BİRGƏ RAZILAŞMA və GÜNDƏM

 

BİRGƏ RAZILAŞMA və GÜNDƏM

 

 GÜNDƏM nədir? GÜNDƏM nə üçün lazımdır? Gündəm məsələsi həddindən artıq əhəmiyyətli strateji məqamlardan biridir. İlk növbədə onu bildirməliyəm ki, ideologiyaların mütləq əksəriyyəti, demək olar ki,  FƏRDin maraqlarını öz qrup, partiya, təşkilat, cəmiyyət, dəstə  və s. maraqlarına qurban verir. BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın digər ideologiyalardan üstünlüyü həm də ondadır ki, sözügedən konsepsiya məhz birbaşa Fərdin maraqları üzərində qurulmuşdur və özünün əsas yeddi müddəası ilə insanın xoşbəxt yaşamasının konkret düsturunu müəyyənləşdirmək iqtidarındadır (bax: https://birgeraz.blogspot.com/2020/06/1-birg-razilasma-konsepsiyasi.html ). Buna görə də, FƏRD əslində BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı dəstəkləməklə, eyni zamanda, müstəqim surətdə özünün maraqlarını, özünü dəstəkləmiş olur (bax:   https://birgeraz.blogspot.com/2021/11/birg-razilasma-konsepsiyasi-kitab.html ).

Gündəm məsələsi, qeyd etdiyimiz kimi, olduqca vacib strateji nüanslardan olduğundan, gündəm yaratmaqla toplumda müxtəlif qruplar (iqtidar, müxalifət, dini qruplar və s.) öz ideologiyalarını möhkəmləndirmək, məqsəd və məramlarına nail olmaq üçün ondan həm açıq-aşkar, həm də örtülü şəkildə istifadə edirlər.

Qeyd edim ki, GÜNDƏMin ümumilikdə iki tipini fərqləndirə bilərik: Spontan – yəni proqnozlaşdırılmamış, əvvəlcədən təşkil edilməmiş, təbii (cəmiyyətdə və təbiətdə baş verən fövqalədə vəziyyətlər, fors-major halları və s.) və süni, yəni təşkil edilmiş gündəm. SÜNİ GÜNDƏM müxtəlif maraqlı dairələr (hökumət, iqtidar, müxalifət, ayrı-ayrı dini qruplar, siyasi partiyalar və s.) tərəfindən bilərəkdən çeşidli məqsədləri həyata keçirmək niyyətilə yaradılır.

Ümumiyyətlə, maraqlı qüvvələr GÜNDƏMi bir qayda olaraq, öz niyyətlərinə uyğun şəkildə spekulyasiya etməyə çalışırlar. Bu yazıda əsas məqsədim SÜNİ GÜNDƏMin qurbanı olmamaq üçün diqqət yetirilməli vacib məqamlardan bəhs etməkdir.

Beləliklə, ilk növbədə bilməliyik ki, SÜNİ GÜNDƏMi yaradan maraqlı qüvvələrin başlıca məqsədi (özləri fərqində olsa da, olmasa da) öz niyyətlərini, məqsədlərini toplumun SOSİAL REALLIĞIna (bax: SOSİAL REALLIQ nədir? https://birgeraz.blogspot.com/2021/04/25-birg-razilasma-v-sosial-realliq.html) çevirməkdir.

 Məlum olduğu kimi, GÜNDƏM məfhumu insanın məlumatalma tələbatı ilə bağlıdır. Yəni insanın qida, geyim və s. tələbatları ilə yanaşı mənəvi təlabatları da vardır. Bunların içərisinə daxil olanlardan daha vacibi məlumat almaq tələbatıdır. Həmin mənəvi tələbatın olduğunu müxtəlif maraqlı dairələr də yaxşı bildiyindən sözügedən həssas məsələdən maksimum şəkildə öz xeyirlərinə istifadə etməyə çalışırlar.

Maraq dairələrinin  yaratdığı SÜNİ GÜNDƏMi təhlil etməklə istifadə məqsədlərini səciyyələndirən bir sıra aşağıdakı xarakterik xüsusiyyətləri müəyyənləşdirmiş oluruq: 

1. Məqsədli şəkildə dezinformasiya yaymaqla cəmiyyətin nəbzini yoxlamaq, bu və ya digər məsələyə reaksiyasını müəyyənləşdirmək və adekvat hərəkətlər etmək. Məs., hansısa deputatcığaz deyir ki, “Azərbaycan əhalisi uzun ömürlüdür, ona görə də, pensiya yaşını 70 yaşa qaldırmaq lazımdır”.

Təzadlı hal ondadır ki, belə deputatcığazları və söylədikərini gündəmdə fərqində belə olmadan saxlayan əsas adamlar məhz onu tənqid edənlər, o cümlədən də onu söyənlər, müxalif düşüncəli, narazı adamlardır. Lakin həmin adamlar heç vaxt bunun fərqinə vara bilmirlər ki, onlar belələrini söyməklə gündəmdə saxlamış olurlar (ən yaxşı reklam antireklamdır, bu barədə bir qədər sonra ətraflı bəhs edəcəyik).

 

1.    TƏBİİ GÜNDƏMdən – birbaşa Fərdin həyatı ilə bağlı mövzulardan (sosial rifah, inkişaf, xoşbəxt həyat tərzi, hüququn aliliyinin təminatı, eləcə də geniş yayılmış korrupsiya və rüşvətxorluq halları, hər gün vətəndaşların hüquqlarının yekəqarın məmurlar tərəfindən pozulması faktları və s.) diqqəti yayındırmaqdan ötrü cəmiyyətin irrasional davranışı (dini inancları, vətənpərvərlik hissləri və s.) ilə əlaqəli həssas mövzuları ortalığa atmaq. Dini inanclar, xüsusilə, geniş manipulyasiyaya asanlıqla açıq mövzulardandır. Məsələn, tutaq ki, hansısa Hacı Kütbeyin buyurur ki, “camaat, bilin ki, hansı qadın qaşını alırsa, o biri dünyada cəhənnəmə gedəcək!” Yaxud da kimsə deyir ki, “Əbdülqəni peyğəmbər pedofil olub”. Dərhal həmin peyğəmbərin pərəstişkarları hay-həşir qoparacaq ki, bəs bizim Əbdülqəni peyğəmbər müqəddəs olub, ona böhtan atanlar edam edilsin, kəsilsin  və s. 

2.    Çaşqınlıq yaratmaq; Məsələn, BİRGƏ RAZILAŞMA KONSEPSİYASI bildirir ki, cinsi azlıq nümayəndələri də insan kimliyini daşıdıqlarından onların bütün insan hüquq və azadlıqları başqaları ilə bərabər ölçüdədir (bax: https://birgeraz.blogspot.com/2021/02/23-birg-razilasma-v-cinsi-azliqlar-lgbt.html ). Yəni o həm də öz cinsi oriyentasiyasına uyğun birisi ilə cinsi münasibətdə ola, hətta ailə həyatı da qura bilər. “Namuslu, qeyrətli cəngavərlər” məqsədli şəkildə hay-həşir salırlar ki, “Ay haray, qeyrət əldən getdi, bunlar “qaluboyluğu” təbliğ edirlər” və s.  

İndi isə analiz edək görək müxalif qüvvələr özləri də bilmədən iqtidarın SÜNİ GÜNDƏMini necə tirajlayırlar?

Sualı cavablandırmazdan öncə qeyd edim ki, bu gün sevindirici haldır ki, sosial şəbəkələr kimi senzuradan uzaq olan informasiya vasitələri kifayət qədər təsir imkanlarına malikdir. Bu, demək olar ki, AZAD MƏTBUAT (bax: https://birgeraz.blogspot.com/2020/06/9-birg-razilasma-v-azad-mtbuat.html ) rolunu oynayır. Ona görə də, avtoriat ölkələrdə iqtidarın milyonlar xərcləyərək saxladığı KİV-lər sadəcə olaraq özünün əsl olmalı yerinə - zibil qutusuna düşmüş olur.

Buna görə də, xüsusilə, həmin avtoritarlar müxtəlif üsullar axtarırlar ki, sosial şəbəkələrə də ayaq açıb güclənsinlər. Məhz bunun nəticəsidir ki, maliyyələşdirilən “trol” dəstələri tez-tez sosial şəbəkələrdə görünürlər.  Lakin sosial şəbəkələr təbiət etibarilə azad bir ortam olduğundan (çünki fərdin istifadəsindən asılıdır)  “milçək bir şey deyil, könül bulandırar” məsəlində deyildiyi kimi,  "trol”ları (müxtəlif maraq dairələrinin – iqtidar, dini qruplar və s. – sosial şəbəkə nökərləri) istifadə etməklə, məqsədli dairələr bu cür könül bulandırıcılıqdan irəli gedə bilmirlər. Ona görə də, bir qayda olaraq, avtoritar iqtidar başqa bir yola əl atır və müxalif nümayəndələri, fəalları,  vətəndaş cəmiyyəti nümayəndələrini incə bir şəkildə, xəbərləri belə olmadan prosesə cəlb etməyi, təəssüf ki, bacarır. Bu fəaliyyət elə incə şəkildə və hiyləgərliklə aparılır ki, əksər vaxtı səmimi mübarizə aparan müxalif düşərgə nümayəndələri bu tələyə düşürlər.

Gəlin, bəzi nümunələr əsasında izah edək, görək, iqtidar SÜNİ GÜNDƏMi müxalifət nümayəndələrinin əli ilə necə tirajlayır və ya gündəm yaradır.

Məsələn, tutaq ki, iqtidarın nökəri Rəzalət adında bir jurnalist özünün “Qaşqaldaq yığını” verilişinə qonaq çağırdığı hansısa Cənub adlı bir müğənnini efirdə aşağılayır və qovur. Vəssalam, aylıq SÜNİ GÜNDƏM hazırdır. Problem ondadır ki, müxalifət nümayəndələri iqtidarın nökəri Rəzaləti tənqid atəşinə tuturlar, söyürlər və s. elə burada onlar tələyə düşürlər (antireklam ən uğurlu reklamdır). Məsələn, mama müxalifət liderciyi Şahqulu söyləyir ki, “Rəzalətin Cənub kişini aşağılamasını şiddətlə qınayıram, yolverilməz hesab edirəm. Bu, biabırçılıqdır...” və s.

İndi isə həssas cizgilərə diqqət yetirək. Lidercik Şahqulunun belə bəyanatı nəyə və kimə, necə xidmət etmiş olur? Təbii ki, Şahqulunun reaksiyası hüquqi baxımdan doğrudur, çünki bir şəxsin hansısa verilişdə və yaxud ortamda (təklikdə) başqasını təhqir etməsi, həqiqətən də, yolverilməzdir və s. toplumu çaşdıran da məhz məsələnin bu tərəfidir ki, Şahqulu həqiqəti deyir də.

Halbuki Şahqulu belə reaksiyası ilə bütöv bir toplum (xalq) üçün həyati önəm daşıyan siyasi proseslərə ağır zərbə vurmuş olur (bilərəkdən, yaxud da bilməyərəkdən, nəticə eynidir). Necə? – ilk növbədə ona görə ki, iqtidar məqsədli şəkildə, qəsdən cəmiyyətin diqqətini özünün əhəmiyyət kəsb edən problemlərindən, həyati məsələlərindən uzaq tutmaq üçün TV-lərində yaratdığı proqramlarından biri olan “Qaşqaldaq yığını” verilişini müxalif ortamda SÜNİ GÜNDƏMə çevirməyə siyasi məfkurədən yoxsul Şahqulunun vasitəsilə nail olmuş olur (fərqi yoxdur Şahqulu bu vasitəçiliyi qəsdən və ya bilmədən edir, nəticə eynidir). Bu da iqtidar üçün ən gözəl rasional nəticədir. Bəs Şahqulu nə qazanır? – Qısa bir müddət  ərzində özünü “yaxşı oğlan” kimi gündəmləşdirməklə, müxalifətdəki bəlli çərçivədəki yerində möhkəmlənmiş  olur. Bəs yenə kim itirir? – Toplum, xalq. Necə? – Çünki onun həyati məsələləri yenə də bir müddətlik kənara atılır, yaddan çıxarılır və s.

SÜNİ GÜNDƏMin sürətlə yayılmasına səbəb olan amillərdən biri də insan beyininin fizioloji xüsusiyyətlərinə uyğun olaraq yüngül informasiya (əyləncəli, bəsit, gülməli, emosional, bir sözlə, dərin düşüncə tələb etməyən mövzular) şəklində ortalığa atılması ilə bağlıdır. Buna həm də insan təbiətinin mühüm tərkib hissəi olan SÜRÜ psixologiyası (bandwagon effect) təhrikedici dərəcədə imkan yaratmış olur.

Məs., tutaq ki, sən feysbuk səhifəsini və ya yutub kanalını izləyərkən, bəyənməzdən qabaq bəyənənlərin sayına qeyri-ixtiyari diqqət yetirirsənsə və yalnız bundan sonra əgər bəyənənlər çoxdursa, sənin də daxilindən sövq-təbii olaraq bəyənmək keçirsə, bu o deməkdir ki, sən SÜRÜ psixologiyasının (şüuraltının) təsiri ilə  bəyənməni etmiş olursan. Ona görə də SÜNİ GÜNDƏMin gündəmləşməsinə fərqinə varmadan imza atmış olursan. Əgər sən mətni tam oxuduqdan və ya hansısa videonu izlədikdən sonra təhlil edərək rasional şəkildə anlayırsansa və bəyənməni məqsədli (faydalı hesab etdiyin üçün) edirsənsə, məhz bu zaman sən artıq şüurlu vəziyyətdə qərarı vermiş olursan ki, bununla da SÜNİ GÜNDƏM təsirini neytrallaşdırmış olursan.

Ümumiyyətlə,  müxtəlif maraqlı dairələrin “SÜNİ GÜNDƏM” tələsinə düşməmək üçün insanlar, xüsusilə də, BİRGƏ RAZILAŞMA CƏMİYYƏTİ (BRC) nümayəndələri aşağıdakı məqamları diqqətdə saxlamalıdırlar:  

 

1.     İlk növbədə BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın aydın şəkildə təqdim etdiyi strategiya (bax: https://birgeraz.blogspot.com/2021/06/26-birg-razilasmanin-strateji-saslari.html ) üzrə hərəkət edilməlidir. Həmin sadə strategiyanı bir daha qısaca xatırlasaq, əyan oluruq ki, birinci strateji addım FƏRDin dünyagörüşündə bütövlükdə köklü fərqindəlik yaratmaq iqtidarında olan BİRGƏ RAZILAŞMA KONSEPSİYASInı  dərindən öyrənməkdir, mənimsəmək, araşdırmaqdır. Bu öyrənmə prosesi insana həm də  imkan verir ki, SÜNİ GÜNDƏMi asanlıqla müəyyənləşdirib onu neytrallaşdıra bilsin.

2.    İkinci strateji addım isə odur ki, FƏRD BİRGƏ RAZILAŞMA KONSEPSİYASInın tezislərini öz yaşam tərzində tədricən tətbiq etməklə faydalı vərdişlər qazanmış olsun. Səbəb odur ki, həmin faydalı bilgiləri vərdişlərə çevirə bilsək, davranışlarımız da son dərəcə faydalı olmuş olur.

3.    Üçüncüsü isə, FƏRDin əvvəlki hər iki strateji addımı yerinə yetirdikdən sonra (yaxud paralel olaraq) BİRGƏ RAZILAŞMA KONSEPSİYASIna dair bütün bilgilərini müzakirə etməsi, aydınlaşdırması və başqalarına öyrətməsidir. Bununla da, əslində FƏRD, xüsusilə, BRC nümayəndəsi özü müstəqil şəkildə faydalı GÜNDƏM yaratmış olur. Yadda saxlamaq lazımdır ki, 3-5 nəfər arasında öz SÜNİ GÜNDƏMini yaratmaq milyonlarla insanın izlədiyi SÜNİ GÜNDƏMə qoşularaq onu GÜNDƏM etməkdən qat-qat faydalıdır.

Ramin Allahverdi

 

Comments

Popular posts from this blog

“BİRGƏ RAZILAŞMA KONSEPSİYASI” kitabı

DÖVLƏT DİLİNİ KİM QORUMALIDIR?

BİRGƏ RAZILAŞMA VƏ SEÇKİ İNSTİTUTU