza hazırlayıb, mexanizm yaratsın ki, icraçı məmurun ağlına özbaşınalıq eləmək, rüşvət tələb etmək kimi qanunsuz hərəkətlər etmək gələndə dərhal cəzalandırılacağının qaçılmaz olduğunu xatırlatsın).
QANUNVERİCİ HAKİMİYYƏTİN fəaliyyəti ictimaiyyət üçün daim açıq və şəffaf olmaldır. AZAD MƏTBUAT, həmçinin VƏTƏNDAŞ CƏMİYYƏTİ, eləcə də hər bir VƏTƏNDAŞ istənilən vaxt onların həyatına birbaşa təsir edə biləcək qanunvericilik aktları barədə XALQ TRİBUNASINDAN hesabat tələb edə bilsin.
 XALQ TƏMSİLÇİSİ özü BİRGƏ RAZILAŞMAnın tələblərini (QANUNLARI) pozmuş olarsa, dərhal vəzifəsindən kənarlaşdırılır, barəsində ciddi xidməti araşdırma aparılır. Onun QANUNU pozması təsdiqlənərsə, ən ağır formada cəzalandırılır. Böhtan atılıbsa, böhtançı məsuliyyətə cəlb edilir.

Ramin Allahverdi





Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU