22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK
22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK
Mütəxəssislər LEGİTİMLİK məfhumunu anlamaq üçün onun çoxmeyarlı xarakterə malik olduğunu qəbul etməyin zəruri olduğunu bildirirlər. Devid Bisam (David Beetham) özünün məşhur “Gücün legitimliyi” (“The legitimation of power”)
əsərində GÜCün LEGİTİM olmasını şərtləndirən üç vacib cəhətin bir arada
mövcudluğunun labüd olduğunu bildirərək yazır:
1.
o (güc – R.A.) müəyyən edilmiş qaydalara uyğun olmalı;
2.
qaydalar həm dominant (tabe edən – R.A.), həm də tabe olanların bölüşdüyü
inanclara istinad edilərək əsaslandırılmalı;
3.
bu xüsusi gücə münasibətdə tabe olan şəxsin razılığına dair göstəricilər
(sübutlar) olmalıdır (bax: David
Beetham. “The legitimation of power”. 1991. s. 15-16).
Alimin
də göstərdiyi kimi, cəmiyyətdə hər hansısa bir GÜCə (dövlət, hakimiyyət və s.)
mütləq şəkildə razılıq verilməlidir ki, legitimləşsin. Bəs belə bir razılığı kim verir? Əlbəttə ki, cəmiyyət,
toplum, fərdlər. Məhz onlar həqiqətən razılıq verməzlərsə, həmin GÜC legitim
sayıla bilməz və sıradan çıxar.
LEGİTİMLİK
anlayışının daha aydın şəkildə başa düşülməsi üçün növbəti sualları
cavablandırmağa çalışaq.
1.
LEGİTİMLİK nədir?
2.
LEGİTİMLİyi kim və necə verir?
3.
LEGİTİMLİYİ kimdən və necə alırıq?
4.
BİRGƏ RAZILAŞMA necə LEGİTİMLƏŞİR?
1. Sadə formada ifadə etsək, LEGİTİMLİK İNSANın
(FƏRDin) könüllü şəkildə, heç bir zorakılıq olmadan (istənilən növ təzyiqə məruz
qalmadan), hansısa QANUNLARA (şəxslərə, aparata, hakimiyyətə, dövlətə və s. –
GÜCə) tabe olması, riayət etməsi, eləcə də özünün bəlli qaydalar çərçivəsində
idarə olunmasına (hətta cəzalandırılmasına) verdiyi razılıqdır. Deməli, cəmiyyətdə real qüvvə kimi təmsil
olunan nəsnənin - əsasən DÖVLƏTin müstəsna və yeganə GÜC olaraq tanınması, yəni
LEGİTİMləşməsi FƏRDlər (cəmiyyət) tərəfindən buna razılıq verildiyi halda mümkünləşir.
Əgər FƏRDlərin (toplumun) razılığı olmadan hər hansısa bir qrup və ya şəxs
(yaxud şəxslər) cəmiyyətdə GÜC funksiyasını yerinə yetirməyə nail olursa, artıq
burada heç bir LEGİTİMLİKdən söhbət gedə bilməz (Diktatura rejimlərində olduğu
kimi). Belə vəziyyətdə FƏRDlər (toplum)
zor gücünə tabe etdirilir və DİKTATORLAR özlərinin həm beynəlxalq aləmdə, həm də
daxili auditoriyada leqal olduğunu göstərmək üçün min bir manipulyativ oyunlara
əl atırlar. Buna biz, İMİTASİYA LEGİTİMLİYİ deyə bilərik. Bir qədər sonra bu
cür “legitimlik” haqqında ətraflı danışacağıq. Hələlik isə əsl LEGİTİMLİYin nə
olduğunu daha aydın anlamaqdan ötrü bəzi nümunələrə nəzər yetirək.
Çoxumuzun bildiyi “Xan, vəzir, tapıcı, oğru” adlı məşhur
xalq oyununu xatırlayaq. Bu oyunda dörd parça kağıza ayrı-ayrılıqda “Xan”, “Vəzir”,
“Tapıcı”, “Oğru” sözləri yazılır və kağızlar bükülərək, püşk kimi ortalığa
atılır. Dörd nəfər iştirakçının hərəsi bir bükülü kağızı götürür. “Xan”
yazılmış kağız parçası bəxtinə düşmüş oyunçu “Tapıcı” olmuş iştirakçıya
“Oğru”nun tapılmasını əmr edir. “Oğru” tapılarsa ona cəza verilir. Əgər
“Tapıcı” yanılarsa, onda özü “Xan” tərəfindən cəzalandırılır. Oyunçular hamısı
bu qaydaya əməl edirlər. Burada iştirakçılardan “Xan” olan şəxsin cəzalandırmaq
hökmü (eləcə də digər iştirakçıların oyundakı daşıdıları öhdəliklər) niyə digərləri
tərəfindən məqbul hesab olunur? Çünki oyunçular əvvəlcədən oyun qaydalarını qəbul
edib razılaşırlar. Məhz buna görə də şərtlərə əməl olunur, bu prosesdə həmin
qaydalar məcazi desək, şərti vəzifə sahiblərinin (Xan, Tapıcı və s.)
funksiyaları LEGİTİM statusda olur.
Başqa bir misal; qanunvericiliyə görə qadın və
kişilər hüquq bərabərliyinə malikdir. Marşurutda, metroda kişilərin həmyaşıd
(yaxud gənc və ya bir qədər yaşlı) qadınlara yer verməmək hüququ var
(qanunvericilikdə digər hallar nəzərdə tutulmadıdqda), lakin adət-ənənəyə görə
xanımlara yer verilməlidr. Cəmiyyətdə əksəriyyət ikincinin tərəfdarıdır.
Yaxud ənənəyə görə bir qayda olaraq
kişilər qadınlara evlənmək təklifini etməlidirlər, halbuki qanuna əsaslansaq
eyni təklifi qadınların da etməsi tamamilə məqbuldur, lakin toplumda çoxluq
birincini qəbul edir və s. Bu o deməkdir ki, belə situasiyalarda legitim olan
qanun deyil, adət-ənənədir və s.
2. LEGİTİMLİyi
kim və necə verir? LEGİTİMLİYİ verən Mən, Sən və Odur, yəni hər bir cəmiyyət
üzvüdür. Bəs bunu necə edirik? Həmin
proses iki formada həyata keçir:
1. Özümüzün istəyi ilə, könüllü, bilərəkdən, şüurlu olaraq (liberal, demokratik cəmiyyətlərdə
olduğu kimi).
2. Bilmədən (qanmazlıqdan), səbatsızlıqdan
(avtoritar, diktatura rejimlərində olduğu kimi). İkincidən DİKTATORLAR məharətlə
istifadə edirlər.
1.
Birincidə Mən, Sən və Onun, yəni hər bir, yaxud əksər cəmiyyət üzvünün
maraqlarının kəsişdiyi ortaq məxrəci təmin edən ideologiya olur. Həmin ideologiyanı
hamılıqla qəbul edirik və buna uyğun da idarəçilik qururuq. Bu zaman
RAZILAŞMAmızın - tutaq ki, QANUNUN aliliyini qəbul etmiş oluruq. Burada Mən, Sən
və Onun – bizim tərəfimizdən qəbul
edilmiş qaydalar alidir və onun legtimliyi mövcuddur.
2.
İkincidə isə ideologiya, demək olar ki, yoxdur, şəxsiyyətə pərəstişlik var.
Buna uyğun olaraq da, bir şəxsin və onun tayfasının şıltaqlıqlarına təzim edən,
xidmət göstərən eybəcər və əzazil bir idarəçilik mövcud olur. Belə halda,
İMİTASİYA LEGİTİMLİYİ əldə etmək DİKTATOR üçün bir zərurətə çevrilir ki, onun
leqallığını göstərən görüntü yaransın. Bu da bir sıra üsullarla reallaşdırılır.
Məsələn: 1. Yaltaq (özünü satmış) “ziyalı”lar (bax. Ziyalı necə olmalıdır? https://birgeraz.blogspot.com/2020/06/11-birg-razilasma-v-ziyali-institutu.html
) – yəni əslində diplomlular piştaxtaya çıxarılır ki, səhərdən axşama qədər
bütün platformalarda öz cılız, dayaz, gülünc, primitiv məntiqləri ilə
DİKTATORun şəninə mədhiyyələr söyləsinlər, onu feyziyyab etsinlər. Burada da
diktator iki məqsəd güdür: a. ZİYALI İNSTİTUNU gözdən salsın, b. Kütləni,
insanları gipnoz etməklə öz hakimiyyətinin LEGİTİM olduğuna onları inandırmağa
nail olsun.
Ümumiyyətlə, ikinci üsul hiyləgərliklə, incə şəkildə
həyata keçirilir ki, hətta ziyalıların əksəriyyəti belə bunu ayırd edə bilmir.
Məsələn; tutaq ki, deputat seçkiləri keçirilir. Amma fakt budur ki, SEÇKİ
İNSTİTUTU (bu barədə növbəti yazıda) məqsədli şəkildə sıradan çıxarıldığından
normal seçkidən söhbət gedə bilməz. Bunu hamı, o cümlədən də Məşədi adlı bir
ziyalı da bilir (Belə “seçki” DİKTATORA
ona görə lazımdır ki, legitim olduğuna dair görüntü yaratsın, əslində isə
situasiya tamam fərqlidir). Xülasə, “seçki” keçirildi və Məşədi adlı həmin
ziyalının tanıdığı, iş yoldaşı, yaxud qohumu, tanışı və s. Fatmanisə xanım
deputat “seçildi” (əslində təyin olundu).
Məşədi
siyasi səbatsızlığı ucbatından Fatmanisəni hansısa ictimai platformada (sosial
şəbəkələr və s.) təbrik edir. Bu zaman nə baş verir? Əslində Məşədi Fatmanisəni
tanışı (qohum, iş yoldaşı və s) olduğuna görə,
öz aləmində onu yaxşı adam kimi səciyyələndirərək təbrik edir. Bununla
da fərqinə varmadan DİKTATORUN qurduğu
incə tələyə düşür. Özü də bilmədən, istəmədən DİKTARORA dəstək olur və ona
İMİTASİYA LEGİTİMLİYİ verir. Bu isə ictimai platformada həmin ZİYALINI izləyənləri
də çaşdırır. Məşədi özü də başa düşür
ki, “seçki” qutusundan çıxan “ad” əslində əvvəlcədən qurulmuş oyunun nəticəsidir
və onun təbriklədiyi “deputat” xalq tərəfindən seçilməyib, rejim tərəfindən təyin
olunub. Lakin yazıq Məşədi bunu əlaqələndirə bilmir ki, onun alqışladığı
“deputat” SEÇKİ İNSTİTUTUNU dağıdan
diktatura rejiminin vacib bir elementidir.
Beləliklə də, bədbəxt Məşədi fərqdinə olmadan
bu təbriki ilə mahiyyətcə DİKTARURA REJİMİNƏ İMİTASİYA LEGİTİMLİYİni vermiş
olur ki, bu da rejimə hava-su kimi lazımdır.
Əslində
isə Məşədi, Fatmanisəni bu saxtakarlıqda iştirak etdiyinə və cəmiyyəti həm də
aldatdığına görə, nəinki təbrik etməli, əksinə heç onu adam yerinə də
qoymamalıdır. Onun saxtakar bir idarəetmənin elementi olduğunun anlamalı və cəmiyyətə də bunu yansıtmalıdır.
Deməli,
aydın oldu ki, istənilən bir GÜCə (şəxsə, qanuna, dövlətə və s.) legitimliyi cəmiyyət
verir, bilərkdən (birinci halda), yaxud da bilmədən (ikinci halda).
3. LEGİTİMLİYİ kimdən və necə alırıq? Bu
proses bir qədər mürəkkəb görünsə də, detaları ayırd edib nəzər salanda çox mətləblər
aydınlaşır. Artıq bildiyimiz kimi, LEGİTİMLİYİ cəmiyyət verdiyindən məhz
toplumdan onu almağımız labüdləşir. Bunun isə çoxsaylı üsulları, yolları var. Bəzilərinə
diqqət yetirək.
İlk
növbədə cəmiyyətə sağlam, möhkəm, güclü, fundamental bir ideologiya təqdim etmək
lazımdır. Həmin ideologiya elmi əsaslı, məntiqli, və həqiqətən cəmiyyət üçün
faydalı olmalıdır.
İkincisi,
həmin ideologiyadan doğan məqsəd və məramlar aydın, müffəssəl, detallı şəkildə
düşünülməli, götür-qoy edilməli (müxtəlif peşəkarların iştirakı ilə) və bütün
bunların fonunda maksimum dəqiq bir strategiya, strateji yol xəritəsi
hazırlanmalıdır.
Üçüncüsü,
strateji hədəflərə çatmaq üçün mütləq şəkildə elastik, dinamik, çevik taktiki
gedişlərdən, üsullardan istifadə edilməlidir. Proses zamanı işə yaramayan
taktikalar yubanmadan müəyyən edilməli və dərhal çevik bir halda dəyişdirilməlidir
və s.
Biz
bilməliyik ki, əgər fikirlərimizə inanmayırlarsa, deməli, problemi ya bizim
ideyada, ya strategiyada, yaxud da taktiki gedişlərdə axtarmalıyıq. Yəni cəmiyyəti
bu baxımdan suçlamağı tərgitməliyik.
Toplumda, əlbəttə, çatışmazlıqlar kifayət qədərdir və olacaq da lakin
bundan danışmağın heç bir faydası olmadığına görə öz işimizə fokuslanmalıyıq,
çözüm yolunu özümüzdə axtarmalıyıq və s.
4.
BİRGƏ RAZILAŞMA necə LEGİTİMLƏŞİR?. BİRGƏ RAZILAŞMA haqqında əvvəlki yazılarda
geniş formada bəhs etmişik (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html
).
Bu
konsepsiya hər kəs tərəfindən məqbul sayıla bilən əzəli, əbədi bir hüququnun – İNSANın
(FƏRDin) XOŞBƏXT olmaq kimi təməl haqqının
təmin edilməsi tezisi üzərində qurulub. Yəni bu dünyada hər bir normal insanın ən
böyük istəyi, arzusu, diləyi XOŞBƏXT olmaq, XOŞBƏXT yaşamaqdır. Buna görə də təqdim
etmək istədiyimiz sözügedən KONSEPSİYA əslində hər kəsin marağına cavab verir.
Beləliklə, İNSANın, FƏRDin (hər bir şəxsin)
XOŞBƏXT olmasının təmin edilməsi üçün BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın
başlıca təməl müddəalarını bir daha diqqətə çatdıraq:
1.
Mən,
Sən və O (yəni insan) ən ali varlıqıq.
2.
Mənim
(hər bir insann, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim
azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.
3.
Mən
(hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt
olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı
(haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.
4.
Mənim
azadlığım yalnız və yalınız Sənin və Onun hüquqları, haqları başlayan yerdə
bitir.
5.
Mən,
Sən və Onun birliyi suverendır (müstəsna səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri
olmaq deməkdir. Bu suverenlik, müstəsna səlahiyyət bizə yuxardakı müddəaları nəzərə
alaraq istədiyiimiz kimi fəliyyət göstərməyimizin zəminidir. Həmin müstəsna səlahiyyətimizin
az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə
bilərik.
6.
Qəbul
etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni hər
birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər cəzalandırılmalıdır.
7.
BİRGƏ
RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız Mənim,
Sənin və Onun (hər bir nəfərin) razılığı ilə dəyişdirilə bilər.
BİRGƏ
RAZILAŞMA KONSEPSİYASIının LEGİTİMLİK qazanması aşağıdakı mərhələlərdən keçir:
1.
İlk növbədə BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı və onun bütövlükdə İNSANın (FƏRDın) yaşam tərzini necə biçimlədiyini
müəyyən edən tezisləri öyrənib tanış olmaq, fəlsəfəsini dərk etmək;
2.
KONSEPSİYAnı heç bir təzyiq olmadan, yalnız və yalnız şüurlu şəkildə könüllü
olaraq qəbul etmək.;
3.
KONSEPSİYAnı ilk növbədə, tədricən şəxsən öz yaşam tərzinə yansıtmaq (yəni tələblərə
əməl etmək), real şəraitdə tətbiq etmək;
4.
KONSEPSİYAnı onun öz təməl prinsiplərinə, fəlsəfəsinə uyğun şəkildə təşviq etmək.
Beləliklə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna
LEGİTİMLİYİ Mən, Sən və O, yəni cəmiyyət üzvləri qazandırmış olur.
Ramin Allahverdi
Comments
Post a Comment