22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK

 

22. BİRGƏ RAZILAŞMA və LEGİTİMLİK

 

Mütəxəssislər LEGİTİMLİK məfhumunu anlamaq üçün onun çoxmeyarlı xarakterə malik olduğunu qəbul etməyin zəruri olduğunu bildirirlər. Devid Bisam (David Beetham) özünün məşhurGücün legitimliyi” (“The legitimation of power”) əsərində GÜCün LEGİTİM olmasını şərtləndirən üç vacib cəhətin bir arada mövcudluğunun labüd olduğunu bildirərək yazır:

1. o (güc – R.A.) müəyyən edilmiş qaydalara uyğun olmalı;

2. qaydalar həm dominant (tabe edən – R.A.), həm də tabe olanların bölüşdüyü inanclara istinad edilərək əsaslandırılmalı;  

3. bu xüsusi gücə münasibətdə tabe olan şəxsin razılığına dair göstəricilər (sübutlar) olmalıdır  (bax: David Beetham. “The legitimation of power”. 1991. s. 15-16).

Alimin də göstərdiyi kimi, cəmiyyətdə hər hansısa bir GÜCə (dövlət, hakimiyyət və s.) mütləq şəkildə razılıq verilməlidir ki, legitimləşsin. Bəs belə bir  razılığı kim verir? Əlbəttə ki, cəmiyyət, toplum, fərdlər. Məhz onlar həqiqətən razılıq verməzlərsə, həmin GÜC legitim sayıla bilməz və sıradan çıxar.

LEGİTİMLİK anlayışının daha aydın şəkildə başa düşülməsi üçün növbəti sualları cavablandırmağa çalışaq.

1. LEGİTİMLİK nədir?

2. LEGİTİMLİyi kim və necə verir?

3. LEGİTİMLİYİ kimdən və necə alırıq?

4. BİRGƏ RAZILAŞMA necə LEGİTİMLƏŞİR?

1. Sadə formada ifadə etsək, LEGİTİMLİK İNSANın (FƏRDin) könüllü şəkildə, heç bir zorakılıq olmadan (istənilən növ təzyiqə məruz qalmadan), hansısa QANUNLARA (şəxslərə, aparata, hakimiyyətə, dövlətə və s. – GÜCə) tabe olması, riayət etməsi, eləcə də özünün bəlli qaydalar çərçivəsində idarə olunmasına (hətta cəzalandırılmasına) verdiyi razılıqdır.  Deməli, cəmiyyətdə real qüvvə kimi təmsil olunan nəsnənin - əsasən DÖVLƏTin müstəsna və yeganə GÜC olaraq tanınması, yəni LEGİTİMləşməsi FƏRDlər (cəmiyyət) tərəfindən buna razılıq verildiyi halda mümkünləşir. Əgər FƏRDlərin (toplumun) razılığı olmadan hər hansısa bir qrup və ya şəxs (yaxud şəxslər) cəmiyyətdə GÜC funksiyasını yerinə yetirməyə nail olursa, artıq burada heç bir LEGİTİMLİKdən söhbət gedə bilməz (Diktatura rejimlərində olduğu kimi).  Belə vəziyyətdə FƏRDlər (toplum) zor gücünə tabe etdirilir və DİKTATORLAR özlərinin həm beynəlxalq aləmdə, həm də daxili auditoriyada leqal olduğunu göstərmək üçün min bir manipulyativ oyunlara əl atırlar. Buna biz, İMİTASİYA LEGİTİMLİYİ deyə bilərik. Bir qədər sonra bu cür “legitimlik” haqqında ətraflı danışacağıq. Hələlik isə əsl LEGİTİMLİYin nə olduğunu daha aydın anlamaqdan ötrü bəzi nümunələrə nəzər yetirək.

Çoxumuzun bildiyi “Xan, vəzir, tapıcı, oğru” adlı məşhur xalq oyununu xatırlayaq. Bu oyunda dörd parça kağıza ayrı-ayrılıqda “Xan”, “Vəzir”, “Tapıcı”, “Oğru” sözləri yazılır və kağızlar bükülərək, püşk kimi ortalığa atılır. Dörd nəfər iştirakçının hərəsi bir bükülü kağızı götürür. “Xan” yazılmış kağız parçası bəxtinə düşmüş oyunçu “Tapıcı” olmuş iştirakçıya “Oğru”nun tapılmasını əmr edir. “Oğru” tapılarsa ona cəza verilir. Əgər “Tapıcı” yanılarsa, onda özü “Xan” tərəfindən cəzalandırılır. Oyunçular hamısı bu qaydaya əməl edirlər. Burada iştirakçılardan “Xan” olan şəxsin cəzalandırmaq hökmü (eləcə də digər iştirakçıların oyundakı daşıdıları öhdəliklər) niyə digərləri tərəfindən məqbul hesab olunur? Çünki oyunçular əvvəlcədən oyun qaydalarını qəbul edib razılaşırlar. Məhz buna görə də şərtlərə əməl olunur, bu prosesdə həmin qaydalar məcazi desək, şərti vəzifə sahiblərinin (Xan, Tapıcı və s.) funksiyaları LEGİTİM statusda olur.

Başqa bir misal; qanunvericiliyə görə qadın və kişilər hüquq bərabərliyinə malikdir. Marşurutda, metroda kişilərin həmyaşıd (yaxud gənc və ya bir qədər yaşlı) qadınlara yer verməmək hüququ var (qanunvericilikdə digər hallar nəzərdə tutulmadıdqda), lakin adət-ənənəyə görə xanımlara yer verilməlidr. Cəmiyyətdə əksəriyyət ikincinin tərəfdarıdır. Yaxud  ənənəyə görə bir qayda olaraq kişilər qadınlara evlənmək təklifini etməlidirlər, halbuki qanuna əsaslansaq eyni təklifi qadınların da etməsi tamamilə məqbuldur, lakin toplumda çoxluq birincini qəbul edir və s. Bu o deməkdir ki, belə situasiyalarda legitim olan qanun deyil, adət-ənənədir və s.

 2. LEGİTİMLİyi kim və necə verir? LEGİTİMLİYİ verən Mən, Sən və Odur, yəni hər bir cəmiyyət üzvüdür. Bəs bunu necə edirik?  Həmin proses iki formada həyata keçir:

1. Özümüzün istəyi ilə, könüllü, bilərəkdən,  şüurlu olaraq (liberal, demokratik cəmiyyətlərdə olduğu kimi).

2. Bilmədən (qanmazlıqdan), səbatsızlıqdan (avtoritar, diktatura rejimlərində olduğu kimi). İkincidən DİKTATORLAR məharətlə istifadə edirlər.

1. Birincidə Mən, Sən və Onun, yəni hər bir, yaxud əksər cəmiyyət üzvünün maraqlarının kəsişdiyi ortaq məxrəci təmin edən ideologiya olur. Həmin ideologiyanı hamılıqla qəbul edirik və buna uyğun da idarəçilik qururuq. Bu zaman RAZILAŞMAmızın - tutaq ki, QANUNUN aliliyini qəbul etmiş oluruq. Burada Mən, Sən və Onun – bizim  tərəfimizdən qəbul edilmiş qaydalar alidir və onun legtimliyi mövcuddur.

2. İkincidə isə ideologiya, demək olar ki, yoxdur, şəxsiyyətə pərəstişlik var. Buna uyğun olaraq da, bir şəxsin və onun tayfasının şıltaqlıqlarına təzim edən, xidmət göstərən eybəcər və əzazil bir idarəçilik mövcud olur. Belə halda, İMİTASİYA LEGİTİMLİYİ əldə etmək DİKTATOR üçün bir zərurətə çevrilir ki, onun leqallığını göstərən görüntü yaransın. Bu da bir sıra üsullarla reallaşdırılır. Məsələn: 1. Yaltaq (özünü satmış) “ziyalı”lar (bax. Ziyalı necə olmalıdır? https://birgeraz.blogspot.com/2020/06/11-birg-razilasma-v-ziyali-institutu.html ) – yəni əslində diplomlular piştaxtaya çıxarılır ki, səhərdən axşama qədər bütün platformalarda öz cılız, dayaz, gülünc, primitiv məntiqləri ilə DİKTATORun şəninə mədhiyyələr söyləsinlər, onu feyziyyab etsinlər. Burada da diktator iki məqsəd güdür: a. ZİYALI İNSTİTUNU gözdən salsın, b. Kütləni, insanları gipnoz etməklə öz hakimiyyətinin LEGİTİM olduğuna onları inandırmağa nail olsun. 

 Ümumiyyətlə, ikinci üsul hiyləgərliklə, incə şəkildə həyata keçirilir ki, hətta ziyalıların əksəriyyəti belə bunu ayırd edə bilmir. Məsələn; tutaq ki, deputat seçkiləri keçirilir. Amma fakt budur ki, SEÇKİ İNSTİTUTU (bu barədə növbəti yazıda) məqsədli şəkildə sıradan çıxarıldığından normal seçkidən söhbət gedə bilməz. Bunu hamı, o cümlədən də Məşədi adlı bir ziyalı da bilir (Belə “seçki”   DİKTATORA ona görə lazımdır ki, legitim olduğuna dair görüntü yaratsın, əslində isə situasiya tamam fərqlidir). Xülasə, “seçki” keçirildi və Məşədi adlı həmin ziyalının tanıdığı, iş yoldaşı, yaxud qohumu, tanışı və s. Fatmanisə xanım deputat “seçildi” (əslində təyin olundu).

Məşədi siyasi səbatsızlığı ucbatından Fatmanisəni hansısa ictimai platformada (sosial şəbəkələr və s.) təbrik edir. Bu zaman nə baş verir? Əslində Məşədi Fatmanisəni tanışı (qohum, iş yoldaşı və s) olduğuna görə,  öz aləmində onu yaxşı adam kimi səciyyələndirərək təbrik edir. Bununla da fərqinə varmadan  DİKTATORUN qurduğu incə tələyə düşür. Özü də bilmədən, istəmədən DİKTARORA dəstək olur və ona İMİTASİYA LEGİTİMLİYİ verir. Bu isə ictimai platformada həmin ZİYALINI izləyənləri də çaşdırır.  Məşədi özü də başa düşür ki, “seçki” qutusundan çıxan “ad” əslində əvvəlcədən qurulmuş oyunun nəticəsidir və onun təbriklədiyi “deputat” xalq tərəfindən seçilməyib, rejim tərəfindən təyin olunub. Lakin yazıq Məşədi bunu əlaqələndirə bilmir ki, onun alqışladığı “deputat”  SEÇKİ İNSTİTUTUNU dağıdan diktatura rejiminin vacib bir elementidir.

 Beləliklə də, bədbəxt Məşədi fərqdinə olmadan bu təbriki ilə mahiyyətcə DİKTARURA REJİMİNƏ İMİTASİYA LEGİTİMLİYİni vermiş olur ki, bu da rejimə hava-su kimi lazımdır.

Əslində isə Məşədi, Fatmanisəni bu saxtakarlıqda iştirak etdiyinə və cəmiyyəti həm də aldatdığına görə, nəinki təbrik etməli, əksinə heç onu adam yerinə də qoymamalıdır. Onun saxtakar bir idarəetmənin elementi olduğunun anlamalı və  cəmiyyətə də bunu yansıtmalıdır.

Deməli, aydın oldu ki, istənilən bir GÜCə (şəxsə, qanuna, dövlətə və s.) legitimliyi cəmiyyət verir, bilərkdən (birinci halda), yaxud da bilmədən (ikinci halda).

 3. LEGİTİMLİYİ kimdən və necə alırıq? Bu proses bir qədər mürəkkəb görünsə də, detaları ayırd edib nəzər salanda çox mətləblər aydınlaşır. Artıq bildiyimiz kimi, LEGİTİMLİYİ cəmiyyət verdiyindən məhz toplumdan onu almağımız labüdləşir. Bunun isə çoxsaylı üsulları, yolları var. Bəzilərinə diqqət yetirək.

İlk növbədə cəmiyyətə sağlam, möhkəm, güclü, fundamental bir ideologiya təqdim etmək lazımdır. Həmin ideologiya elmi əsaslı, məntiqli, və həqiqətən cəmiyyət üçün faydalı olmalıdır.

İkincisi, həmin ideologiyadan doğan məqsəd və məramlar aydın, müffəssəl, detallı şəkildə düşünülməli, götür-qoy edilməli (müxtəlif peşəkarların iştirakı ilə) və bütün bunların fonunda maksimum dəqiq bir strategiya, strateji yol xəritəsi hazırlanmalıdır.

Üçüncüsü, strateji hədəflərə çatmaq üçün mütləq şəkildə elastik, dinamik, çevik taktiki gedişlərdən, üsullardan istifadə edilməlidir. Proses zamanı işə yaramayan taktikalar yubanmadan müəyyən edilməli və dərhal çevik bir halda dəyişdirilməlidir və s.

Biz bilməliyik ki, əgər fikirlərimizə inanmayırlarsa, deməli, problemi ya bizim ideyada, ya strategiyada, yaxud da taktiki gedişlərdə axtarmalıyıq. Yəni cəmiyyəti bu baxımdan suçlamağı tərgitməliyik.  Toplumda, əlbəttə, çatışmazlıqlar kifayət qədərdir və olacaq da lakin bundan danışmağın heç bir faydası olmadığına görə öz işimizə fokuslanmalıyıq, çözüm yolunu özümüzdə axtarmalıyıq və s.

4. BİRGƏ RAZILAŞMA necə LEGİTİMLƏŞİR?. BİRGƏ RAZILAŞMA haqqında əvvəlki yazılarda geniş formada bəhs etmişik (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ).

Bu konsepsiya hər kəs tərəfindən məqbul sayıla bilən əzəli, əbədi bir hüququnun – İNSANın (FƏRDin)  XOŞBƏXT olmaq kimi təməl haqqının təmin edilməsi tezisi üzərində qurulub. Yəni bu dünyada hər bir normal insanın ən böyük istəyi, arzusu, diləyi XOŞBƏXT olmaq, XOŞBƏXT yaşamaqdır. Buna görə də təqdim etmək istədiyimiz sözügedən KONSEPSİYA əslində hər kəsin marağına cavab verir. Beləliklə, İNSANın, FƏRDin (hər bir şəxsin)  XOŞBƏXT olmasının təmin edilməsi üçün BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın başlıca təməl müddəalarını bir daha diqqətə çatdıraq:

1.   Mən, Sən və O (yəni insan) ən ali varlıqıq.

2.   Mənim (hər bir insann, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.

3.   Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.

4.   Mənim azadlığım yalnız və yalınız Sənin və Onun hüquqları, haqları başlayan yerdə bitir.

5.   Mən, Sən və Onun birliyi suverendır (müstəsna səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri olmaq deməkdir. Bu suverenlik, müstəsna səlahiyyət bizə yuxardakı müddəaları nəzərə alaraq istədiyiimiz kimi fəliyyət göstərməyimizin zəminidir. Həmin müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik.

6.   Qəbul etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni hər birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər cəzalandırılmalıdır.

7.   BİRGƏ RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız Mənim, Sənin və Onun (hər bir nəfərin) razılığı ilə dəyişdirilə bilər.

BİRGƏ RAZILAŞMA KONSEPSİYASIının LEGİTİMLİK qazanması aşağıdakı mərhələlərdən keçir:

1. İlk növbədə BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı və onun bütövlükdə  İNSANın (FƏRDın) yaşam tərzini necə biçimlədiyini müəyyən edən tezisləri öyrənib tanış olmaq, fəlsəfəsini dərk etmək;

2. KONSEPSİYAnı heç bir təzyiq olmadan, yalnız və yalnız şüurlu şəkildə könüllü olaraq qəbul etmək.;

3. KONSEPSİYAnı ilk növbədə, tədricən şəxsən öz yaşam tərzinə yansıtmaq (yəni tələblərə əməl etmək), real şəraitdə tətbiq etmək;

4. KONSEPSİYAnı onun öz təməl prinsiplərinə, fəlsəfəsinə uyğun şəkildə təşviq etmək.

 Beləliklə, BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna LEGİTİMLİYİ Mən, Sən və O, yəni cəmiyyət üzvləri qazandırmış olur.

 

Ramin Allahverdi

 

 

 

 

 

Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU