13. BİRGƏ RAZILAŞMA VƏ DİNİ KİMLİK

13. BİRGƏ RAZILAŞMA VƏ DİNİ KİMLİK

Əvvəlki yazılarımızda BİRGƏ RAZILAŞMAnın nə olduğunu ətraflı şəkildə izah etmişdik (əlavə məlumat üçün sondakı qaynaqlara bax: 1; və 2).  Ona görə də burada DİNİ KİMLİK məsələsini aydınlaşdırmağa və BİRGƏ RAZILAŞMA kontekstində nəzərdən keçirməyə çalışacağıq.  
Bildiyimiz kimi, “KİMLİK” bizim hər hansısa bir öhdəliklərimiz, vəzifəmiz, işimiz, mövqeyimizlə və s. əlaqadar olan statusumuz deməkdir (yəni, bizim hər hansısa bir istiqamətə uyğun funkisonal vəzifə öhdəçiliyi daşımağımızdır). Bir şəxs müxtəlif kimliklərlə təmsil oluna bilir. Məsələn, mən kimisə öyrədirəmsə, dərs aparıramsa, bu, mənim müəllim kimliyim olur. Maşın sürürəmsə, sürücü kimliyi daşıyıram. Xəstəni müalicə edirəmsə, həkim kimliyim var, valdeynlərim qarşısında övlad kimliyi daşıyıram və s (bax: 3.).
Bu kimliklərin arasında ən üstün sayılan kimliyimiz, əlbəttə, İNSAN olmağımızla bağlıdır. İNSAN (FƏRD) KİMLİYİ bizim hər bir cəmiyyət üzvümüzün - Mən, Sən və Onun ən ali kimliyidir. İNSAN (FƏRD) olma kimliyimiz ən ali olduğundan bütün digər kimliklər bir pillə ondan aşağı statusda dayanırlar. Bu kimliyin aliliyi Mən, Sən və Onun (hər bir cəmiyyət üzvünün) hamılıqla razılığa gələrək legitimlik verdiyi və buna görə də birbaşa hüquqi qüvvə qazanmış olan BİRGƏ RAZILAŞMAnın təməl tezisi kimi təsbitlənmişdir (bax: 1; və 2).
 Əvvəlki yazılarda göstərdiyim kimi, hər birimizin AZAD və XOŞBƏXT yaşamasını təmin etmək üçün BİRGƏ RAZILAŞMAya əsaslanan və bizə xidmət göstərməli olacaq nəhəng, güclü bir mexanizm - DÖVLƏT yaratmış olmuşuq. DÖVLƏTi yaratdığımıza görə qurduğumuz DÖVLƏTlə bizim İNSAN (FƏRD) KİMLİYİ arasında yeni bir münasibətlər formalaşdığından həmin münasibətlər müstəvisində Mən, Sən və Onun (yəni cəmiyyət üzvlərinin), yeni bir VƏTƏNDAŞ KİMLİYİ meydana gəlmiş olur. Beləliklə, DÖVLƏTLƏ münasibətlər kontekstində İNSAN (FƏRD) KİMLİYİmizi özümüzə hüquqi biçim verən VƏTƏNDAŞ KİMLİYİ ilə qismən əvəzləmiş oluruq. Bu mənada meydana çıxan VƏTƏNDAŞ KİMLİYİMİZ İNSAN KİMLİYİndən savayı bütün digər kimliklərdən (etnik, dini, irqi, cinsi, sosial, ictimai, regional və s. kimliklərdən ) status baxımından yuxarıda dayanmış olur (VƏTƏNDAŞ KİMLİYİ barədə ətraflı bax: 3)
DİNlə bağlı istənilən mövzu birbaşa insanın hissləri, emosiyaları ilə bağlı olduğundan kifayət qədər həssas mövzulardandır. Dərin tarixi kökləri olan DİNin, dini inancların minilliklər boyunca insanların həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilməsi və beləliklə də birbaşa şüuraltında köklü iz salması çox zaman bu mövzuya rasional yanaşmanı çətinləşdirir. Ümumiyyətlə, inanclı insanların əksəriyyəti bu mövzuya yanaşmada çox vaxt emosianal reaksiya verirlər (xüsusilə fanatlar). Ona görə də bu yazıda dini məsələlərə toxunmadan ümumi şəkildə DİNİ KİMLİK məfhumuna aydınlıq gətirməyə çalışaq.
Bəs, DİNİ KİMLİK nədir, və BİRGƏ RAZILAŞMA konsepsyasına görə hansı statusdadır?  DİNİ KİMLİK ilk növbədə insanın (fərdin) bu və ya digər dinə sitayiş etdiyinə, etiqad göstərdiyinə görə yaranan kimliyidir. Yəni, DİNİ KİMLİK - Mən əgər İslama etiqad göstərirəmsə müsəlman, Sən Xristianlığa etdiqad göstərirsənsə xristian, O, Buddizmə etiqad göstərirsə buddist və s. olaraq, bizim müxtəlif din və məzhəblərə iman gətirdiyimizdən doğan kimliklərimizdir.
Reallıq budur ki, müxtəlif din və məzhəblərlə (təriqət və s.) tanış olduqda aydın olur ki, hər bir din və ya məzhəb (təriqət və s.) digərləri ilə müqayisədə özünün daha yaxşı və düzgün olduğunu iddia edir. Bunu sübut etmək o qədər asandır ki, istənilən inanclı bir şəxsə sual versən ki, ən yaxşı din (məzhəb, təriqət və s.) hansıdır, heç şübhəsiz, özünün təmsil olunduğu dini göstərəcəkdir (elə ilk növbədə özünüzdən soruşun). Bu, onunla bağlıdır ki, istənilən din (məzhəb, təriqət və s.) ümumiləşdirilmiş formada yumşaq desək insaları iki qismə ayırır (yəni ayrı-seçkiliyə yol vermiş olur); həmin dini qəbul edənlər və onu qəbul etməyənlər. Sonuncu din sayılan İslamda belə insanların ona münasibətdə (iman gətirib-gətirməməyə görə) müsəlman və kafirlərə bölünməsi də bir gerçəklikdir.
Bəs İNSANA inanclarına görə fərqli, ayrımçı münasibət göstərmək doğrudurmu? Bir qədər məsələyə rasional olaraq (ilk növbədə emosianallıqdan kənar), düşüncənin, elmin, ağlın işığında yanaşsaq müəyyən ortaq nəticələr hasil etmiş olarıq.
BİRGƏ RAZILAŞMAnı qəbul edənlər, Mən, Sən və O (cəmiyyət üzvləri) ümumiyyətlə, bu məsələyə də özünün təməl prinsipi müstəvində rasional nəzər salır. Yəni İNSAN (FƏRD) yer üzünün ən ali varlığıdır (əşrəfidir) və onun bu İNSAN KİMLİYİ bütün kimliklərdən üstündür. Bu mənada bütün dinlər (məzhəblər, təriqətlər və s.) İNSAN (FƏRD) KİMLİYİ qarşısında bərabərdir. Yəni heç kəsin DİNİ KİMLİYİ digərindən üstün deyil. Heç kəs özünün mənsub olduğu dinin (məzhəbi, təriqətin və s.) başqalarının dinindən (məzhəb, təriqətindən və s.) üstün olduğunu iddia edib qarşıdırma yarada bilməz, qarşısındakı İNSAN KİMLİYİ  daşıyan FƏRDİ ayrı-seçkiliyə məruz qoya bilməz.  
Cəmiyyətdə BİRGƏ RAZILAŞMA əsasında qurduğumuz DÖVLƏTdə də istənilən DİNİ KİMLİK İNSAN və VƏTƏNDAŞ KİMLİYİndən üstün tutula bilməz. Bu o deməkdir ki, əgər Mən, Sən və O, yəni biz BİRGƏ RAZILAŞMA əsasında yaratdığımız cəmiyyətdə və DÖVLƏTdə yaşayırıqsa, heç kəs onun inandığı dinə etiqad göstərməyən (müsəlman, xristian, buddist və s. olub-olmadığına görə) digərlərinə qarşı ayrı-seçkilik edə bilməz, əks halda cəzası qaçılmazdır.
 BİRGƏ RAZILAŞMAYA görə hər kəs öz istədyi DİNə (müəlman, xristina, buddist və s.) ibadət etməkdə yaxud da heç bir dinə etiqad etməməkdə tamamilə azaddır və öz inanclarını, etiqadlarını sərbəst şəkildə həyata keçirə, təbliğ edə bilər, tək bir şərtlə ki, digər İNSANIN hüquq və azadlıqlarını pozmamış olsun.
Beləliklə, BİRGƏ RAZILAŞMA konsepsiyasına görə cəmiyyətdə və DÖVLƏTdə DİNİ KİMLİK İNSAN və VƏTƏNDAŞ KİMLİYİndən hüquqi baxımdan aşağı statusdadır. Öz DİNİ KİMLİYİni üstün tutub qarşudurma yaradanlar BİRGƏ RAZILAŞMANIN fundamental müddəalarını pozmuş sayılır və mütləq cəzalandırılırlar.

Qaynaqlar:
Ramin Allahverdi


Comments

Popular posts from this blog

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİNİN NİZAMNAMƏSİ

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU