20. BİRGƏ RAZILAŞMA VƏ ORDU

20. BİRGƏ RAZILAŞMA VƏ ORDU

 

BİRGƏ RAZILAŞMA  ideyasından bəhs edərkən qeyd etmişdik ki, bu konsepsiyaya görə  İNSANın, FƏRDin xoşbəxt olması ən əsas tezislərdəndir (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html). Məhz FƏRDin – Mən, Sən və Onun, yəni hər bir cəmiyyət üzvünün BİRGƏ RAZILAŞMAnın müddəaları ilə müəyyən etdiyimiz  əsas AZADLIQlarının, hüquqlarının tam şəkildə təmin olunması bu XOŞBƏXTLİyi şərtləndirir. Təbii ki, formalaşdıracağımız belə bir ideoloji konsepsiyaya əsaslanan cəmiyyəti həm daxili, həm də xarici təhdidlərdən qorumaq üçün mövcudluğuna ehtiyac yaranan ümdə məsələlərdən biri  hamılıqla qəbul edib legitimlik verdiyimiz GÜC mərkəzinin yaradılmasıdır. Həmin GÜC mərkəzi qismində biz BİRGƏ RAZILAŞMA əsasında  DÖVLƏT adında bir mexanizm, aparat yaratmış oluruq (bax: https://birgeraz.blogspot.com/2020/06/5-birg-razilasma-v-dovlt.html) və ona razılaşma çərçivəsində müstəsna səlahiyyətlər veririrk (mühakimə etmək, həbs etmək, azadlıqdan məhrum etmək və s.).

Bundan sonra həmin DÖVLƏT aparatını idarə etməkdən ötəri bəlli struktura, sistemə malik idarə heyəti, komanda qururuq və buna da HAKİMİYYƏT deyirik (bax: https://birgeraz.blogspot.com/2020/06/6-birg-razilasma-v-hakimiyyt.html). HAKİMİYYƏTi isə müəyyən edilmiş bəlli müddətlər ərzində formalaşdırılmış HÖKUMƏTlər təmsil edir.

Qeyd edim ki,  BİRGƏ RAZILAŞMAya əsaslanan cəmiyyətdə yeganə GÜC mərkəzi statusuna malik qüvvə DÖVLƏTdir.

Belə olan təqdirdə, DÖVLƏT BİRGƏ RAZILAŞMA ilə ona verdiyimiz müstəsna səlahiyyətlərinə istinad edərək leqal GÜC institutları (orqanları) təşkil edir. Bu cür GÜC institutlarından biri də məhz ORDUdur. BİRGƏ RAZILAŞMAnın müddəaları nəzərə alınmaqla, eyni zamanda da DÖVLƏTlə VƏTƏNDAŞ arasında bağlanmış ana müqaviləyə (Konstitusiyaya) uyğun şəkildə (bu barədə BİRGƏ RAZILAŞMA VƏ KONSTİTUSİYA yazısında bəhs edəcəyik) ORDU quruculuğu həyata keçirilir.

ORDUnun yaradılmasında başlıca məqsəd Mən, Sən və Onun, yəni bizim BİRGƏ RAZILAŞMA əsasında formalaşdırdığımız XOŞBƏXT cəmiyyəti təhdid edən xarici təhlükələrdən qorumaqdan ibarətdir (daxili təhlükələrdən qorunmaq üçün isə bir qədər fərqli GÜC orqanları yaradılır (polis və s.). Bu barədə növbəti yazıda).

Bəs görək BİRGƏ RAZILAŞMA KONSEPSİYASINA əsaslanan bir cəmiyyətdə ORDU quruculuğu necə həyata keçirilməldir?!

Təbii ki, burada da bizim RAZILAŞMAnın müddəaları əsas götürülməli, ORDU quruculuğu buna uyğun olaraq aparılmalı, başqa sözlə desək, FƏRDin (Mən, Sən və Onun) təməl AZADLIQları, hüquqları mütləq şəkildə nəzərə alınmalıdır. Bu o deməkdir ki, heç kəs məcburi şəkildə hansısa bir işi (o cümlədən hərbi işi) görməyə vadar edilə bilməz. Yəni FƏRD istəməsə, ORDUda, hərbidə xidmətə icbari cəlb edilə bilməz. Bu mənada, ORDUda hərbi xidmət tamamilə könüllülük psrinsipi əsasında olmalıdır. Bu həm də o deməkdir ki, məcburi hərbi xidmət sülh şəraitində (müharibə vəziyyəti bəzi fərqli meyarlar tələb edə bilər) qəbuledilməzdir. Bəs belə olan halda ORDUda kim xidmət etsin?!

Əvvəla onu deyim ki, bu yanaşmanın ən üstün cəhəti ilk növbədə PEŞƏKAR ORDUnun yaradılmasını təmin edir. PEŞƏKAR ORDUnun isə məcburi şəkildə xidmətə cəlb edilmiş HƏRBİ birləşmələrdən qat-qat üstünlüyü danılmaz gerçəklikdir.

PEŞƏKAR ORDU ilk növbədə hərb sənətini özünə könüllü olaraq sevimli bir peşə seçən FƏRDlərdən ibarət silahlı qüvvələr nəzərdə tutulur ki, belə ORDUda hərbi qulluqçular müvəqqəti olaraq (ənənəvi) 1-1,6 il müddətinə məcburi xidmətə göndərilənlərdən deyil, hərbini bir karyera kimi görərərək öz arzusu ilə müqavilə əsasında ən azı 3-5 il müddətinə müvafiq status (hərbi qulluqçu) alan, məvacibli və digər bütün vacib imtiyazlarla təmin olunan şəxslərdən komplektləşdirilir. Sadə desək, ORDUya xidmətə gələn ƏSGƏR elə ilk gündən maaşla təmin olunur (ölkədə ən yüksək məvaciblərdən biri hərbçi maaşı olmaldır) zəruri olan bütün imtiyazlara (evlə təminat, pensiya yaşına çatanda yüksək təqaüd, özünün, həmçinin ailə üzlərinin pulsuz müalicəsi, hər cür maddi və mənəvi dəstək və s.)  malik olmaldır. 

PEŞƏKAR ORDUnun qurulması cəmiyyətin, məmləkətin bir sıra fundamental problemini kökündən həll edir.

1. Mən, Sən və Onun – cəmiyyət üzvlərinin BİRGƏ RAZILAŞMA əsasında qurduğu XOŞBƏXT bir cəmiyyəti hər cür xarici təhdidlərədən hifz edə biləcək əsl güclü PEŞƏKAR ORDU yaranmış olur. Həmin ORDU bütün hərbi qulluqçuları həyatını belə bir şərəfli peşəyə həsr etmiş, hər gün çeşidli silah-sursatla, müntəzəm olaraq, müxtəlif praktik döyüş məşqləri keçirməklə püxtələşən, illərlə hərbi təlimlərdə tər tökərək daha da peşəkarlaşan əzəmətli hərbçilər, ƏSGƏRLƏRdən formalaşdırılır (belə bir peşəkar hərbçilər 18 yaşı tamam olan kimi hərbi xidmətə məcburi çağrılan yeniyetmələrlə qətiyyən müqayisə edilə bilməz).

Azərbaycanın yaxın şanlı tarixində 8 Noyabr Şuşa zəfəri hərb meydanında hərbçi peşəkarlığının nəyə qadir olduğunu əyani çəkildə sübut etdi.

2. PEŞƏKAR ORDUda xidmət etmək arzusunda olmayanlar qətiyyən məcbur edilmir və onlar yalnız könüllü olaraq müəyyən müddətə  alternativ xidmətlərə cəlb oluna (qocalar evində xidmət, müxtəlif ictimai əsaslı işlərdə işləmək və s.), ya da  ORDUnun büdcəsinə qanuni müəyyən edilmiş maddi ödəniş etməklə kifayətlənə, yaxud da cəmiyyət üçün özünün seçdiyi sahə üzrə faydalı işlər görə bilərlər. Məsələyə belə yanaşma bu sahədə rüşvətin kökünü kəsir. Çünki hərbi xidmətə getmək istəməyən şəxs  pulunu hansısa dələduzlara verib özünü dezertiv etmir, əvəzində qanuni müəyyən edilmiş məbləği DÖVLƏT büdcəsinə keçirir (təbii ki, bu da ORDUNUN maddi-texniki təminatının inkişafına yönləndirilir) və s.

Beləliklə, BİRGƏ RAZILAŞMAYA görə ORDU könüllük əsasında formalaşdırılmalı, sırf peşəkarlaşdırılmalı (yuxarıda qeyd etdiyim kimi PEŞƏKAR ORDU qurulmalıdır), məcburi hərbi xidmət isə aradan qaldırılmalıdır.

 

Ramin Allahverdi 

 

  

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU