28. BİRGƏ RAZILAŞMA VƏ MÜLKİYYƏT TOXUNULMAZLIĞI, AZAD BAZAR

 

28. BİRGƏ RAZILAŞMA VƏ MÜLKİYYƏT TOXUNULMAZLIĞI, AZAD BAZAR

 

Məlum olduğu kimi, BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın 2, 3 və 4-cü müddəlarında göstərilir:

1.   Mənim (hər bir insanın, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.

2.   Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.

3.   Mənim (bir insanın, fərdin) azadlığım yalnız və yalınız Sənin və Onun (digər insanların, fərdlərin) hüquqları, haqları başlayan yerdə bitir (bax: https://birgeraz.blogspot.com/2020/06/birg-razilasma-mn-sn-v-o.html)

Göründüyü kimi, burada AZADLIQ məfhumu geniş məna daşımaqla  bir FƏRDə aid edilə bilən bütün azadlıqları (söz, ifadə, yaradıclıq, toplaşmaq, mülkiyyətə sahiblənmək və s.) özündə ehtiva edir (yeri gəlmişkən, bu azadlıqlar barədə bu və ya digər formada əvvəlki yazılarda bəhs etmişik). FƏRDin yəni Mənim (Sən və Onun) ümdə azadlıqlarımdan biri də sərbəst şəkildə özəl mülkiyyətə (mənə məxsus olan şeylərə) sahiblənməyimdir. Bu o deməkdir ki,  BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna uyğun, həmçinin onun əsasında ərsəyə gələn ALİ MÜQAVİLƏ – KONSTİTUSİYA və digər QANUNların tələblərini pozmadan əldə etdiyim, sahibləndiyim şeylərin üzərində olan haqqım (hüquqlarım) birmənalı şəkildə tanınmalı və qorunmalıdır.   

Bu baxmdan, BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna əsaslanan cəmiyyətdə ən vacib məsələlərdən biri də Mən, Sən və Ona məxsus olan (yəni cəmiyyət üzvlərinə) mülkiyyətin toxunulmazlığı hər bir cəmiyyət üzvü tərəfindən qəbul edilməli və ilk növbədə yaratdığımız DÖVLƏT tərəfindən   tam şəkildə qorunmalıdır.  

Bəs MÜLKİYYƏT TOXUNULMAZLIĞI nə üçün vacibdir? Bu, ilk növbədə ona görə vacibdir ki, FƏRDə məxsus ümdə azadlıqlardan (haqlardan) biri olmaqla onun XOŞBƏXT yaşamasını təmin etmək iqtidarındadır. Bəzi FƏRDlər hətta var-dövlət sahibi olmağı həyatlarının başlıca məqsədi hesab edərək, kifayət qədər zəhmətə qatlanırlar və sərvət  qazanırlar. Özlərinin XOŞBƏXTliyini məhz belə yaşamaqda görürlər və əlbəttə ki, bu onların azad seçimləridir.

Məhz bu cür FƏRDlər əgər BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın əsas müddəalarına (həmiçinin, bu konsepsiya əsasında tərtib olunmuş ALİ MÜQAVİLƏ – KONSTİTUSİYA, o cümlədən, digər qanunlara) zidd olmadan fəaliyyətini qurursa, KONSEPSİYA onları dəstəkləyir və maksimum AZAD, ƏDALƏTLİ RƏQABƏT mühiti, bərabər şərait (şərtlər) yaradılmasını təmin edir.

AZAD, ƏDALƏTLİ RƏQABƏT mühitində özəl mülkiyyətə sahiblənmə FƏRDin şəxsi maraqlarına cavab verdiyinə görə, məhz həmin şəxsi maraq naminə o, digərlərinə (başqa FƏRDlərə) xidmət göstərməyə (həm də yüksək səviyyədə) məcbur olur. Əks təqdirdə, AZAD BAZAR onu oyundan çıxarır. Deməli, bu mənada, özəl mülkiyyətin toxunulmazlığı AZAD BAZAR şəraitində bütövlükdə cəmiyyətin inkişafına, rifah halının yaxşılaşmasına təkan vermiş olur.

BİRGƏ RAZILAŞMA KONSEPSİYASI onun müddəalarına zidd fəaliyyət göstərmirsə (haqsız rəqabət və s.), cəmiyyətin demək olar ki, bütün sahələrində AZAD BAZAR mexanizmini dəstəkləyir. Nümunə çəkməklə məsələni sadə şəkildə izah edək. Məsələn, incəsənət və mədəniyyət sahəsində AZAD BAZAR sistemi bu sahənin adamlarına (aktyor, şair, yazıçı və s.) imkan verir ki, istedadlıları, bacarıqlıları qabağa çıxsın, məşhurlaşsın, varlansın və s.  

Bir anlıq təsəvvür edə bilərsinizmi, ABŞ prezidenti hansısa məşhur hollivud ulduzu olan aktyora üçotaqlı tam təmirli mənzil hədiyyə etsin, yaxud “əməkdar incəsənət xədimi”,  “xalq artisti”, “xalq yazıçısı” kimi geydirmə titullar versin, fərdi təqaüd sədəqəsi ayırsın və ya yaxasına dəmir-dümür assın və bütün bunları ona görə etsin ki, onu yaxşı-yaxşı mədh eləsinlər. Əlbəttə, absurddur. ƏDALƏTLİ RƏQABƏTƏ əsaslanan AZAD BAZARın nəticəsi olaraq elə bir şərait yaranıb ki, həmin aktyorların, yazıçıların və s. özləri yüzlərlə belə mənzillər bağışlamaq imkanındadırlar, onların nüfuzları, şan-şöhrətləri prezidentinkindən da qat-qat artıqdır. Ən gözəli isə budur ki, hansısa özündən müştəbeh bir avtoritarın sədəqəsinə möhtac deyillər, onun nazı ilə oturub-durmurlar. Həmin məşhur ulduzlar müxtəlif xeyriyyə aksiyalarında iştirak edir, belə fondlara milyonlarla ianələr köçürürlər və s.

 BİRGƏ RAZILAŞMA KONSEPSİYASI da ƏDALƏTLİ RƏQABƏTƏ əsalanan təqribi belə bir AZAD BAZAR  mühitini nəzərdə tutur. AZAD BAZARın fəaliyyətinin təminatçısı isə BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın müddəalarının keşikçisi olan ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİdir  (bax: https://birgeraz.blogspot.com/2020/06/10-birg-razilasma-v-dalt-mhkm-hakimiyyti.html) ki, QANUNların aliliyini təmin edir və pozuntuya yol verənləri elə bir şəkildə cəzalandırır ki, başqaları onu pozmağa cürət edə bilmirlər.

Beləliklə, FƏRDin (Mən, Sən və Onun) XOŞBƏXT yaşamaq niyyətini təmin etməyə yönəlmiş BİRGƏ RAZILAŞMA KONSEPSİYASI onun (bizim) həm də MÜLKİYYƏT TOXUNULMAZLIĞInın, habelə AZAD BAZAR mühitinin təşəkkül tapması və davamlı olmasının ƏDALƏT (MƏHKƏMƏ) HAKİMİYYƏTİ vasitəsi ilə sarsılmaz qarantıdır.

Ramin Allahverdi

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU