5. BİRGƏ RAZILAŞMA və DÖVLƏT

5. BİRGƏ RAZILAŞMA və DÖVLƏT

Əvvəlki yazılarda BİRGƏ RAZILAŞMAnın (Mən, Sən və Onun  (yəni cəmiyyətin bütün üzvləri) tərəfindən yekdilliklə qəbul edilən birbaşa hüquqi qüvvəyə malik ən ali RAZILAŞMAdır) nə olduğunu öyrəndik. Məlum oldu ki, BİRGƏ RAZILAŞMA (həmçinin, onun əsasında qəbul edilən QANUNLAR) cəmiyyətin üzvləri arasında olan münasibətləri tarazlaşdırır və cəmiyyətin yaşam tərzini tənzimləyir.
Lakin bu BİRGƏ RAZILAŞMAnın (QANUNLARın) faktiki olaraq işləməsi üçün, yəni onun tələblərinə riayət olunmasını təmin etməkdən ötrü bir mexanizmə, aparata ehtiyac var. Həmin mexanizmə, aparata DÖVLƏT deyirik. Mən, Sən, O, yəni biz DÖVLƏTi məhz bizim hər birimizə (mənə, sənə, ona) xidmət etsin, BİRGƏ RAZILAŞMAnın (QANUNLAR) tələbləri çərçivəsində fəaliyyət göstərsin, onun tətbiqinə nəzarət etsin deyə yaradırıq. Əks halda DÖVLƏT bizim nəyimizə lazımdır?!
Bizim hər birimizin xoşbəxt, sülh şəraitində yaşamağımız naminə DÖVLƏTə BİRGƏ RAZILAŞMAnın bütün müddəalarını qoruması üçün maneəsiz fəaliyyət göstərməsindən ötrü şüurlu surətdə hamılıqla ona BİRGƏ RAZILAŞMA (QANUNLAR) çərçivəsində müstəsna səlahiyyətlər (suverenlik) veririk. Yeri gəlmişkən qeyd edim ki, DÖVLƏTə tam suverenlik səlahiyyəti verilmir, yəni DÖVLƏT yalnız BİRGƏ RAZILAŞMA (QANUNLAR) çərçivəsində suverendir. Belə bir müstəsna səlahiyyət, suverenlik haqqı yalnız və yalnız Mən, Sən və Ona, yəni bizə - cəmiyyətin üzvlərinə məxsusudur. (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html).
Beləliklə, DÖVLƏTin əsas səlahiyyətlərinə, hüquq və vəzifələrinə aşağıdakılar daxil edilir:
1.    DÖVLƏTin ən ali vəzifəsi Xoşbəxt, sülh şəritində yaşamaq üçün Mənim, Sənin və Onun, yəni cəmiyyətin bütün üzvlərinin BİRGƏ RAZILAŞMA ilə təsbitlənmiş hüquq və azadlıqlarını, haqlarını qorumaq, həmçinin, ən yüksək səviyyədə təmin etməkdir;
2.    DÖVLƏT bizim BİRGƏ RAZILAŞMA əsasında qurulan cəmiyyətimizi birgəyaşayışımıza qarşı yönəlmiş və yaxud yönələcək hər cür təhlükədən mühafizə edır;
3.     DÖVLƏT BİRGƏ RAZILAŞMAnın (QANUNLARın) müddəalarını pozan kəslərin müvafiq normativ hüquqi aktlar çərçivəsində cəzalandırılmasını və s. yerinə yetirən bir hakimdir;
4.    DÖVLƏTə QADAĞANDIR: insanların (fərdlərin, vətəndaşların) hüquq və azadlıqlarını məhdudlaşdırmaq. Yəni DÖVLƏT heç bir halda insanların, fərdlərin, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz. Onların hüquq və azadlıqlarını ancaq BİRGƏ RAZILAŞMA (QANUNLAR) məhdudlaşdıra bilər. Bu mənada DÖVLƏT sadəcə həmin qanunların həyata keçirilməsini təmin edən bir mexanizmdir, aparatdır.
Deməli, biz BİRGƏ RAZILAŞMAnın yüksək səviyyədə, olduqca dəqiqliklə təmin olunması üçün DÖVLƏT adlı nəhəng səlahiyyətləri, hüquq və vəzifələri olan mexanizm, aparat yaratdıq. Həmin aparatla (DÖVLƏTlə) Mən, Sən və Onun, yəni bizim - cəmiyyət üzvlərinin arasında yeni müstəvidə çoxşaxəli münasibətlər sistemi meydana çıxır. Bu münasibətləri tənzimləmək üçün (yəni əslində DÖVLƏTə yalnız bizim BİRGƏ RAZILAŞMAnın çərçivəsində fəaliyyət göstərməsi üçün) BİRGƏ RAZILAŞMAnın tezisləri əsasında əsas Qanunu, yəni Anayasanı (Konstitusiyanı) hazırlayırıq. Həmin Anayasaya görə BİRGƏ RAZILAŞMAnı (QANUNLARI) həyata keçirən Aparat DÖVLƏT, bu aparatla münasibətlər kontekstində (DÖVLƏTin idarə olunmasında, nəzarət edilməsində iştirak və s.) Mən, Sən və O, yəni biz cəmiyyətin üzvləri isə VƏTƏNDAŞ statusu və ya kimliyi əldə edirik (istəməyən Vətəndaş olmaya da bilər, çünki əsas olan BİRGƏ RAZILAŞMAdır).  
Göründüyü kimi, kifayət qədər nəhəng səlahiyyətləri özündə ehtiva edən DÖVLƏTin lazımınca fəaliyyət göstərməsi üçün onun səlahiyyətlərini bölüşdürüb VƏTƏNDAŞların sırasından seçdiklərimiz cəmiyyət üzvlərinə müəyyən müddətə həvalə edirik. DÖVLƏTin həvalə edilən bu nəhəng səlahityyətlərindən istifadəyə HAKİMİYYƏT deyirik. Başqa sözlə desək, HAKİMİYYƏT (müəyyən müddətə) DÖVLƏTin bütün səlahiyyətlərinə sahib olan deməkdir (bu barədə növbəti yazıda bəhs edəcəyik).
Mən, Sən və Onun (yəni cəmiyyət üzvləri) tərəfindən nəhəng müstəsna səlahiyyətlər verilən DÖVLƏTin fəaliyyətinə mütləq nəzarət edilməlidir, əks halda həmin səlahiyyətlərdən sui-istifadə edilməsi halları qaçılmazdır. Bəs, bu nəzarəti necə həyata keçirməliyik?
Əsasən iki yolla bunu edə bilərik.
1. İfadə azadlığını təmin edən AZAD MƏTBUAT olmalıdır. DÖVLƏTin AZAD MƏTBUATa müdaxiləsi qadağandır. Azad mətbuat o deməkdir ki, istənilən bir cəmiyyət üzvünün (Mən, Sən və Onun) BİRGƏ RAZILAŞMA (QANUNLAR) ilə təsbitlənmiş hüquq və azadlıqları tapdalanarsa (hətta, DÖVLƏT tərəfindən olsa belə), mütləq mətbuat tərəfindən işıqlandırılmalıdır. Mətubat əlçatan olmalı, istənilən insanın müraciəti üçün açıq olmalıdır. Yəni biz bir-birimizin təməl haqları pozulduğu zaman dərhal xəbər tutmaq imkanına malik olmalı və bunu yerindəcə aradan qaldırmaq üçün tədbir görməliyik.
2. VƏTƏNDAŞlar tərəfindən BİRGƏ RAZILAŞMAnın (QANUNLARın) tezisləri əsasında müxtəlif birliklər, yəni Qeyri-hökumət təşkilatları yaradılmalıdır. DÖVLƏTin onların qanuni fəaliyyətinə müdaxiləsi qadağandır (bu barədə növbəti yazıda).  

Ramin Allahverdi


1.           



Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU