14. BİRGƏ RAZILAŞMA VƏ AİLƏ MODELİ (İNSTİTUTU)


14. BİRGƏ RAZILAŞMA VƏ AİLƏ MODELİ (İNSTİTUTU)

AİLƏ cəmiyyətin kiçik bir modelidir. Başqa cür desək, AİLƏ Mən, Sən və Ondan ibarət balaca bir “cəmiyyət”dir. Bizim “böyük” cəmiyyətdə mövcud olan, yaranmış dəyərlərin, yazılmamış qaydaların əsasları da istəsək də, istəməsək də məhz oradan qaynaqlanır (proyeksiyalanır).
Məlum olduğu kimi, müxtəlif AİLƏ modellərinin formalaşması uzun əsrlərin çoxtərəfli təsirləri ilə intişar tapmışdır və davam etməkdədir. Formalaşma prosesində müxtəlif dönəmlərdə AİLƏ modeli ilə bağlı adət-ənənələr, mentalitet (milli vərdişlər, adətlər), tabular zaman-zaman bir-birini əvəzləmişdir, yaxud biri digərinə transformasiya olunmuşdur. Nəhəyət, müasir dövrümüzdə dünyada çeşidli AİLƏ modelləri ortalığa çıxmışdır. Ölkəmizdə dominatlıq təşkil edən AİLƏ modeli Şərq (xüsuslə, müsəlman) aləminin ciddi təsirindən kənarda qala bilməmiş, eyni zamanda, özünəməxsus cizgiləri ilə çulğalaşmış biçimdə indiki forması ilə təzahür etmişdir.
Etibarlı mənbələrdən olan xalq deyimlərinin (atalar sözləri və məsəllərin) bəzilərini yığcam təhlili nəzər salsaq hazırda məmləkətimizdəki mövcud AİLƏ modelinin mahiyyətini (forma və məzmununu) anlayıb səciyyələndirə bilməyimizə köməklik edər. Bu xalq deyimləri (atalar sözləri, məsəllər) sanki ailədəki fərdlərin qarşılıqlı münasibətlər sisteminin normativlərini müəyyən edən yazılmamış qaydaları olaraq biçimlənmişdir.  Beləliklə, bu səpkidə olan bir sıra xalq deyimlərinə diqqət yetirək:
“Kişi evin ağasıdır!”, “Evdə kişinin sözü ötkəm olar”, “Kişinin dediyi qanundur”, “Kişi belə deyirsə, belə də olmalıdır”, “Kişiynən kişilik eləmək olmaz”, “Kişinin bir sözü iki olmaz”, “Kişi deyir, getmə, getmə”, “Kişiyə olar, qadına yox”, “Arvadsan arvad işinlə məşğul ol”, “Sən kişi işinə qarışma”, “Arvadsan əlin xamırlı kişi işinə qarışma”, “Arvad kişinin namusudur”, “Ər evi, gor evi”, “O, oğlan uşağıdır, ona olar”, “Sən qız uşağısan, sənə olmaz”, “Uşaqsan, uşaq qələtini elə”, “Böyük danışan yerdə uşaq danışmaz”, “Sən uşaqsan, mumla”, “Böyük səni söysə də olar, sən böyüyə söz qaytarma”, “Kişi söyər də, sevər də”, “Adam böyüyə əl qaldırmaz”, “Adam böyüyə cavab qaytarmaz”, “Adam böyüyün sözünə qulaq asar”, “Allahsız yerdə otur, böyüksüz yerdə yox” və s. (özünüz də yaradıcı olub əlavələr edə bilərsiz).
Məncə, hər biri əslində bir normativ müddəaya bərabar tutula biləcək yuxarıdakı xalq deyimlərinin bu qədəri kifayət edir ki, məmləkərtimizdə  hansı AİLƏ modelinin dominantlıq təşkil etdiyini təssəvvürümüzdə canlandıraq. Xalq deyimlərindən, ya da  yazılmamış qaydalardan, hökmlərdən AİLƏ modelimizin aşağıdakı başlıca cəhətlərini, prinsiplərini ayırd edə bilirik:
1. Kişi AİLƏdə üstün, dominant, tabe edən fərddir (başqa cür desək Kişi AİLƏdə mütləq hakimdir).
2. Qadın AİLƏdə Kişiyə tabe fərddir.
3. Uşaqlar AİLƏdə qeyri-müstəqil fərdlərdir.
4. Oğlan uşaqları qızlara görə üstün statusdadırlar.
5. Qızlar ən qeyr-müstəqil fərdlərdir (bəzən özlərinə də ixtiyarları çatmayır).
Aydın şəkildə müəyyən olunan belə prinsiplərə, qaydalara söykənilərək, idarə olunan AİLƏ modelini AZAD, LİBERAL, DEMOKRATİK və s. model kimi xarakterizə edə bilərikmi?! Əlbəttə, xeyr! Bu modelin mahiyyətindən doğan bəlli adı var, Patriarxal-Avtoritar AİLƏ modeli. Həmin AİLƏ modelində “Kişi evin ağası olur”, “Kişinin sözü qanun olur”, “Kişi söyür də, sevir də”, “Kişiylə kişilik etmək olmaz” və s.
Xəbər alan yoxdur ki, xeyir ola niyə kişi AİLƏdə tabe edən fərd olmalıdır? Qadın niyə AİLƏdə tabe olan fərd olmalıdır? Uşaqlar niyə AİLƏdə qeyri-müstəqil olmalıdırlar? Qızlar niyə AİLƏdə ən qeyri-müstəqil fərdlər olmalıdırlar? Bax bu tipli sorğulayıcı sualları, başqalarına demirəm, özümüzə vermək belə ağlımıza gəlməyibsə, deməli, dəhşətli “Meymun sindromu”ndan əziyyət çəkənlərdənik, xəbərimiz yoxdur.
Haşiyəyə çıxıb bu sindromu izah edək. Cəmiyyətdə əksər istənilən müxtəlif kollektiv formalarında kortəbii davranışlar müəyyən bir dönəm içində vərdişlərə, uzun müddət davam edəndə adətlərə, daha sonra isə ən pis halda tabulara çevrilir və belə olduğu təqdirdə yeni nəsə dəyişiklik təşəbbüsündə bulunan fərd acımadan asilikdə ittiham edilərək çıxdaş olunur. Toplum isə geriləyir, ən yaxşı halda yerində saymaqla kifayətlənir  (növbəti BİRGƏ RAZILAŞMA və VƏTƏNDAŞ BİRLİKLƏRİ yazısında bu barədə ətraflı yazacağıq). Bunun səbəbi cəmiyyətdə istənilən kollektiv formalarında kortəbii davranılşlarla müşayət olunan  “Meymun sindromu”dur.
Bu sindromu üzə çıxaran alimlər belə bir təcrübə aparıblar. Bir qəfəsə beş meymun salırlar. Qəfəsin ortasına təpəsinə banan salxımları asılmış (meymunlar dırmaşıb götürə bilsin deyə) bir nərdivan yerləşdirirlər.  Meymunlardan biri bananı götürmək üçün nərdivana dırmaşmaq istəyəndə təqdiqatçılar qəfəsin yuxarısına əvvəlcədən yerləşdirilmiş su borusu süzgəncindən bütün meymunların üzərinə 5 dəqiqə müddətinə soyuq su səpirlər. Digər meymunlar da nərdivana qalxmağa cəhd edərkən soyuq su səpilməsi təkrarlanır. Meymunlar tamam islanırlar. Bir müddətdən sonra meymunlardan hansısa biri nərdivana yaxınlaşarkən digərləri qışqıraraq hücum  edib onu nərdivana dırmaşmağa qoymayıb döyürlər. 
Beləliklə, alimlər soyuq su səpməyi dayandırsalar da meymunlar artıq banan üçün nərdivana dırmaşmağa cəhd etmirlər. Təcrübə davam etdirilir, qəfəsdəki meymunlardan birini çıxarıb yerinə yenisini, deyək ki, A meynununu salırlar. Təzə gələn meymunun (A-nın) ilk hərəkəti bananları götürmək üçün nərdivana tərəf getmək olur. Elə bu zaman əvvəlki  4 meymun (islananlar) təzə gələn A-nın üzərinə hücum edərək onu döyürlər.  Təzə meymun (A) öyrənir ki, nərdivana çıxmaq olmaz. Sonra əvvəlki 4 meymundan birini də yenisi B ilə əvəz edirlər. Yeni meymun B  də öz növbəsində nərdivana yaxınlaşmaq istəyərkən digər meymunlar tərəfindən hücüma məruz qalır, döyülür. Hətta (soyuq su üzərinə səpilməmiş) A meymunu da B-ni daha çox döyür. B meymunu da artıq öyrənir ki, nərdivana dırmaşmaq olmaz. Digər əvvəlki meymunlarının hamısını sıra ilə yeniləri - C, D, E ilə əvəz edirlər. Nəticədə, baxmayaraq ki, yeni gələn meymunların heç birinin üzərinə soyuq su səpilməyim və ümumiyyətlə suyun səpilməsi dayandırılıb, lakin onların heç biri bananları götürmək üçün yaxınlaşıb, nərdivana dırmaşmayırlar.
Meymunlardan soruşsaq ki, niyə belə edirlər (davranırlar)? Yəqin ki, deyəcəkdilər ki, “Dədəd-babadan belə görmüşük, belə də edirik”. Buradan çıxan əsas nəticə odur ki, Mən, Sən və O, yəni biz cəmiyyət üzvləri adətləşmiş, daşlaşmış davranış modellərimiz üzərində düşünməli, nə üçün məhz bu cür davranmağımızı sorğulamalı və əgər bizə zərər gətirirsə, onları kor-korənə təkrarlamaq yerinə yeniləri ilə əvəzləməyə çalışmalıyıq.
Bu baxımdan, BİRGƏ RAZILAMA Konsepsiyası müstəvisində AİLƏ modelinə nəzər salaq.
Məlum olduğu kimi, BİRGƏ RAZILAŞMAnın əsas müddəalarını, tezislərini aşağıdakı kimi qəbul etmişdik:
1.     Mən, Sən və O (yəni insan) ən ali varlıqıq.
2.     Mənim (hər bir insann, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.
3.     Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.
4.     Mənim azadlığım yalnız və yalınız Sənin və Onun hüquqları, haqları başlayan yerdə bitir.
5.     Mən, Sən və Onun birliyi suverendır (müstəsna səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri olmaq deməkdir. Bu suverenlik, müstəsna səlahiyyət bizə yuxardakı müddəaları nəzərə alaraq istədiyiimiz kimi fəliyyət göstərməyimizin zəminidir. Həmin müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik.
6.     Qəbul etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni hər birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər cəzalandırılmalıdır.
7.     BİRGƏ RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız Mənim, Sənin və Onun (hər bir nəfərin) razılığı ilə dəyişdirilə bilər” (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html).
Məhz bu təməl tezislər əsasında bizim BİRGƏ RAZILAŞMA AİLƏ modelinin özülünü aşağıdakı təməl müddəalar təşkil edir.
Beləliklə, BİRGƏ RAZILAŞMA AİLƏ MODELİnin təməl prinsipləri:
1. AİLƏnin hər bir üzvü İNSAN (FƏRD) kimliyinə malik olduğundan BİRGƏ RAZILAŞMAnın bütün müddəaları hər bir AİLƏ fərdinə şamil olunur;
2. Kişi AİLƏdə bərabərhüquqlu fərddir.
3. Qadın AİLƏdə bərabərhüquqlu fərddir.
4. Uşaqlar AİLƏdə bərabərhüquqlu (cinsiyyətindən asılı olmayaraq) fərdlərdir.

Bu prinsiplərə ilk növbədə BİRGƏ RAZILAŞMAnı yaradanlar (eyni zamanda  tərəfdarları) Mən, Sən, O, yəni hər birimiz şüurlu surətdə şəksiz əməl etməliyik. Həmin prinsiplərdən irəli gələn tələblər üzrə davaranışlarımızı tədricən formalaşdırmalı, yeni rasionallığa söykənən yaşam tərzinə uyğun AİLƏ modelini düzənləməliyik. BİRGƏ RAZILAŞMAnın yuxarıdakı AİLƏ MODELİ prinsiplərini pozan kəs BİRGƏ RAZILAŞMAnın təməl tezislərinə qarşı çıxmış hesab olunur, ona görə də  mütləq cəzalandırlmalıdır.
Ramin Allahverdi




Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU