17. BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT

 

17. BİRGƏ RAZILAŞMA VƏ SİYASƏT


SİYASƏT deyəndə cəmiyyətimizdə əksəriyyətin ağlına ilk növbədə hiylə, hiyləgərlik, aldatmaq, biclik, fürsətdən sui-istifadə etmək və s. kimi anlamlar gəlir. Şübhəsiz ki, bir sıra digər siyasi anlayışlar kimi SİYASƏT məfhumu da bir qisim tərəfindən qəsdən, başqa bir qisim tərəfindən isə bilməyərəkdən bu cür təhrif olunmuş formada ictimaiyyətə təqdim olunur.  Bəs SİYASƏT nədir? Bu suala sadə şəkildə cavab verməyə çalışaq.

SİYASƏTin ən ümdə xüsusiyyətlərini müəyyənləşdirmiş olsaq aşağıdakıları ardıcıllıqla sadalamalıyıq:

1. SİYASƏT – cəmiyyətdə vacib insan davranışıdır;

2. SİYASƏT – ictimai-sosial fəaliyyətdir;

3. SİYASƏT – məqsədli ictimai-sosial hərəkətdir (davranış, fəaliyyətdir);

4. SİYASƏT – yaranmış vəziyyətdə müvafiq, adekvat (doğru) qərar qəbul etmək qabiliyyətidir və s.

Sadaladığımız xüsusiyyətlər əsasında SİYASƏTə belə bir tərif verə bilərik: SİYASƏT – insanın cəmiyyətdə müəyyən məqsədli ictimai-sosial davranışı olub, yaranmış vəziyyətə uyğun adekvat (doğru) qərar qəbul etmək bacarığıdır. Yəni bir az da sadə desək, hər hansı bir şəxsin istənilən məsələ ilə bağlı adekvat, doğru qərar vermə qabiliyyətnə malik olmasıdır.

SİYASƏTdə iki yanaşma müşahidə olunur:

1. Emosianal yanaşma;

2. Rasional yanaşma.

1. SİYASƏTdə Emosional yanaşma zamanı adından da göründüyü kimi, insanın, qarşı tərəfin hissləri, emosiaları hədəfə alınaraq manupulyasiya edilir. Bu yanaşmanın başlıca mahiyyəti ondan ibarətdir ki, cəmiyyət üzvlərinin (Mən, Sən və Onun), insanların, kütlənin hisslərini alovlandırmaqla əslində onların XÖŞBƏXT yaşamalarının təmin olunması üçün lazım olan məsələlərdən diqqətləri yayındırılsın. Bu üsuldan avtoritar (diktatura) idarəetmələrdə geniş istifadə olunur. SİYASƏTdə Emosional yanaşma ilə cəmiyyətin (Mən, Sən və Onun), kütlənin ən çox aşağıdakı hissləri manipulyasiya edilir:

a) Vətənpərvərlik hissləri.

Məlumdur ki, hər bir ölkədə xalqın (Mən, Sən və Onun) AZAD, firavan XOŞBƏXT yaşaması üçün qurduğumuz DÖVLƏTin (bax: https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html ) və onun idarəsini  müvəqqəti olaraq, müəyyən müddətə etibar etdiymiz HAKİMİYYƏTin (bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html) bir sıra başlıca öhdəlikləri var. Məhz bu öhdəlikləri DÖVLƏTin idarəsini müvəqqəti həvalə etdiyimiz HÖKUMƏT (HAKİMİYYƏT) yerinə yetirmədikdə və ya yetirmək istəmədikdə, yaxud bunu bacarmadıqda SİYASƏTdə emosianal yanaşmadan istifadə edərək, cəmiyyətin (xalqın – Mən, Sən və Onun) hisslərini hədəfə almaqla öz naqis əməllərindən diqqəti yayındırmağa çalışır. Bu tələyə isə nəinki kütlə, diplomlular da asanlıqla düşürlər.

Tam aydın təsəvvür yaratmaqdan ötrü belə bir suala cavab verək - DÖVLƏT və HÖKUMƏT (HAKİMİYYƏT) xalq üçün – Mən, Sən və Onun üçün nə etməldir?

- Elə bir mühit yaratmaldır ki, QANUNun Aliliyi təmin olunsun.

- Elə bir mühit yaratmaldır ki, bizim hüquq və azadlıqlarımızı heç kim tapdalaya bilməsin.

- Elə bir mühit yaratmaldır ki, Mən, Sən və O iş tapa bilək və ya iş qura bilək,  normal şəkildə özümüzü və ailəmizi layiqli həyat şərait ilə təmin edək.

- Elə bir mühit yaratmaldır ki, yüksək səviyyədə rəqabətə davamlı təhsil ala bilək, biz, övladlarımız, yaxınlarımız yüksək təhsil alıb daxildə və ya dünyanın istənilən yerində öz xoşbəxtiyini təmin etmək qabiliyyətinə yiyələnmiş olsun.

- Elə bir mühit yaratmaldır ki, biz və əzizlərimizin sağlamlığı üçün hər bir şərait təmin olunsun, yüksək səhiyyə xidmətimiz olsun (başqa ölkələrə müalicə üçün getməyək).

- Bir sözlə, elə bir mühit yaratmaldır ki, AZAD və ƏDALƏTLİ cəmiyyətdə XOŞBƏXT ola bilək və s.

Lakin bütün bu öhdəliklər DÖVLƏT (HÖKUMƏT, HAKİMİYYƏT) tərəfindən yerinə yetirilməsi əvəzinə, əgər 5000 metr uzunluğunda bayraq düzəldilib cəmiyyətin (Mən, Sən və Onun) vətənpərvərlik hissləri manipulyasiya edilərək diqqət yuxarıda göstərdiyim məsələlərdən yayındırılmağa çalışılırsa, buna SİYASƏTdə Emosional yanaşma deyirlər. 5000 yox, hətta 100000 metr uzunluğunda bayrağın hazırlanması da bizi XOŞBƏXT edə bilməz. Biz yalnız və yalnız yuxarda sadaladıqlarım o kimi öhdəliklər yerinə yetirilərsə, XOŞBƏXT ola bilərik.

 b) Ən çox manipulyasiya olunan məsələlərdən biri də cəmiyyətin (Mən, Sən və Onun) DİNİ inanclarıdır. Bu zaman müxtəlif dini söhbətlərlə, hərəkətlərlə və s.  kütlənin, xalqın diqqəti problemlərdən, yuxarıda sadaladığım məsələlərdən yayındırılır.

Turgay Yıldızın sarkazmlı iki dəqiqəlik bir videosu praktiki olaraq dini inanc hisslərinin necə manipulyasiya edildiyini əyani şəkildə izhar edir (bax: https://www.youtube.com/watch?v=wSsfbC38gog ).

c) Xarici düşmən obrazı yaratmaqla nifrət hisslərini alovlandırmaq da SİYASƏTdə emosional yanaşmanın geniş yayılmış variyasiyalarındandır. Bu yaxınlarda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində bir təxribat oldu. Bu hadisəyə analitik-təhlili  nəzər salmaqla SİYASƏTdə Emosional yanaşmanın əyani formada necə üzə çıxdığını görə bilərik. Məsələn, baş vermiş hadisə ilə əlaqədar olaraq bizim diplomlular (ZİYALI sözünü onlara aid etmək olmur deyə diplomlular deyirəm –  fərqi yoxdur, bakalavr, magistr, fəlsəfə doktoru, yaxud elmlər doktoru diplomları var – hamsı diplomludur)  o saat hay-küy salaraq müharibə çağırışı etdilər, bəziləri hərbi səfərbərlik üzrə könüllü qeydiyyata düşüb qeydiyyat fotosunu sosial şəbəkələrdə paylaşdı, şüvənlik etdilər ki, “hamı orduya getməlidir” və s.

Bütünlükdə proseslərə emosional yanaşan bu diplomluların, görəsən, ağıllarına azacıq da olsa gəldimi ki, ordunun peşəkar kadr generalının hərəkət trayektoriyası çətinlik çəkilmədən müəyyən edilib vurulursa, hərbi bilgi baxımdan küt olan həmin diplomlular orduya  gedib neyləyəcəklər. Yeri gəlmişkən, bir çoxları (şəxsən tanıdıqlarım da var, bəzilərinin səmimiyyətinə də şübhəm yoxdur) ölü bir təşkilat olan AMEA-ya həftənin 3 günü (tək günləri) güclə gəlib-gedirlər. 

 Görəsən, bu diplomlular  çətinlik çəkilmədən hərəkət trayektoriyası müəyyən edilib vurulan ləyaqətli peşəkar kadr generaldan (yaxud da digər peşəkar kadr zabitlərdən) hərbi strategiya və taktikaları artıqmı bilirlər?! Onlar bir ordunun peşəkar kadr generalının hərəkət trayektoriyasının müəyyən edilib bir atışla vurulmasının nə demək olduğunu dərk edə bilirlərmi?! Rasionallıqdan uzaq düşən bu diplomlular anlamırlar ki, hərbiyə, orduya bu mənada yararsızdırlar. Onların əlindən gələn iş o idi ki, sözün əsl mənasında ZİYALI olsunlar, cəmiyyətə çıxış yolu göstərsinlər, amma onu da bacarmırlar (bax: https://birgeraz.blogspot.com/2020/06/11-birg-razilasma-v-ziyali-institutu.html). Çünki aldıqları zay təhsil buna imkan vermir, nə də bu diplomlular öz üzərlərində çalışıb qabaqcıl, beynəlxalq səviyyəli təhsil sitemi, elmi araşdırmalarla tanış olub siyasi şüurlarının inkişafı ilə əlaqədar lazımi ədəbiyyatı (əkəsəriyyəti ingilis dilindədir) oxuyub öz bilgilərini təkmilləşdirib dünya ilə ayaqlaşa bilmirlər. Bəziləri Şah İsmayıl Xətaidən dən vur-vura elə bilir ki, düşməni qılınc-qalxanla gedib məğlub edəcəklər. Daha başa düşmürlər ki, gedib ancaq əl-ayağa dolaşacaqlar. Adamlar hələ də dərk etmirlər ki, müasir dövrün hərbisində makismum cansız siahlı qüvələrdən istifadə hal-hazırda ön plandadır və s.

Bəs SİYASƏTdə Rasional yanaşma nə deməkdir?

SİYASƏTdə Rasional yanaşma faktlara, onun fundamental elmi təhlilinə, dərin və əhatəli bilgilər, ciddi hesablamalara və s. əsaslanan QƏRAR qəbul etmə mexanizmidir.

Rasional yanaşma bütün parametrləri ilə emosionallığı rədd edir və onun tamamilə əksidir. DÖVLƏT idarəetməsində, cəmiyyətin, Mən, Sən və Onun həyatı, yaşamı ilə bağlı SİYASİ QƏRARların çıxarılması isə ilk növbədə tək bir nəfər tərəfindən verilə bilməz, burada bütün SİYASİ QƏRARlar institutsional səviyyədə qəbul edilməlidir. Bu isə kollektiv peşəkar (təşkilati) müstəvidə SİYASİ QƏRARların çıxarılmasını nəzərdə tutan və siyasi ədəbiyyatda geniş istifadə olunan “Bounded Rationality” - “Məhdudiyyətli Rasionallıq”dan irəli gəlir. Məhdudiyyətli Rasionallıq nəzəriyyəsinə görə  (müəllifi Herbert A. Simondur), birincisi, istənilən tək bir şəxsin zehni və fiziki göstəriciləri imkan vermir ki, hər bir məsləni lazımi səviyyədə, bütün parametrləri ilə tam şəkildə nəzərə alıb hesablaya bilsin. İkincisi də bir şəxsin (fərdin) bütün lazımi məlumatlarla tanış olub hesablamalar aparması  üçün kifayət qədər uzun bir müddət tələb olunur (yəni zaman yerində dayanıb həmin şəxsi gözləmir) və məlumatlar daima təzələndiyindən onunla ayaqlaşmaq bəlli zaman çərçivəsində sadəcə  qeyr-mümkündür (bax: Herbert A. Simon. "Theories of Bounded Rationality", 1972, in Radner and Radner, editors, Decision and Organisation).

Məhz buna görə,  Məhdudiyyətli Rasionallıq prinsipinin də tələb etdiyi kimi, elə bir mexanizmlər, institutlar  qurulmalıdır ki, həmin təşkilati institutlar cəmiyyətin (Mən, Sən və Onun) taleyi ilə bağlı adekvat, doğru SİYASİ QƏRARlar vermək iqtidarında olsun. Yəni məsələyə institutsional (təşkilati) səviyyədə yanaşılmalıdır ki, sadə dillə desək, bir baş yox, min peşəkar mütəxəssisin başı bu tale yüklü qərarların istehsalında iştirak edə bilsin. Bizim atalar sözündə deyildiyi kimi, “bir baş ağıllıdır, iki (çox) baş ondan daha ağıllıdır”.

BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna görə, Mən, Sən və Onun, yəni cəmiyyət üzvlərinin taleyi ilə bağlı bütün məsələlər üzrə SİYASİ QƏRARların verilməsi rasional şəkildə həyata keçirilməli nəzəri və praktik cəhətdən özünü doğrultmuş Məhdudiyyətli Rasionallıq tezisləri nəzərə alınaraq, maksimum institutusional (təşkilati, kollektiv) formada, təbii ki, RAZILAŞMAnın müddəalarına uyğun biçimdə həyata keçirilməlidir.

Yəni Mən, Sən və Onun - cəmiyyətin taleyi, müqqəddəratı ilə əlaqəli SİYASİ  qərarları Mən, Sən, yaxud O (hansısa şəxs), təkbaşına verə bilməz və verməməlidir. SİYASİ QƏRAR vermə mexanizmi elə qurulmaldır ki, mütəxəssis qrupların geniş, əhatəli hesablamaları, BİRGƏ RAZILAŞMAnın əsas müddəalarına uyğun olaraq, Mən, Sən və Onun (cəmiyyətin) mənafeyi əsas götürülərək qəbul edilsin. Məhz buna görə də çağdaş DÖVLƏT idarəçiliyində İKİPALATALI PARLAMENTLİ RESPUBLİKA modeli məqbul sayıla bilir.

 

Ramin Allahverdi

 

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU